top of page

Azərbaycan Bəhai Təsisatlarının Tarixi

Azərbaycanda 1920-ci ildə bolşeviklərin hakimiyyətə  gəlməsi bəhai icmaları üçün ağır günlərin başlanması oldu. 1922-ci ildən etibarən mətbuatda Bəhai dini təlimini antibolşevik ideologiyada ittiham edən məqalələrin çıxması ciddi təqiblər üçün bir növ işarə oldu. 1926-cı ildə İran mənşəli bəhailərin kütləvi şəkildə Azərbaycandan İrana deportasiyası ilə bəhailərə qarşı birinci təqib kampaniyası başlayır. İcmalarda yığıncaqlar keçirmək və ianələr toplamaq qadağan edilir. Dini ədəbiyyat və məhfil iclasının protokolları müsadirə edilir. Bir müddət sonra kəskin qadağalar götürülsə də, məclislərin keçirilməsi üçün xüsusi dövlət razılığının olması tələbi qoyulur.

 

1928-ci ildə bəhai icmalarına qarşı kütləvi təqib kampaniyası yeni qüvvə ilə alovlanır. Bakıda Ruhani Məhfilin iki üzvü həbs edilir və Sibirə sürgünə göndərilir. İcmaların dövlət qeydiyyatı və Nizamnamələri ləğv edilir,  komitələr buraxılır. Bəhai müəllimlər işdən çıxarılır. Dövlətin xüsusi fərmanı ilə dini icmaların mülkiyyətində olan daşınmaz əmlak, o cümlədən Çadrovu küçəsi 216-da yerləşən icmaya məxsus bina dövlətin mülkiyyətinə keçir. İcma qarşısında ya binanı boşaltmaq, ya da onu yüksək haqla dövlətdən icarəyə götürmək kimi şərt qoyulur. Dövlət orqanları ilə danışıqlardan sonra icarə haqda razılaşma əldə edilir.30-cu illərin əvvəllərində Sovet hökuməti mövcud rejimi bir qədər də kəskinləşdirərək, icmalardan Məhfillərin buraxılmasını və bütün fəaliyyətlərin dayandırılmasını tələb edir. Bəhailər dövlətin tələblərini yerinə yetirərək kollektiv fəaliyyətlərini dayandırırlar.

 

Bu vəziyyət 1934-cü ilə kimə davam edir. 1934-cü ilin əvvələrində dövlətin siyasəti gözlənilmədən dəyişir; müsadirə olunmuş əmlak yenidən icmalara qaytarılır, yenidən bir yerə toplanmaq, məclislər keçirməyə icazə verilir. Həmin ilin aprelində yerli məhfillərə seçkilər keçirilir, Bakı, Gəncə, Bərdə, Balaxanı və Salyanda icmalar öz fəaliyyətlərini bərpa edirlər.

 

Lakin 1937-ci ildə vəziyyət gözlənilmədən yenidən dəyişir. Həmin ilin oktyabrından 1938-ci ilin fevralına kimi bütün SSRİ ərazisində bəhai icmalarına qarşı təqib kampaniyası başlayır. Hər yeri həbslər və  sürgün dalğası bürüyür. Naxçıvan, Bərdə, Şəki, Sabirabad, Salyan və digər icmalar tamam dağıdılır. Bakı, Balaxanı, Gəncə icmaları ciddi itkilər versə də, onları dağıtmaq mümkün olmur. 1937-1938-ci illər ərzində həbs edimiş bəhailərin 38 nəfəri güllələnmiş və ya həbsxanada dünyasını dəyişmişdir.  Bakı Bəhai icmasının binası (Çadrovı küçəsi, 216) dövlət tərəfindən yenidən müsadirə edilir. Təqiblər 1949-cu ilə kimi davam etmişdir.

 

1956-cı ildə SSRİ-də siyasi ab-hava yumşalmasına baxmayaraq, icmaların bərpası qeyri-mümkün şəraitdə idi. İcma üzvləri müxtəlif mənzillərdə on-on iki nəfərlik qruplar şəklində görüşmək məcburiyyətində idilər. Yerli Ruhani Məhfil  seçki yolu ilə deyil, qrupdakı təkliflər əsasında seçilirdi, Məhfil üzvlərinin sayı doqquz deyil, 5-6 nəfər ilə məhdudlaşırdı. Xaricdəki dindaşlarla əlaqə yalnız 60-cı illərdə mümkün oldu. O da təsadüfi xarakter daşıyırdı. Bayramlar, süud və mövlud günləri çox konsperativ şəkildə keçirilirdi.

 

Andropovun qısa hakimiyyəti dövründə, 1982-ci ilin noyabrında KQB-nin xüsusi qrupu Bakı şəhərində əməliyyat keçirərək, icmanın üç üzvünü bir günlük həbs edir və onlar 7 saat ərzində ağır psixoloji təzyiq altında dindirilirlər. İcma üzvlərinə bir yerə yığılmaq, hətta telefonla bir-birilərini «Allah-u-Əbha» kəlməsi ilə salamlamaq qadağan edilir.

bottom of page