Dua və Dərin Düşünmə—Meditasiya
Allahın bizim dualara ehtiyacı yoxdur, lakin bizim ruhumuzun inkişafı duadan asılıdır, çünki dua ruhun qidasıdır. Dua edərkən biz ruhən qidalanırıq. Dua bizim ruhani bəxşişlərdən zövq almaq və həqiqi xoşbəxtlik hissini keçirmək qabiliyyətimizi inkişaf etdirir. Həzrət Şövqi Əfəndi buyurur:
“Ən əsası insan ruhunun qidalanmasıdır və bu ruhani qidanı ən yaxşı şəkildə dua edə bilər. Həzrət Bəhaullaha görə, yalnız daxili ruhani həyatımız mükəmməlləşib dərin dəyişliklər keçirən zaman həqiqətən təsirli olur”
Dua zamanı insan Allaha yalvarmaqla Ondan kömək diliyə bilər. Әgәr Allah hәr şeyi yaratmışsa vә bütün işlәri ən mükәmmәl qaydada yerinә yetirirsә, yalvarıb dua etmәyin, öz ehtiyaclarımız haqqında danışmağın vә kömәk axtarmağın nә mәnası var? Hәzrәt Әbdül-Bәha cavab verir:
“Bil ki, zәifin Güclüdәn tәmәnna dilәmәsi tәbii haldır vә mәrhәmәt axtaranın Nurlu Sәxavәtliyә yalvarmasına yaraşan şeydir vә әgәr hәr hansı bir adam Rәbbә dua edirsә, Ona üzünü tutursa vә Onun dәryasında mәrhәmәt axtarırsa, bu dua onun qәlbinә işıq, gözünə aydınlıq, ruhuna hәyat vә bütün varlığına sevinc gәtirir. Sәn Allaha dua etdiyin vә “Sәnin Adın mәnim şәfamdır” - dediyin zaman qәlbinin necә sevindiyinә, könlünün Allaha olan mәhәbbәt ruhundan necә hәzz aldığına vә ağlının İlahi Sәltәnәtә necә cәlb olduğuna bir diqqәt et. Bu coşqunluqlar hәr bir adamın hәssaslığını vә qabiliyyәtini şiddәtlәndirir. Qabın hәcmi nә qәdәr böyük olarsa, bir o qәdәr çox su tutar, susuzluq artdıqda isә buludların sәxavәti adamın zövqünә daha çox xoş gәlir. Duanın mәnası vә dilәklәrimizin yerinә yetirilmәsi üçün bizim Allaha üz tutmağımızın sirri də elә bundadır”.
Dua edərkən insan öz fikirlərini Allahda cəmləşdirməlidir: dünyəvi olanları, ətrafında baş verənləri və hətta özünü belə unutmalıdır. Dərin düşünmə insanı başqa canlılardan fərqləndirən bir xüsusiyyətdir. Allahdan başqa hər şeyi unutmaq asan deyildir. Bundan ötrü cəhd göstərilməli, güclü istək olmalıdır. Şəxsi təsəvvür və arzulardan təmiz və azad olan zaman dualar daha böyük səmərəyə malik olur. Həzrət Bəhaullah yazır:
“Ey Nur oğlu! Məndən başqasını unut və Mənim ruhumla ünsiyyətdə ol...”
Həqiqi dua vəziyyətinə çatmağın digər vacib tələbi inamdır. İnsan Allahın mərhəmətinə tamamilə etibar etməli və əmin olmalıdır ki, O, bizə ən yaxşı olanı bəxş edəcək. Həzrət Əbdül-Bəha yazır:
“Ruh nüfuzedici gücə malikdir; dua ruhani təsirə malikdir. Ona görə də biz dua edirik, - “Ya Rəbb! Bu xəstəyə şəfa ver!”.Ola bilsin ki, Allah cavab versin. Kimin dua etməsinin fərqi varmı?Yalvarış və sızıltı ilə dua edərkən Allah hər bir bəndənin duasına cavab verəcəkdir. Onun fəzl və inayəti sonsuzdur. O, bütün bəndələrinin dualarına cavab verir...Allah hamıya cavab verər.”
Dualara sərf edilən vaxt və oxunan duaların sayı insanın ehtiyacından və ruhani yanğısından asılıdır. Həzrət Bəhaullah, Həzrət Bab və Həzrət Əbdül-Bəha bütün hallar üçün dualar bəxş etmişlər. Bəzi dualara xüsusi güc inayət edilmişdir. Hәzrәt Bәhaullahın Tәlimindә dua oxumaq böyük әhәmiyyәtә malik olsa da, bәhai duaları tәkcә yazılanlarla mәhdudlaşmır. Hәzrәt Bәhaullah buyurur ki, hәr bir şәxsin hәyatı dua kimi olmalıdır, yәni, vicdanla görülәn hәr bir iş ibadәtdir, Allahın Şәrәfinә vә yaxın qonşunun rifahına hәsr olunmuş hәr bir fikir, söz vә әmәl, sözün әsl mәnasında duadır.
“Ey mәnim Allahım! Ey mәnim Allahım! Sәnә xidmәt edәnlәrin qәlblәrini birlәşdir vә Öz Ali Mәqsәdini onlara aşkar eylә. Qoy onlar Sәnin hökmlərinə riayәt etsinlәr vә Sәnin Qanununu yerinә yetirsinlәr. Ey Allah! cәhdlərində onlara kömək eylə və Sənə xidmət etmək üçün onlara qüvvət bağışla. Ey Allah! Onları özbaşına buraxma, onların qәdәmlәrini Öz hikmәt Nurunla istiqamәtlәndir və qəlblərini Sənin mәhәb-bәtinlә sevindir. Hәqiqәtәn, Sәnsən onların Kömәyi, Sənsən onların Mövlası”.
—Bәhaullah
“Sən, Ey günahları bağışlayan Rәbb! Sənsən bütün bu bәndәlәrin sığınacağı. Sәn bütün sirlәrdən agahsan və hər şeydən xəbərdarsan. Biz hamımız acizik. Sәn isə Qüdrәtli vә Qüvvәtlisәn. Biz hamımız günahkarıq, Sәn isә günahları Bağışlayan, Mərhəmətli vә Şəfqətlisən. İlahi! Bizim qüsurlarımıza baxma. Öz fәzl vә bәxşişinlә bizimlә rәftar eylә. Bizim qüsurlarımız çoxdur, amma Sənin əfv dənizin tükənməzdir. Bizim acizliyimiz böyükdür, lakin Sənin kömək və yardımın bəllidir. Ona görə də yardımınla bizi müvəffəq eylə və qüvvətləndir. Bizi Sənin Müqəddəs Astanana layiq olan əməllər etməyə qadir eylə. Ürəklərimizi nurlandır, bizə bəsirət gözləri bağışla və eşidən qulaqlar əta eylə. Ölülərə həyat ver və xəstələrə şəfa bağışla. Yoxsullara zənginlik və qorxaqlara əmin-amanlıq ver. Bizi Öz Mələkutuna qəbul eylə və hidayət nuru ilə işıqlandır. Sən Qüdrətli və Qüvvətlisən. Sən Səxavətlisən. Sən Rəhmlisən. Sən Mehribansan. Sәn Qüdrәtlisәn, Sәn Qüvvәtlisәn, Sәn Kәrimsәn, Sәn Rәhimsәn, Sәn Mehribansan”.
—Әbdül-Bәha Abbas