top of page

Cənnət və Cəhənnəm

“Siz əbədi həyat və Mələkuta daxil olmaq barədə soruşur­sunuz. Mələkut üçün işlədilən zahiri ifadə cənnətdir; ancaq bu, ya müqayisə, ya da oxşarlıqdır, həqiqət və ya fakt deyil, çünki Mələkut material bir yer deyil. Bu ruhani bir aləmdir, ilahi dünyadır və Allahın Hökmranlığının mərkəzidir; o, bədəndən və cismani olan hər şeydən azaddır və bəşər aləminin təsəvvür­lə­rin­dən pak və müqəddəsdir. Yerlə məhdudlaşmaq bədənə aid xüsu­siyyətdir, ruha deyil. Məkan və zaman bədəni əhatə edir, ağıl və ruhu deyil....ruh məkana tabe deyil; o məkansızdır, ruh üçün yer də, göy də birdir, çünki o, hər ikisində kəşflər edir. Zira həyat iki cürdür: bədənin həyatı və ruhun həyatı. Bədənin həyatı maddi həyatdır, ruhun həyatı isə Mələkutun mövcudluğunun ifadəsidir və o da Allahın Ruhu ilə qovuş­maq­dan və Müqəddəs Ruhun nəfəsi ilə canlanmaqdan ibarətdir. Mələkut həyatı ruh həyatıdır, əbədi həyatdır ..Mələkuta daxil olma Allahın məhəbbəti vasitəsilə olur, inqita, müqəddəslik və təmizlik, doğruluq, paklıq, dəyanət, vəfa və həyatı fəda etməklə olur. Bu izahatlar göstərir ki, insan ölümsüzdür və əbədi yaşayır. O kəslər ki, Allaha inanırlar, Allaha məhəbbətləri və imanları var – həyat onlar üçün ucadır, yəni o əbədidir;  Lakin o ruhlar ki, Allahdan uzaq düşmüşlər, baxmayaraq ki, onların da həyatı var, amma o zülmətdir və möminlərin həyatı ilə müqayisədə bu qeyri-mövcudluqdur. Məsələn, göz də yaşayır, dırnaq da, amma dırnağın həyatı gözün həyatı ilə müqayisədə heçlikdir. Daş da, insan da möv­cuddur, ancaq daş, insanın mövcudluğu qarşısında qeyri-möv­cud­luqdur, onun varlığı yoxdur, çünki insan öləndə onun bədəni dağılır və məhv olur, və daş və torpaq olur. Ona görə də ay­dındır ki, baxmayaraq ki, mineral mövcuddur, ancaq insanla müqayisədə o qeyri-mövcudluqdur. Eynilə də, Allahdan uzaq düşən ruhlar, baxmayaraq ki, bu dünyada və ölümdən sonrakı dünyada mövcuddurlar, ancaq Allahın Mələkutunun müqəddəs varlıqları ilə müqayisədə onla­rın mövcudluğu heçdir  və onlar Allahdan ayrılmışlar”

 

Başqa dinlərin Kitablarında Zamanının Sonunda bütün insanların öləcəyindən və “Dirilmə Günü”ündən – ölülərin yenidən diri­ləcəyi gündən söhbət açılır. Bəhai təliminə görə, onların heç biri fiziki deyildir. Bu mənəvi “həyat” və mənəvi “ölümdür” və “dirilmənin” kobud fiziki bədənlə heç bir əlaqəsi yoxdur. Əgər bədən ölmüşsə, deməli, artıq onun işi bitmişdir. O, çürüyür və onun hissələri həmin bədə­ni yaratmaq üçün heç zaman birləşmirlər. “Dirilmə” rəmzi məna kəsb edir. Dirilmə – Peyğəmbərlər vasitəsilə nazil olmuş İlahi Kəlam sayəsində insanın mənəvi həyata doğulmasıdır. Onun dirilib ayağa qalxdığı qəbir – nadanlıq və Allaha etinasızlıq, cəhalət qəbridir. Dirilmə Günü iyirmi dörd saatdan ibarət olan gün deyil, o, Həzrət Bəhaullahın gəlişi ilə başlamış və hal-hazırkı dünya dövrünün bitəcəyi vaxtadək davam edən bütöv bir Eradır. O, indiki sivilizasiyanın bütün izlərinin Yer üzündən silinməsinə və İlahi Sivilizasiyanın qurulmasına qədər davam edəcəkdir. Həzrət Bəhaullah buyurur:

“Qəbirlərdən qalxın, nə vaxta qədər yatacaqsınız? Bu, ikinci Sur səsidir, kimi gözləyirsiniz? Bu sizin mərhəmətli Rəbbinizdir, siz isə Ondan üz döndərirsiniz...”

bottom of page