top of page

Həzrət Əbdül-Bəhanın Önəmli Rolu

 

“Nadir halda olar ki, kiminsə görünüşü məndə daha dərin təəssürat buraxsın,” Həzrət Əbdül-Bəha ilə görüşdükdən sonra Kembric Universitetinin professoru Edvard Q. Braun demişdi. “Bu insanın böyüklüyü və Onun qüdrəti haqqında Onu görən heç kəs şübhə edə bilməz.”

 

Amma Həzrət Əbdül-Bəhanın şəxsiyyəti nə qədər cəzbedici yaxud Onun bəsirəti nə qədər nüfuzedici olsa da, bu cür təriflər din tarixində misli olmayan bir şəxsiyyəti lazımınca dəyərləndirə bilməz. Bəhai Yazıları təsdiq edir ki, “Həzrət Əbdül-Bəhanın şəxsiyyətində insan təbiəti ilə fövqəl-insan biliyi və kamilliyinin bir-birilə uyğun olmayan xüsusiyyətləri birləşir və tam uyğunlaşır.”

 

Həzrət Bəhaullahın Əhdinin Mərkəzi

Dini xələflik məsələsi bütün dinlərdə son dərəcə mühüm olmuşdur. Məsələn, Həzrət İsa və Həzrət Məhəmmədin həqiqi xələflərinin ətrafında olan qeyri-müəyyənliklər müqəddəs yazıların müxtəlif şərhlərinə və həm xristianlıqda, həm də islamda dərin ixtilaflara gətirib çıxardı.

 

Həzrət Əbdül-Bəha vasitəsilə Həzrət Bəhaullahın hamının üz tutacağı bir Mərkəzi təmin etməsi elə bir vasitə idi ki, onunla O, ümid və ümumdünya sülhü Müjdəsini dünyanın hər bir guşəsinə yaya bildi. Bu Əhd elə bir alət idi ki, Bəhai İcmasının birliyini təmin etdi və Həzrət Bəhaullahın təlimlərinin bütövlüyünü qorudu. Bir Mərkəz olaraq Həzrət Əbdül-Bəhasız Həzrət Bəhaullahın Vəhyinin nəhəng gücü insanlığa ötürülə bilməz, nə də onun mənası tamlığı ilə anlaşıla bilərdi.

Həzrət Əbdül-Bəha Atasının Dininin təlimlərini şərh etdi, onun ehkamlarını genişləndirdi, onun inzibati təsisatlarının əsas xüsusiyyətlərinin konturlarını verdi. O qüsursuz bir rəhbər və sürətlə genişlənən Bəhai icmasının memarı idi. Bundan əlavə, Həzrət Əbdül-Bəha şəxsi və ictimai davranışında elə bir kamillik nümunəsi göstərdi ki, bəşəriyyətə bununla özünü bənzətmək üçün daimi bir model verilmiş oldu.

Həzrət Əbdül-Bəha Çikaqoda, Plimut Kilsəsində

5 may 1912

Həyati Həqiqətlərin Bəyanı

Yazılarında və səfərlərində Həzrət Əbdül-Bəha aparıcı fikir adamlarına, habelə, saysız-hesabsız qrup və fərdlərə müəyyən həyati vacib həqiqətləri bəyan etdi. Bu həqiqətlər arasında bunlar vardır: “Mövhumat və ənənədən azad olmaqla həqiqətin müstəqil axtarışı; Bəhai dininin mərkəzi prinsipi və təməl ehkamı olan bütün insan nəslinin birliyi; bütün dinlərin təməldə birliyi; bütün təəssübkeşliklərin – dini, irqi, sinfi və ya milli – rədd edilməsi; elm və din arasında harmoniya; kişi və qadınların bərabərliyi – bəşər quşunun uça biləcəyi iki qanad; icbari təhsilin tətbiqi; ümumdünya köməkçi dilin qəbul edilməsi; ifrat yoxsulluq və zənginliyin aradan qaldırılması; dövlətlər arasındakı mübahisələrin həlli üçün beynəlxalq məhkəmə institutu; xidmət ruhunda görülmüş işin ibadət səviyyəsinə qaldırılması; insan cəmiyyətinin idarə olunmasında idarəedici prinsip kimi ədalətin olması və bütün xalqların və millətlərin mühafızəsi üçün dinin dayaq kimi yüksək tutulması; bütün bəşərin ali məqsədi olaraq daimi və ümumdünya sülhünün bərqərar edilməsi.”

 

Bəhanın Qulu (Əbdül-Bəha)

Həzrət Əbdül-Bəha dəfələrlə təsdiq etmişdir ki, O, sülh və barış müjdəçisi,” bəşərin birliyinin müdafiəçisi,” insanlığı “Allahın Mələkutu”na çağıran bir vasitəçidir. Ona aid edilən iddialara rəğmən, Həzrət Əbdül-Bəha həmişə bunu aydın bildirirdi ki, Həzrət Bəhaullah Onun fikrinin Mənbəyidir. Həzrət Bəhaullahın Amerikadakı ardıcıllarına O yazırdı: “Mənim adım Əbdül-Bəhadır. Mənim sənətim Əbdül-Bəhadır. Mənim həqiqətim Əbdül-Bəhadır. Mənim tərifim Əbdül-Bəhadır. Camali-Mübarəkə bəndəlik bərq vuran və parlayan tacımdır və bəşər irqinə xidmət əbədi dinimdir...Əbdül-Bəhadan başqa nə adım, nə rütbəm, nə zikrim, nə də tərifim vardır və heç vaxt da olmayacaqdır. Bu, mənim atəşli istəyimdir. Bu, mənim ən böyük arzumdur. Bu, mənim əbədi həyatımdır. Bu, mənim əbədi şərəfimdir.”

bottom of page