top of page

Eşq Vadisi

Eşq şəhərinə daxil olmayınca, Yarın camalının Yusifinə qovuşa bilməzsən, Yaqub kimi zahiri gözündən keçməyincə, batini gözünü aça bilməzsən və eşq oduna yanmayınca, şövqündə olduğun Canana yetişməzsən.  Eşq atəşi alovlandımı - ağıl xırmanı büsbütün yanar.  Bəxtəvərdir o boyun ki, onun kəməndinə düşər və xoşbəxtdir o baş ki,

Onun məhəbbəti yolunda torpağa düşər.

Eşq Vadisi

 

Əgər bu səfərdə o, Allahın yardımı ilə nişanəsiz Yardan bir nişan taparsa və Əhədiyyət müjdəçisindən itmiş Yusifin ətrini alarsa, dərhal Eşq vadisinə qədəm qoyar və eşq odundan əriyər. Bu şəhərdə cazibə səması ucalar, dünyanı işıqlandıran şövq günəşi parlayar və eşq atəşi alovlanar. Eşq atəşi alovlandımı - ağıl xırmanı büsbütün yanar.

 

Bu zaman yolçunun özündən və başqalarından xəbəri olmaz: nə cahillik bilər, nə elm; nə şəkk bilər, nə yəqinlik; nə hidayət sübhünü tanıyar, nə də azğınlıq gecəsini . O, küfr və imanın hər ikisindən qaçar və öldürücü zəhər ona xoş gələr. Buna görə də Əttar deyib:

 

Küfr kafirin, din dindarın olsun

Sənin dərdinin bir zərrəsi isə Əttarın ürəyinin

 

Bu vadinin miniyi dərddir. Əgər dərd olmazsa, bu səfər heç vaxt başa çatmaz. Bu məqamda aşiqin Məşuqdan özgə bir xəyalı olmaz və Məhbubdan savayı heç kəsdə pənah axtarmaz. Hər an yüz canı Cananın yolunda qurban verər və hər addımda min başı Yarın ayaqları altına atar.

 

Ey mənim qardaşım! Sən eşq şəhərinə daxil olmayınca, Yarın camalının Yusifinə qovuşa bilməzsən, Yaqub kimi zahiri gözündən keçməyincə, batini gözünü aça bilməzsən və eşq oduna yanmayınca, şövqündə olduğun Canana yetişməzsən.

 

Aşiqin heç nədən qorxusu yoxdur və heç bir bəladan ona ziyan dəyməz. Onu odda soyuq görərsən, dəryada quru taparsan. Aşiqin nişanı odur ki, onu cəhənnəmdə şövqlü görərsən, Arifin nişanı odur ki, onu dəryada quru görərsən.

 

Eşq varlığı qəbul etməz və həyatı istəməz: o, həyatı ölümdə görər, izzəti zillətdə axtarar. Gərək çoxlu huşun olsun ki, eşqin coşmasına layiq olasan; gərək çoxlu başın olsun ki, Yarın kəməndinə düşməyə qabil olasan. Bəxtəvərdir o boyun ki, onun kəməndinə düşər və xoşbəxtdir o baş ki, Onun məhəbbəti yolunda torpağa düşər.

 

Elə isə, ey dost, özünə biganə ol ki, Yeganəni tanıyasan; fani dünyadan keç ki, ilahi yuvada məskən salasan. Gərək sən yox olasan ki, varlıq odunu yandıra biləsən və eşq yoluna qəbul ediləsən.

 

Eşq diri canı qəbul etməz

Şahin ölü siçanı ovlamaz 

 

Eşq hər an bir aləmi yandırar və hansı diyarda bayrağını ucaltsa, oranı viran qoyar. Onun məmləkətində varlıq mövcud deyil, onun səltənətində ağıllılara yer yoxdur. Eşq əjdahası ağıl ustadını udar və bilik müəllimini ovlayar; yeddi dərya içsə də, ürəyinin yanğısı sönməz və «yenə varmı?» deyər; özünə yad olar və aləmdə olan hər şeydən kənar gəzər.

 

Eşq hər iki aləmə biganədir

Onda yetmiş iki divanəlik var

 

Yüz minlərlə məzlum onun kəməndinə düşüb və yüz minlərlə arif onun oxu ilə yaralanıb. Dünyada nə qırmızılıq görsən, onun qəzəbindən bil, üzlərdə nə sarılıq görsən, onun zəhərindən say! O, fənadan başqa bir dərman verməz və yoxluq vadisindən savayı bir yerə qədəm basmaz, lakin aşiqin ağzında onun zəhəri baldan şirindir, axtaranın nəzərində onun fənası yüz min bəqadan xoşdur. Elə isə şeytani nəfsin pərdələri eşq odu ilə yandırılmalıdır ki, ruh «əgər sən olmasaydın» Sahibinin məqamlarını dərk etmək təmizlənsin və paklaşsın.

 

Eşq odunu alovlandır və bütün varlıqları yandır

Sonra da addım atıb aşiqlərin məhəlləsinə daxil ol

bottom of page