Bəşəriyyətin Birliyi
...Bunun mənası, bütün insanlığın tək bir ağac, bütün xalqların və cəmiyyətlərin bu ağacın budaqları və hər bir fərdin bu budaqlardakı yarpaqlar və ya meyvələr olmasıdır. Bəşəriyyətin birliyi prinsipi Bəhai dini təlimində mərkəzi mövqedə durur. Həzrət Bəhaullah yazır:
“Şübhəsiz ki, irqindən və dinindən asılı olmayaraq dünyanın bütün insanları Vahid Səma Mənbəyindən ilham alırlar və onların hamısı Tək olan Allahın təəbələridir”
İnsan bədəni təkamül prosesində fiziki inkişafın müxtəlif mərhələlərindən keçdiyi kimi Bəşəriyyət də özünün sosial inkişafı prosesində müxtəlif mərhələlərdən keçmişdir. Qədim dövrlərdə adamlar ayrı-ayrı ailə qrupları halında yaşamışlar, sonradan bu qruplar tayfa və qəbilələrə çevrilmiş, daha sonralar şəhər-dövlətlər, xalqlar və nəhayət XIX-XX əsrlərdə müasir millətlər və dövlətlər yaranmışdır. Həzrət Bəhaullah öyrədir ki, Bəşəriyyətin Birliyi insan cəmiyyətinin kamillik yolunda sonuncu sosial mərhələdir. O, izah edirdi ki, Onun gəlişində əsas məqsəd insanların bu birliyini mümkün etməkdir. O, yazırdı:
“Həqiqətən, Biz Yerdə yaşayanların hamısını birləşdirməkdən və ayrılmaz etməkdən ötrü gəlmişik.... Birliyin nuru o qədər güclüdür ki, bütün aləmi işıqlandırıb nura boyayar” .
Tarix, əsrlər boyunca xalqlar, cəmiyyətlər, dinlər və məzhəblər arasında bitmək bilməyən müharibələrə və çəkişmələrə şahid olmuşdur. Lakin indi bəşəriyyət birləşmək və yaşamaqda olduğu çətinlikləri birlikdə aradan qaldırmaqdan ötrü lazımi iqtisadi, texnoloji və intellektual imkanlara malikdir. Həzrət Əbdül-Bəha yazır:
“Bəşər ailəsinin bütün üzvləri, istər millətlər olsun və ya hökumətlər, onlar getdikcə daha çox bir-biri ilə qarşılıqlı surətdə bağlanırlar. Ona görə ki, heç kim müstəqil və sərbəst qala bilməz və xüsusilə də ona görə ki, siyasi münasibətlər bütün xalqları və millətləri birləşdirməyə başlamışdır, ticarət, sənaye, kənd təsərrüfatı və mədəniyyət əlaqələri isə gündən-günə möhkəmlənməyə başlamışdır. Deməli, bütün Bəşəriyyətin Birliyinin həyata keçirilməsi indi mümkün olmuşdur...”.
Həqiqi birlik, hər bir insan ayrılıqda Bəşəriyyətin Birliyini əsas ruhani prinsip kimi qəbul etdiyi zaman əldə ediləcəkdir. Bəşəri Birlik hansısa qüdrətli qruplaşma tərəfindən yuxarıdan tətbiq edilməyəcəkdir. Hər yerdə insanlar “Dünya bir vətən və bütün insanların onun vətəndaşı” olmasını dərk edənə kimi o insan şüurunda tədricən inkişaf edəcəkdir. Şüurdakı bu dəyişikliklər cəmiyyətdə görünməmiş dəyişikliklərə səbəb olacaqdır. Belə ki, bu gün birliyin təmin edəcəyi faydalar açıqca ortaya çıxmış, gətirəcəyi qazancların nə qədər böyük olduğu aydın olmuşdur. Həzrət Əbdül-Bəha buyurur:
“Əməkdaşlıq və birlik bərqərar olacaq və sonda müharibənin tamamilə qarşısı alınacaq. Dünyanın beş qitəsi bir qitə kimi olacaq, çoxsaylı millətlər bir millətə çevriləcək. Ölkələr arasında münasibətlər – xalqların və icmaların qarışması, birləşməsi və dostluğu – elə bir səviyyəyə çatacaq ki, insan nəsli bir ailə və qohum kimi olacaq. Güclü və zəif, varlı və yoxsul, qarşı-qarşıya duran təriqət və ədavət aparan millətlər bir-birinə qarşı tam məhəbbətlə, dostluqla, ədalət və bərabərliklə rəftar edəcəklər, dünya elmlərlə və Allahın biliyilə dolacaq”.
Həzrət Şövqi Əfəndinin Amerika bəhailərinə ünvanlandırdığı 11 mart 1936-cı il tarixli məktubunda deyilir:
Bəşəriyyətin indi yaxınlaşdığı ideal – bütün xalqların birliyidir. Ailənin, tayfaların, ölkələrin və millətlərin formalaşması mərhələləri insan sivilizasiyası tarixində sınaqdan çıxmış və uğurla başa çatmış mərhələdir. Bütün dünyanın birliyini həyata keçirmək bütün bəşəriyyətin arzuladığı məqsəd və onun yekun mərhələsidir.Millətlərin formalaşması dövrü qurtarmışdır. Dövlət suverenliyinin xüsusiyyəti olan anarxiya özünün ən yüksək nöqtəsinə can atır. Dünya öz kamilliyinə nail olan kimi xurafatlardan imtina etməli, bütün bəşəriyyətin birliyini və onun qarşılıqlı əlaqələrinin bütövlüyünü dərk etməli və birdəfəlik olaraq elə təşkilati idarəetmə aparatı yaratmalıdır ki, bu həyati və müqəddəs problemi öz mövcudluğu tarixində ən yaxşı tərzdə həyata keçirə bilsin”.