top of page

Azərbaycan

Erkən Bəhai İcmasının Qısa Tarixi

Bu cür fəaliyyətlər fanatik ruhanilərin xoşuna gəlməmiş, nəticədə Bakı, Mərdəkan, Balaxanı, Bərdə və Şamaxıda bəhailərə qarşı ciddi təzyiqlər olmuşdur.  

İran Azərbaycanında babilər hərəkatının fəal iştirakçısı Həzrət Babın ən yaxın ardıcılı, Azərbaycanın görkəmli şairə qadını Tahirə Qürrətüleyn idi. Tahirənin ictimai statusu, Onun babilər hərəkatında tutduğu rəhbər mövqe (O, Həzrət Babın 18 şagirdindən biri idi) ilə məhdudlaşmırdı. Onun fəaliyyətində ictimai təlatüm doğurmuş və bütün dünyada ictimai-siyasi proseslərin gedişini dəyişmiş məqamlar olmuşdur. Tahirə İslam Şərqində çadrasını nümayişkanə atmış və qadınlara kişilərlə bərabər ictimai, siyasi, iqtisadi haqların verilməsi məsələsini qaldırmış  ilk qadın idi. Bu hadisə 1848-ci ildə babilərin Bədəşt konfransında iştirak edən 81 nümayəndənin (Tahirə onların arasında yeganə qadın idi) gözü qarşısında baş vermişdi. Hərəkat yatırılarkən Tahirə Qürrətüleyn xüsusi qəddarlıqla qətlə yetirilmişdir.

 

(bax: A.B.Cəfərov “Bəhai dini”, Bakı, 2005; Ə. Cəfərzadə «Azərbaycanın aşıq və şair qadınları», Bakı, «Gənclik» nəşriyyatı, 1991; Ə. Cəfərzadə «Zərintac Tahirə», Bakı,

Göytürk, 1996).  

 

Zəncanda 1850-ci il babi üsyanı zamanı üsyançılar arasında Zeynəb adlı çox gənc azərbaycanlı qız da olmuşdur. Son dərəcə şücaətli olduğuna görə zəncanlılar bu qıza «Şahnamə»nin qəhrəmanı Rüstəmin adını vermişdi. Xalq ona Rüstəmə deyirdi. Şah qoşunları dəfələrlə hücum edib, Rüstəmənin müdafiə etdiyi istehkamı tutmağa cəhd göstərmişdilərsə də buna müvəffəq ola bilməmişdilər. Rüstəmə döyüşdə deyil, yatdığı yerdə cəsus əliylə öldürülmüşdür.

 

Həmin vaxtlarda babilik hərəkatı Şimali Azərbaycanda da öz ardıcıllarını tapırdı. Həzrət Bab öz missiyasını elan etdiyi vaxt onun şagirdlərindən biri Molla Sadıq Vənəndli Ordubadın Vənənd kəndinin və ətraf kəndlərin adamlarını öz ətrafına toplayaraq bu təlimi onlara çatdırır. Qısa vaxt ərzində bütün Naxçıvan və Zəngəzur mahalında on min nəfərə qədər onun tərəfdarı yaranır. Rus hökuməti general Behbudovu beş min nəfərlik ordu ilə Molla Sadıq Vənəndliyə qarşı göndərir. O zaman artıq hakimiyyətdən salınmış Naxçıvan xanı və onun naibi Şeyxəli bəy də bu təlimin tərəfdarlarından idilər.  (bax: M. S. Ordubadi «Həyatım və mühitim», Azərnəşr, Bakı, 1996).

 

İranda babilik hərəkatı yatırılan zaman hərəkatın fəal üzvi Mirzə Hüseyn Əli – Bəhaullah (ərəbcə – «Allahın Nuru») Osmanlı dövlətinin ərazisinə sürgün olunur. Həzrət Bəhaullah 1863-cü il aprelin 21-də Bağdad şəhərində özünü Həzrət Babın öncədən müjdələdiyi İlahi Zühur elan edir və bəşəriyyətə Allahdan Yeni İlahi Təlimin (Dinin) Nazil olduğunu bildirir.

 

O, bəyan edir ki, Onun gəlişi ilə Yerdə Əbədi Sülh Erası qurulacaq. Bu Yeni Erada bəşəriyyət vahid Vətəndə, Dinlər vahid Dində birləşəcək, planetimizdə ədalət, əmin-amanlıq, qardaşlıq bərqərar olacaq, mövhumatların, xurafatların, zülmün kökü kəsiləcək, qadın və kişi hüquqları bərabərləşəcək, elmlə din harmoniya əldə edəcək, bəşəriyyət yaxın min ildə qüdrətli inkişafa nail olacaqdır.  Babilərin böyük hissəsi Həzrət Bəhaullahın missiyasını böyük sevinclə qəbul edir və 1868-ci ildən etibarən özlərini “bəhai” adlandırmağa başlayırlar.

 

Bəhai Dini təliminin fərdlərə, cəmiyyətə və bütövlükdə bəşəriyyətə təklif etdiyi sosial tərəqqi və maarifçilik yolu Azərbaycanın bir çox görkəmli şəxslərinin diqqətini özünə cəlb etmiş, onların hörmət və rəğbətini qazanmışdır. Azərbaycanın maarifpərvər şairi Seyid Əzim Şirvani (1835-1888) bəzi yazılarında Bəhai Dini təliminə öz rəğbətini bildirmişdir. Digər görkəmli maarifçi şair Mirzə Ələkbər Sabir (1862-1911) Balaxanı icması ilə sıx əlaqədə olmuş, bir müddət icmanın dəstəyini almışdır. Şair icmanın üzvi  Kərbəlayi İmranla daha yaxın dost olmuş və bir müddət onun evində yaşamışdır.

Tanınmış milyonçu Musa Nağıyev (1849-1919) və xalq şairi Əliağa Vahidin müəllimi, Qafqaz türkləri arasında «ustad şair» kimi tanınan Əbdülxaliq Yusifzadə də Bakı Bəhai Dini icmasının üzvləri olmuşlar. Musa Nağıyev uzun illər Bakı Ruhani Məhfilinin üzvi kimi də fəaliyyət göstərmişdir. Milyonçunun şəxsi nüfuzu bəhailərə qarşı açıq təzyiqlərin qarşısının alınmasında xüsusi rol oynamışdır.

Bir sıra tarixi və fəlsəfi mahiyyətli əsərlərin müəllifi Hüseyn Cavid (1884-1941) bəzi məlumatlara görə Almaniyada olan zaman Bəhai Dinini qəbul etmiş və sonralar bu təlimin ideyalarını öz əsərlərində əks etdirmişdir.

 

Azərbaycanda 1920-ci ildə bolşeviklərin hakimiyyətə  gəlməsi bəhai icmaları üçün ağır günlərin başlanması oldu. 1922-ci ildən etibarən mətbuatda Bəhai dini təlimini antibolşevik ideologiyada ittiham edən məqalələrin çıxması ciddi təqiblər üçün bir növ işarə oldu. 1926-cı ildə İran mənşəli bəhailərin kütləvi şəkildə Azərbaycandan İrana deportasiyası ilə bəhailərə qarşı birinci təqib kampaniyası başlayır. İcmalarda yığıncaqlar keçirmək və ianələr toplamaq qadağan edilir. Dini ədəbiyyat və məhfil iclaslarının protokolları müsadirə edilir. Bir müddət sonra kəskin qadağalar götürülsə də, məclislərin keçirilməsi üçün xüsusi dövlət razılığının olması tələbi qoyulur.

 

1928-ci ildə bəhai icmalarına qarşı kütləvi təqib kampaniyası yeni qüvvə ilə alovlanır. Bakıda Ruhani Məhfilin iki üzvü həbs edilir və Sibirə sürgünə göndərilir. İcmaların dövlət qeydiyyatı və Nizamnamələri ləğv edilir,  komitələr buraxılır. Bəhai müəllimlər işdən çıxarılır. Dövlətin xüsusi fərmanı ilə dini icmaların mülkiyyətində olan daşınmaz əmlak, o cümlədən Çadrovu küçəsi 216-da yerləşən icmaya məxsus bina dövlətin mülkiyyətinə keçir. İcma qarşısında ya binanı boşaltmaq, ya da onu yüksək haqla dövlətdən icarəyə götürmək kimi şərt qoyulur. Dövlət orqanları ilə danışıqlardan sonra icarə haqda razılaşma əldə edilir.

 

30-cu illərin əvvəllərində Sovet hökuməti mövcud rejimi bir qədər də kəskinləşdirərək, icmalardan Məhfillərin buraxılmasını və bütün fəaliyyətlərin dayandırılmasını tələb edir. Bəhailər dövlətin tələblərini yerinə yetirərək kollektiv fəaliyyətlərini dayandırırlar.

 

Bu vəziyyət 1934-cü ilə kimə davam edir. 1934-cü ilin əvvələrində dövlətin siyasəti gözlənilmədən dəyişir; müsadirə olunmuş əmlak yenidən icmalara qaytarılır, yenidən bir yerə toplanmaq, məclislər keçirməyə icazə verilir. Həmin ilin aprelində yerli məhfillərə seçkilər keçirilir, Bakı, Gəncə, Bərdə, Balaxanı və Salyanda icmalar öz fəaliyyətlərini bərpa edirlər.

 

Lakin 1937-ci ildə vəziyyət gözlənilmədən yenidən dəyişir. Həmin ilin oktyabrından 1938-ci ilin fevralına kimi bütün SSRİ ərazisində Bəhai icmalarına qarşı təqib kampaniyası başlayır. Hər yeri həbslər və  sürgün dalğası bürüyür. Naxçıvan, Bərdə, Şəki, Sabirabad, Salyan və digər icmalar tamam dağıdılır. Bakı, Balaxanı, Gəncə icmaları ciddi itkilər versə də, onları dağıtmaq mümkün olmur. 1937-1938-ci illər ərzində həbs edimiş bəhailərin 38 nəfəri güllələnmiş və ya həbsxanada dünyasını dəyişmişdir.  Bakı Bəhai icmasının binası dövlət tərəfindən yenidən müsadirə edilir. Təqiblər 1949-cu ilə kimi davam etmişdir.

 

1956-cı ildə SSRİ-də siyasi ab-havanın yumşalmasına baxmayaraq, icmaların bərpası qeyri-mümkün şəraitdə idi. İcma üzvləri müxtəlif mənzillərdə on-on iki nəfərlik qruplar şəklində görüşmək məcburiyyətində idilər. Yerli Ruhani Məhfil  seçki yolu ilə deyil, qrupdakı təkliflər əsasında seçilirdi, Məhfil üzvlərinin sayı doqquz deyil, 5-6 nəfər ilə məhdudlaşırdı. Xaricdəki dindaşlarla əlaqə yalnız 60-cı illərdə mümkün oldu. O da təsadüfi xarakter daşıyırdı. Bayramlar, süud və mövlud günləri çox konsperativ şəkildə keçirilirdi.

 

Andropovun qısa hakimiyyəti dövründə, 1982-ci ilin noyabrında KQB-nin xüsusi qrupu Bakı şəhərində əməliyyat keçirərək, icmanın üç üzvünü bir günlük həbs edir və onlar 7 saat ərzində ağır psixoloji təzyiq altında dindirilirlər. İcma üzvlərinə bir yerə yığılmaq, hətta telefonla bir-birilərini «Allah-u-Əbha» kəlməsi ilə salamlamaq qadağan edilir.

 

bottom of page