Müasir dünya və Böyük sülhün vədi
Həzrət Bəhaullah yazır:
“Ümidsizlik küləkləri, əfsus ki, hər tərəfdən əsməkdədir və insan nəslini parçalayan və didən ədavət günbəgün artmaqdadır. Qarşıdan gələn sarsıntı və qarşılıqlığın əlamətləri indi artıq ayırd edilir, zira hökm sürən nizamın açınacaqlı dərəcədə qüsurlu olması üzə çıxır”...
Həzrət Bəhaullah sonra yazır:
“Tezliklə bu günün nəzmi süqut edəcək və onun yerini yenisi tutacaq.. bir çox hökumətlər yıxılacaq. Dünya zülmətə bürünəcək. Lakin ümumdünya sarsıntısının ardınca üfüqlərdən görünməmiş ədalət günəşi doğacaqdır”.
Bəhai təliminə görə, əsrlər boyu müdriklərin və şairlərin xəyal etdiyi və Müqəddəs Yazıların vəd etdiyi Böyük Sülh millətlərin əlinin yetişə biləcəyi bir yaxınlıqdadır. Böyük Sülh nəinki mümkündür, o hətta qaçılmazdır. O, planetin təkamülündə növbəti mərhələ - “bəşəriyyətin planetləşməsi” mərhələsidir. Bu mərhələdə bəşəriyyət qədimdən qalmış ayrılıq rəzalətindən təmizləməli və onun parçalanmış hissələri qırılmaz ümumdünya Qardaşlığında birləşdirməlidir. Onun bu günü, daha doğrusu, yaxın gələcəyi kədərli, cansıxıcı dərəcədə kədərlidir. Lakin bunun ardınca onu işıqlı, parlaq gələcək gözləyir, o qədər işıqlı ki, hələlik bunu hətta təsəvvür etmək mümkün deyildir. Həzrət Şövqi Əfəndi yazır:
“Allahın Planı...budur ki, tək Ona məlum olan və yalnız Onun üçün açıq olan yollarla, parçalanmış, əzəldən iztirab çəkən bəşəriyyəti Böyük Qızıl Əsrə gətirsin”.
Bəşəriyyətin birliyinin qəbul edilməsi bütün dünyanın bir ölkə, bütün insanların vahid evi olaraq yenidən təşkili və idarə olunması üçün ilk fundamental şərtdir. Bu ruhani prinsipin bütün dünyada qəbul edilməsi dünya sülhü qurmaq üçün edilən hər bir uğurlu cəhd üçün çox vacibdir. Ona görə də bu prinsip bütün dünyada bəyan edilməli, məktəblərdə öyrədilməli, cəmiyyətin strukturunda onun doğuracağı dəyişiklilərə hazırlıq üçün hər bir ölkədə təsdiq və müdafiə olunmalıdır.
“Allahın coşğun inkişaf edən, bütün bəşəriyyətə bütövlükdə toxunan, durmadan həyata keçməyə doğru irəliləyən böyük Planı bəşəriyyətin birliyinə mane olan bütün maneələri aradan qaldırır və onu bədbəxtlik və iztirab kürəsində bütövləşdirir. Allahın İradəsi ilə bu proses Kiçik Sülhün qurulmasına - dünyanın siyasi cəhətdən birləşməsi gətirib çıxarcaq...Bəşəriyyət buna nail olaraq bir bədənə bənzəyəcək, lakin onda həyat ruhu olmayacaq. Sonra bu vahid bədənə həyat ruhu vermək zərurəti olacaq - əsl birliyi və ruhaniliyi bərqərar etmək lazım gələcək ki, bunun da ali təzahürü Böyük Sülh olacaq və bu vəzifə bəhailərin üzərinə düşür, o bəhailər ki, şüurlu surətdə və məqsədyönlü şəkildə, Yazıların prinsiplərinə əməl edərək və Allahın daim istiqamətləndirən gücünə inanaraq yer üzündə İlahi Səltənətin qurulmasına çalışır və öz yaxınlarını ona daxil olmağa çağırırlar və bununla da əbədi həyata yiyələnmək üçün onlara yol açırlar”.
Ümumdünya Ədalət Evi qeyd edir:
“Ötən əsrdə Həzrət Bəhaullah dünyaya müraciət edərkən, aydın şəkildə göstərdi ki, bəşəriyyətin sakitliyinə və tərəqqisinə nail olmaq üçün ilk addım – birləşməkdir. Həzrət Bəhaullah buyurur: “Bəşəriyyətin rifahına, sülh və təhlükəsizliyi, yalnız onun birliyi möhkəm surətdə bərqərar olduqdan sonra nail olmaq olar”. Lakin əmin olmaq çətin deyildir ki, bu gün də insanların əksəriyyəti başqa baxışların tərəfdarıdırlar; parçalanmanın aradan götürülməsi onlar üçün ən uzaq, demək olar ki, əlçatmaz bir məqsəddir və ilk növbədə öz səylərini bəşəriyyətin başqa xəstəliklərinin sağaldılmasına yönəldirlər. Halbuki, bütün başqa xəstəliklər əsas xəstəliyin – parçalanmanın əlamətləri və nəticəsidirlər. Həzrət Bəhaullah öyrətdiyi kimi, bəşəriyyətin həyata qayıtması və onun bütün xəstəliklərinin sağaldılması yalnız Onun Dini ilə mümkündür....”
Bəhai Dini Təlimində Böyük Sülhün həyata keçməsi və Bəşəriyyətin birləşməsi ilə dünyada baş verəcək dəyişikliklərin konturları da cızılmışdır. Həzrət Şövqi Əfəndi yazır:
“Həzrət Bəhaullahın nəzərdə tutduğu insan nəslinin birliyi prinsipi bütün xalqların, irqlərin və təbəqələrin öz aralarında sıx və daimi əməkdaşlıq etdikləri, birliyə daxil olan bütün muxtar dövlətlərin mənafelərinin bütünlüklə qorunduğu və bu dövlətləri yaradan şəxslərin azad təşəbbüslərinə tamamilə təminat verildiyi Dünya Dövlətinin bərqərar olması kimi başa düşülür. Bizim təsəvvür edə bildiyimiz bu cür dünya idarəetməsinin Qanunvericilik Orqanı olmalıdır. Bütün bəşəriyyət tərəfindən etimad göstərilmiş bu orqanın üzvləri isə onun tərkibinə daxil olan hər bir millətin sərvətləri üzərində ciddi nəzarət qoymalı və bütün dünya xalqlarının tələbatlarını ödəyən, onların həyat tərzini yaxşılaşdıran və onların düzgün qarşılıqlı əlaqələrini təmin edən qanunlar verməlidir.
Bütün beynəlxalq qüvvələr tərəfindən dəstəklənən dünya icraçı orqanı dünya qanunvericilik orqanı tərəfindən qəbul olunan qanunları yerinə yetirməli və bütün dünya idarəsinin üzvlərinin birliyini qorumalıdır. Beynəlxalq Tribunal ayrı-ayrı dövlətlər və xalqlar arasında baş verən bütün məsələləri gündəliyə gətirməli və danışıqsız yerinə yetirməli olan qəti qərarlar verməlidir. Belə idarəetmə sistemi bütün yer kürəsini əhatələyən və tam sürətlə və dəqiqliklə fəaliyyət göstərən, hər cür milli müdaxilədən və məhdudiyyətlərdən azad olan etibarlı beynəlxalq əlaqələrin mövcudluğuna təminat verəcəkdir. Belə sistemdə Dünya Paytaxtı bütün aləmi ruhlandıran və bəşəriyyətin bütün xeyirxah qüvvələrini birləşdirən mərkəz olacaqdır.
Dünya sisteminə mənsub olan beynəlxalq dil ya yenidən tərtib edilməli, ya da mövcud dillərin içərisindən seçilməlidir. Və bu dil sistemə daxil olan bütün federativ millətlərin məktəblərində onların ana dilləri ilə yanaşı tədris olunmalıdır. Beynəlxalq yazı, ədəbiyyat, vahid beynəlxalq pul sistemi, vahid çəki və ölçü sistemi – bütün bunlar dünyanın bütün xalqlarının və irqlərinin qarşılıqlı münasibətlərini və qarşılıqlı ünsiyyətini asanlaşdırmalı və sadələşdirməlidir.Belə bir Dünya Birliyində bəşəriyyətin iki ən nəhəng qüvvəsi olan din və elm sülhə gələcək və qarşılıqlı yardım şəraitində ahəngdar surətdə inkişaf edəcəklər. Belə bir sistemdə fəaliyyət azadlığından tamamilə istifadə edən kütləvi informasiya vasitələri insanların düşüncə və dünyagörüşlərini bütünlüklə əks etdirməyə başlayacaqdır, belə ki, o, müxtəlif şəxsi məqsədləri və ya qrupların mənafelərini müdafiə etmək vəzifəsindən qurtaracaq, dövlətlərin və xalqların hər cür təsirindən azad olacaqdır. Dünyanın iqtisadi ehtiyatları düzgün hesablanacaq, xammal mənbələrindən tam istifadə olunacaq, onun bazarları düşüncəli surətdə əlaqələndiriləcək, dünyanın sərvətləri isə ədalətlə bölüşdürüləcəkdir.
Beynəlxalq rəqabətə və hər cür digər zərərli fitnə-fəsadlara son qoyulacaqdır. İrqi xurafatları və nifrəti xalqlar arasındakı dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq əvəzləyəcəkdir. Dini çəkişmələri törədən səbəblər birdəfəlik aradan qaldırılacaq, iqtisadi sədlər və məhdudiyyətlərin, xüsusi sinfi fərqlərin kökü birdəfəlik kəsiləcəkdir.Bir tərəfdən olduqca ağır ehtiyac içində yaşamaq və digər tərəfdən həddindən artıq sərvətlərin yığılması və təmərküzləşməsi aradan qaldırılacaqdır. İndi müxtəlif iqtisadi və siyasi müharibələrə sərf olunan nəhəng enerjilər insanların etdikləri kəşflərin və onların texniki nailiyyətlərinin tez bir zamanda tətbiq edilməsinə yönəldiləcəkdir. Bu həm əmək məhsuldarlığının artırılması, xəstəlikləri törədən səbəblərin aradan qaldırılması, elmi ixtiraların genişləndirilməsi, fiziki sağlamlıq səviyyəsinin yüksəldilməsi, düşünmə vasitələrinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi sahələrindəki, həm də tam istifadə olunmamış yeraltı yataqların və sərvətlərin emal edilməsi, insan ömrünün uzadılması və bütün bəşəriyyətin əxlaqi, intellektual və mənəvi həyatını möhkəmləndirən digər təşəbbüslərin stimullaşdırılması sahəsindəki məsələlərə toxunacaqdır.
Bütün dünyaya rəhbərlik edən, sarsılmaz nüfuza malik olan, ixtiyarında zəngin sərvətlər və geniş imkanlar olan Dünya Federasiya Sistemi; müharibə fəlakətlərindən və onun acı nəticələrindən qurtarmaq haqqında həm Şərqin, həm də Qərbin baxışlarının və mənafelərinin ifadəçisi olan Dünya Federasiya Sistemi; yeraltı sərvətlərdən və mədənlərdən maksimum istifadə olunmasına çalışan sistem; zorakılığı cilovlayan və onu ədalətə tabe edən sistem; Allahın Təkliyini hər yerdə şüurlara təlqin etməklə şərtlənən və vahid dünya Vəhyinə loyal münasibət göstərməyi hamıya aşılayan sistem – indi ümumi, həyati maraqlar əsasında birləşmiş bəşəriyyətin nail olmağa çalışdığı son məqsədi bax budur.
Bəşəriyyətin indi yaxınlaşdığı ideal – bütün xalqların birliyidir. Ailənin, tayfaların, ölkələrin və millətlərin formalaşması mərhələləri insan sivilizasiyası tarixində sınaqdan çıxmış və uğurla başa çatmış mərhələdir. Bütün dünyanın birliyini həyata keçirmək bütün bəşəriyyətin arzuladığı məqsəd və onun yekun mərhələsidir. Millətlərin formalaşması dövrü qurtarmışdır. Dövlət suverenliyinin xüsusiyyəti olan anarxiya özünün ən yüksək nöqtəsinə can atır. Dünya öz kamilliyinə nail olan kimi xurafatlardan imtina etməli, bütün bəşəriyyətin birliyini və onun qarşılıqlı əlaqələrinin bütövlüyünü dərk etməli və birdəfəlik olaraq elə təşkilati idarəetmə aparatı yaratmalıdır ki, bu həyati və müqəddəs problemi öz mövcudluğu tarixində ən yaxşı tərzdə həyata keçirə bilsin”.