top of page

Bu məqamdakı yoxsulluq o deməkdir ki, yolçu xilqət aləmində olan hər şeydən yoxsul olur və ilahi aləmlərdə olan şeylərlə zənginləşir.

Həqiqi Yoxsulluq və Tam Fanilik Vadisi

Bu məqamdakı yoxsulluq o deməkdir ki, yolçu xilqət aləmində olan hər şeydən yoxsul olur və ilahi aləmlərdə olan şeylərlə zənginləşir.

Həqiqi Yoxsulluq və Tam Fanilik Vadisi

 

Yolçu heyrətin yüksək mərtəbələrinə ucaldıqdan sonra həqiqi yoxsulluq və tam fanilik vadisinə daxil olur. Bu, özündən fani olmaq və Allahda baqi olmaq səviyyəsidir, özündən yoxsullaşmaq və Məqsəddə varlanmaq məqamıdır. Bu məqamdakı yoxsulluq o deməkdir ki, yolçu xilqət aləmində olan hər şeydən yoxsul olur və ilahi aləmlərdə olan şeylərlə zənginləşir. Çünki sadiq aşiq və vəfalı həbib Məhbubun və Məşuqun hüzuruna yetişən kimi Məhbubun camalının nurundan və həbibin qəlbinin atəşindən bir od alovlanar və bütün hicabları və pərdələri yandırar və nəinki aşiqin malik olduqlarına, hətta onun beyninə və dərisinə də od vurar və Yardan başqa heç nə qalmaz.

 

Əzəli varlığın keyfiyyətləri təzahür edən kimi

Yaranmış varlıqların keyfiyyətləri yanıb kül olar

 

Bu məqama qovuşan kəs dünyaya aid olan bütün şeylərdən pak olur. Deməli, əgər vüsal dəryasına qovuşanların yanında fani aləmə məxsus olan məhdud şeylər – istər zahiri mal-dövlət olsun, istərsə də nəfsani niyyətlər – tapılmazsa, bunun əhəmiyyəti yoxdur. Belə ki, məxluqatın yanında olan şeylər öz hədləri ilə məhdudlaşır, haqqın yanında olanlar isə bundan uzaqdır.

 

Bu kəlamın üzərində çoxlu düşünmək gərək ki, aqibət bəlli olsun: «Şübhəsiz, yaxşı əməl sahibləri kafur qatılmış şərab içəcəklər». «Kafur» sözünün mənası aydınlaşarsa, əsil məqsəd məlum olar. Bu məqam yoxsulluğun nəticəsidir ki, onun barəsində buyurur: «Yoxsulluq - Mənim fəxrimdir» Batini və zahiri yoxsulluğun səviyyələri və mənaları vardır ki, onları burada qeyd etməyi münasib bilmədim. Bu işi başqa vaxta saxladım, görək Allah nə istəyəcək və qəza nə yazacaq.

 

Məhz bu məqamda bütün şeylərin çoxluğu yolçuda məhv olar və Onun Üzünün nuru əbədiyyət məşriqində qaranlıq buludundan parlayar. Beləliklə, «Hər şey məhv olar – Onun Üzündən başqa» ayəsi öz mənasını tapar.

 

Ey mənim dostum, ruhun nəğmələrini can və ürəklə dinlə, onları göz bəbəyin kimi qoru. Çünki ilahi biliklər əyyamı bahar buludu tək həmişə insan qəlblərinin torpağına yağış yağdırmır. Feyz sahibinin feyzində fasilə və təxir olmasa da, hər zaman və hər əsr üçün bir ruzi müəyyən edilib, bir nemət təyin olunub və yalnız qədərində və əndazəsində bəxş olunur. «Elə bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın, lakin Biz ondan ancaq müəyyən olunan qədər endirərik». Cananın rəhmət buludu yalnız can bağçasına yağış yağdırar, özü də bu səxavəti təkcə bahar vaxtı göstərər – başqa fəsillərin bu ən böyük fəzldən nəsibi, şoran torpaqların bu səxavətdən qisməti olmaz.

 

Ey qardaş, hər dənizdə ləl olmaz, hər budaq gül bitirməz və bülbül onda oxumaz. Elə isə nə qədər ki, mənəvi bağçasının bülbülü ilahi gülüstana qayıtmayıb və mənalar sübhünün nurları həqiqi günəşə dönməyib, çalışın, bəlkə bu fani torpaqda o baqi gülşənin ətrini duyasınız və bu şəhər əhlinin kölgəsində əbədi qalasınız. Elə ki, bu uca və yüksək rütbəyə yetişdin və bu əzəmətli məqama çatdın, Yarı görər və əğyarı unudarsan.

 

Yar pərdəsiz halda qapı-bacada

İşıq saçır ey bəsirət sahibləri!

 

Bir qətrə canından keçirsən və Cananın dəryasına qovuşursan. Sənin axtardığın məqsəd budur. İnşaallah, ona nail olarsan.

 

Bu şəhərdə nur pərdələri də yırtılır və yox olur. "Onun Camalında nurdan başqa hicab yoxdur, Onun Üzündə zühurdan savayı niqab yoxdur". Necə də qəribədir: Yar günəş təki aşkar, əğyar isə bər-bəzək və dinar axtarmaqdadır! Bəli, o, zühurun şiddətindən pünhandır və təzahürlərin çoxluğundan gizli qalıbdır.

 

Haqq parlayan günəş tək aşkardır

Amma heyif ki, korlar şəhərinə gəli

 

Bu vadidə yolçu vəhdəti-vücud və şühud mərtəbələrini keçib bu iki məqamdan da uzaq və üstün olan bir vəhdətə yetişər. Bu mətləbi hal ilə anlamaq olar, danışıq və cəngü-cidal ilə yox! Hər kəs bu məhfildə məskən salıbsa, yaxud bu bağın bir nəsimini duyubsa, nə demək istədiyimi yaxşı bilir.

 

Yolçu bütün bu səfərlərdə əslində təriqətin sirri və həqiqət ağacının bəhrəsi olan şəriətdən bir tük qədər də kənara çıxmamalıdır, hər bir səviyyədə əmrlərə itaətin ətəyindən tutmalı və qadağalara riayətin ipindən yapışmalıdır ki, şəriətin piyaləsindən içib həqiqətin sirlərinə vaqif olsun.

 

Bu Bəndənin sözlərindən nə başa düşülməsə və tərəddüd doğursa, yenidən soruşulmalıdır ki, şübhə yeri qalmasın və məqsəd Məhbubun "bəyənilmiş məqamdan" parlayan üzü kimi aydın olsun.

 

Zaman aləmində sonu görünməyən bu səfərlərdə əgər hər şeydən əlini üzmüş yolçuya qeybdən yardım yetişsə və Əmr Sahibi ona kömək göstərsə, o, bu yeddi məqamı yeddi addıma, bəlkə də yeddi nəfəsə, hətta bir nəfəsə də qət edə bilər. Bir şərtlə ki, Allah bunu istəsin və arzulasın. Və bu da "Onun istədiyi kəsə mərhəmətidir".

 

Tövhid havasında uçanlar və təcrid dəryasına qovuşanlar bu şəhərdəki Allahda baqilik məqamını ariflərin sonuncu səviyyəsi və aşiqlərin axırıncı məqamı saymışlar. Lakin məna dəryasında fani olan bu Bəndənin nəzərində həmin məqam ürək qəsrinin astanasıdır, yəni insanın qəlb şəhərinə varid olmasının başlanğıcıdır. Qəlbin isə dörd səviyyəsi var – əgər qəlb əhli tapılsa, bunlar da deyilər.

 

Qələm bu halın vəsfinə çatanda

Həm qələm sındı, həm də kağız cırıldı.

 

Vəssalam! Ey mənim dostum! Əhədiyyət səhrasının bu ceyranının ardınca bir çox itlər düşüb və əbədiyyət bağçasının bu bülbülünü bir neçə dimdik təqib edir; ilahi fəzanın bu quşuna qarşı kin qarğası pusqu qurub və eşq çölünün bu ovunu həsəd ovçusu izləyir. Ey şeyx, öz səyini şüşəyə çevir ki, bəlkə o, bu çırağı qarşıdan əsən küləklərdən qorudu. Hərçənd bu çıraq ümid edir ki, ilahi şüşədə yanacaq və mənəvi fanusda işıq saçacaq. Çünki ilahi eşqlə yüksələn boyun, əlbəttə, qılıncla vurular; məhəbbətlə ucalan baş, əlbəttə, bada gedər; Məhbubun zikrinə qovuşan könül, əlbəttə qanla dolar. Bəli, necə gözəl deyilibdir:

 

Məhəbbətdən uzaq yaşa

Çünki onun rahatlığı əzabdır

Onun əvvəli iztirab, sonu isə ölümdür

 

Salam olsun doğru yolla gedənlərə!

bottom of page