![](https://static.wixstatic.com/media/08dd81_843a51b2c02f4d609169046c98d48604.jpg/v1/fill/w_630,h_204,al_c,lg_1,q_90,enc_avif,quality_auto/08dd81_843a51b2c02f4d609169046c98d48604.jpg)
Həzrət Əbdül-Bəhanın Yazılar və Çıxışlar
Həzrət Əbdül-Bəhanın Yazıları və çıxışları yarım əsrdən çox bir dövrün səmərəli zəhmətinin bəhrəsidir. Həzrət Əbdül-Bəha peyğəmbər deyildi və heç vaxt da Allahdan birbaşa vəhy alması iddiası olmamışdı. Lakin Həzrət Bəhaullahın Öz ardıcılları ilə bağladığı Əhdin Mərkəzi və Bəhai Vəhyinin təyin olunmuş Şərhçisi kimi, Onun Yazıları Bəhai Yazılarının həm şərhi, həm də tərkib hissəsidir.
Onun indiyə kimi nəşr olunmuş cildlərdə toplanan bol yazıları şəxsi yazışmalarından, ümumi məktublarından, spesifik mövzuların izahından, kitablardan, dualardan, ictimai çıxışlarından və yazıya alınmış söhbətlərindən ibarətdir. Onunla ünsiyyətə girən hər kəs üçün Həzrət Əbdül-Bəha üstün bir tərz və bəlağət nümunəsi idi.
Onun sözləri günəş işığı kimi sadədir; amma günəş işığı kimi də universaldır…
--Yone Noquçi, Yapon yazıçısı
Aşağıda Həzrət Əbdül-Bəhanın Yazılarından və çıxışlarından Allah, Allahın Məzhərləri, sosial transformasiya və dünyanı daha yaxşı bir yer etmək üçün fərdlərin məsuliyyətləri haqqında Onun geniş baxışlarını əks etdirən kiçik seçmələr verilir:
Bu yəqindir və mübahisəsizdir ki, insanı yaradan insan kimi deyil, çünki qüdrətsiz məxluq başqa bir varlıq yarada bilməz. Yaradıcı, xaliq bütün kamilliklərə malik olmalıdır ki, yarada bilsin... Bu asılılıq dünyası qeyri-kamilliklər mənbəyidir: Allah isə kamilliklərin mənbəyidir. Asılılıqlar dünyasının qeyri-kamillikləri öz-özlüyündə Allahın kamilliyinin dəlilidir.
Ancaq bir Allah var; bəşər də birdir; dinin də təməli birdir. Gəlin Ona sitayiş edək, Onun parlaq nurunu və cəlalını zahir edən bütün böyük Peyğəmbərlərini və Elçilərini vəsf edək.
Xilqətdə ən uca məqam, üstün fəza, ən nəcib, ən ali mövqe, görünən ya görünməyən, alfa ya omeqa olsun–Allahın Peyğəmbərləridir, baxmayaraq ki, onlar əksərən zahirən yoxsulluqlarından başqa heç nəyə malik olmamışlar.
Allahın ilahi Məzhərləri universal və hər şeyi əhatə edən anlayışa malik olmuşlar. Onlar hər kəsin həyatı naminə çalışmış və hamının təlim-tərbiyəsi ilə məşğul olmuşlar. Onların məqsədlərinin əhatə etdiyi sahə məhdud deyildir - xeyr, o geniş və hər şeyi əhatə edəndir.
İlahi dinlər bəşəri birləşdirmək və ümumdünya sülhü qurmaq üçün yaradılmışlar. İnsan cəmiyyətində sülhə və barışa gətirən istənilən hərəkat həqiqətən ilahi hərəkatdır; insanları eyni bir çadırın altında toplayan istənilən islahat doğrudan, ilahi niyyətlərdən qaynaqlanmışdır.
İndi yeni bir era başlayıb və yaradılış dünyası yenidən doğulur. Bəşəriyyət yeni həyat əldə edib. Payız keçib, canlandırıcı bahar gəlib. Bütün şeylər təzələnir. Sənət və sənaye yenilənir, elmdə yeni kəşflər edilir, yeni ixtiralar meydana çıxır; hətta insanların geyimi və əşyaları kimi kiçik şeylər, silahlar belə, yenilənir. Hökumətlərin qanunları və normaları yenidən yazılır. Yeniləşmə bu günün tələbidir.
Və bütün bu yeniləşmənin mənbəyi Mələkutun Rəbbinin ecazkar fəzlinin və lütfünün yeni yağmurlarıdır ki, onlar dünyanı təzələmişdir. Ona görə də insanlar köhnə düşüncə tərzindən tamamilə azad olmalıdırlar ki, bütün fikirlərini bu yeni prinsiplər üzərində cəmləşdirsinlər, zira onlar bu zamanın işığı, bu dövrün ruhudur.
Bir gün gəlir ki, onda dünyanın bütün dinləri birləşəcək, çünki prinsipcə onları artıq birdir. Görəndə ki, onları bir-birindən ancaq zahiri formaları ayırır, parçalanmaya ehtiyac yoxdur. İnsan övladlarından bəziləri cəhalət üzündən əziyyət çəkirlər, gəlin onları öyrətməyə tələsək; başqaları uşaq kimdirlər ki, böyüyənə qədər onlara qayğı və tərbiyə lazımdır, digərləri isə xəstədirlər – onlara biz İlahi şəfa çatdırmalıyıq.
Məhəbbət bu qüdrətli və səmavi dövriyyəni idarə edən ən böyük qanundur, elə misilsiz bir qüvvədir ki, bu maddi dünyanın müxtəlif elementlərini bir-birinə bağlayır, ali cəzbedici bir gücdür ki, yüksək fəzalarda kürələrin hərəkətini istiqamətləndirir.
Həzrət Bəhaullah birlik dairəsini çəkmişdir. O, bütün xalqların birləşdirilməsi və onların ümumdünya birlik çadırı altında toplanmasının nəxşəsini vermişdir. Bu İlahi Kəramətin əsəridir və biz hamımız qəlbimizlə və ruhumuzla öz aramızda birlik gerçək olana qədər çalışmalıyıq və biz çalışdıqca, bizə qüvvət veriləcəkdir.
Bağdakı güllərə baxın: növünə, rənginə, formasına və şəklinə görə bir-birindən fərqlənirlər, lakin onların hamısını bir baharın suları təravətləndirir, bir küləyin nəfəsi canlandırır, bir günəşin şüaları onlara həyat verir və bu müxtəliflik onların cazibədarlığını, füsunkarlığını artırır, gözəlliklərinə ayrı bir çalar verir.
Bu nə qədər də yeknəsək və darıxdıcı olardı, əgər bütün çiçəklər və bitkilər, yarpaqlar və tumurcuqlar, meyvələr və budaqlar və ağaclar o bağda eyni formada və rəngdə olardı! Çalarların, formaların, görünüşlərin çeşidliliyi bağı zənginləşdirir və bəzəyir, onun gözəlliyini artırır. Eynilə də, müxtəlif fikirlər, temperamentlər və xasiyyətlər bir mərkəzi vasitənin gücü və təsiri altında bir araya gətirilsə, insan kamilliyinin gözəlliyi və cəlalı üzə çıxacaq və aşkar olacaq. Hər şeyi idarə edən və hər şeyin fövqündə olan Allahın Sözünün səmavi gücündən başqa heç nə insan övladının müxtəlif fikirlərini, hisslərini, ideyalarını və inanclarını harmoniyaya gətirmək iqtidarında deyil.
Səmimiyyət imanın təməl daşıdır. Yəni dindar bir insan şəxsi arzularına məhəl qoymamalı, bütün ürəyi ilə ictimaiyyətin maraqlarına hansı yolla xidmət etməyi axtarmalıdır; insan varlığı üçün isə bu, dini imandan başqa, heç bir yolla mümkün deyil ki, öz xudbin imtiyazlarından üz döndərsin və öz xeyrini cəmiyyətin xeyri naminə fəda etsin.
Həqiqi sivilizasiya dünyanın düz mərkəzində öz bayrağını o zaman dalğalandıracaq ki, bir neçə görkəmli və ləyaqətli hakim, sədaqət və qətiyyətin parlaq nümunələri, bəşəriyyətin xeyri və xoşbəxtliyi naminə, qərarlılıq və aydın baxışla ayağa qalxacaq və Ümumdünya Sülhünü bərqərar edəcəklər. Onlar Sülh İşini hamının məşvərət mövzusu etməli, öz ixtiyarlarında olan hər cür vasitə ilə dünya millətlərinin Birliyini qurmalıdırlar. Onlar məcburi müqavilə imzalamalı və şərtləri möhkəm, pozulmaz və dəqiq olan əhd bağlamalıdırlar. Onlar bu işi bütün dünyaya elan etməli və bütün insan nəslinin təsdiqini və razılığını almalıdırlar. Bu ali və nəcib təşəbbüs - bütün dünyanın sülh və rifahının həqiqi mənbəyi - yer üzündə yaşayan hər kəs üçün müqəddəs sayılmalıdır.
Uşaqların təlim-tərbiyəsi insanın ən tərifəlayiq əməlləri arasındadır və bu, Mərhəmət Sahibinin fəzl və lütflərini cəzb edir, zira təlim-tərbiyə insanın bütün məziyyətlərinin əvəzedilməz və ən zəruru təməlidir və insanlara imkan veririr ki, daimi şərəf zirvəsinə aparan yolda çalışsınlar.
İnsanın gerçəkliyi onun düşüncəsidir, maddi bədəni deyil. Düşüncə gücü ilə heyvani güc şərikdir. Hərçənd insan heyvan aləminin bir hissədir, amma o bütün başqa yaradılmışlardan düşüncə gücü ilə üstündür. Əgər insanın düşüncəsi daim səmavi məqsədlərə can atırsa, onda o müqəddəs olur; əgər onun fikri yüksəyə uçmursa, aşağı yönələrək dünyəvi şeylərin üzərində cəmləşirsə, onda o getdikcə maddiyyat tərəfdən elə güclənir ki, sadəcə bir heyvandan az fərqi olur… Bəzi kişilər və qadınlar öz yüksək fikirləri ilə qürur duyurlar,əgər onlar heç vaxt əməl müstəvisinə keçmirsə, faydasızdır.Düşüncənin gücü onun əməldə təzahür etməsindən asılıdır.
Savaş fikri gəldikdə, ondan daha güclü olan sülh fikri ilə ona qarşı çıxın. Nifrət fikrini daha güclü məhəbbət fikri ilə dağıdın.
Ey Allahın sevgili dostu! Bu müqəddəs Zühur Dövründə münaqişə və mübahisəyə heç vəchlə izn verilmir. Hər münaqişə təhrikçisi özünü Allahın mərhəmətindən məhrum etmiş olur.
Tam birlik içində olun. Heç vaxt bir-birinizə qəzəblənməyin... Yaradılmışları onların özlərinə görə yox, Allah xatirinə sevin. Əgər siz onları Allah xatirinə sevsəniz, heç vaxt qəzəblənməz və səbirsiz olmazsınız. Bəşər kamil deyil. Hər bir insanda çatışmazlıqlar var və əgər siz insanın özünə baxsanız, həmişə məyus olacaqsınız. Fəqət Allaha tərəf çevrilsəniz, onları sevəcəksiniz və onlara mehriban olacaqsınız, zira Allahın dünyası kamillik və tam mərhəmət dünyasıdır.
Bu gün ən həyati vacib vəzifə xasiyyətlərinizi paklaşdırmaq, rəftarınızı düzəltmək və davranışınızı islah etməkdir. Mərhəmətlinin dostları Onun yaratdıqları arasında elə bir xasiyyət və davranış göstərməlidirlər ki, onların müqəddəslik rayihələri bütün dünyaya yayılsın, ölüləri diriltsin, çünki Allahın Məzhərinin və qeybin sonsuz səyyarələrinin doğmasının məqsədi insan qəlblərini tərbiyə etmək, yer üzündə yaşayan bütün insanların əxlaqını cilalamaqdır, ta ki, özlərini heyvan aləminin qaranlığından azad etmiş mübarək insanlar elə keyfiyyətlərlə meydana çıxsınlar ki, onlar insanın mahiyyətinin bəzəyidirlər.
Əgər siz bütün ürəyinizlə yer üzündəki hər bir irqlə dostluq arzu etsəniz, sizin ruhani və müsbət fikirləriniz yayılacaq; O başqalarının arzusuna çevriləcək, bütün insanların fikrinə çatana qədər daha da güclənəcək.