top of page

Ehtiyacsızlıq Vadisi

Bu vadinin müsafirləri zahirən torpaq üzərində yaşasalar da, əslində mənalar Rəfrəfinə oturmuşlar və tükənməz mənəvi nemətlərdən qidalanırlar, lətif ruhani şərablardan içirlər

Ehtiyacsızlıq Vadisi

 

Yolçu bu uça və yüksək səfərin mərhələlərini qət etdikdən sonra Ehtiyacsızlıq vadisinə varid olar. Bu vadidə ilahi ehtiyacsızlıq nəsimlərinin ruh səhrasından əsdiyini və yoxsulluq pərdələrini yandırdığını görər. Və zahiri və batini gözü ilə şeylərin göründüyü və görünmədiyi anlarda «Allahın hər kəsi öz geniş kərəmi ilə ehtiyacsız etdiyi» günü müşahidə edər. O, kədərdən sevincə üz tutar, qəmdən şadlığa qayıdar, onun qüssə və sıxıntısı fərəh və genişliyə çevrilər.

 

Bu vadinin müsafirləri zahirən torpaq üzərində yaşasalar da, əslində mənalar Rəfrəfinə oturmuşlar və tükənməz mənəvi nemətlərdən qidalanırlar, lətif ruhani şərablardan içirlər.

 

Bu üç vadini təsvir etməkdə dil acizdir və son dərəcə qısadır. Qələm bu meydana qədəm qoya bilməz, mürəkkəb kağızı qaralamaqdan başqa bir səmərə verməz. Qəlb bülbülünün bu məqamlarda tamam başqa nəğmələri və başqa sirləri var ki, ürəyi cuşa, ruhu ehtizaza gətirər. Lakin bu mənaların sirrini yalnız ürək ürəyə deməlidir və sinə sinəyə çatdırmalıdır.

 

Ariflərin halını yalnız ürək ürəyə söyləyə bilər

Bu nə qasidin işidir, nə də məktubun həddi!

Mətləblərin çoxluğundan aciz qalıb susdum

Əgər az bir hissəsini desəm belə, nitqim onları saya bilməz.

 

Ey dost, bu mənaların bağçasına yetişməyincə, bu vadinin əbədi şərabından dada bilməzsən. Əgər dadsan, başqalarına göz yumarsan, ehtiyacsızlıq badəsini içib hamı ilə əlaqəni kəsərsən və Ona bağlanarsan, canını Onun yolunda qurban verərsən, ruhunu Ona fəda edərsən. Hərçənd bu məqamda başqaları olmur ki, onlara göz yumasan. «Allah var idi və Onun yanında heç bir şey yox idi». Belə ki, bu məqamda yolçu hər bir şeydə Yarın camalını görər: odda Cananın üzünü seyr edər, məcaza həqiqətin rəmzi kimi baxar, sifətlərdə mahiyyətin sirrini müşahidə edər. O, pərdələri bir ah ilə yandırıb, hicabları bir baxışla qaldırıb iti gözlə yeni xilqətə nəzər salar və həssas qəlblə incə əlamətləri sezər. «Bu gün sənin gözünü iti etdik»[48] kəlamı bu sözləri təsdiq edir və bu halı bilmək üçün kifayətdir.

bottom of page