top of page

Heyrət Vadisi

Gah varlılıq mücəssəməsini yoxsulluğun özü kimi və ehtiyacsızlıq cövhərini tam acizlik kimi görər, gah Cəlal sahibinin Camalına məftun olar, gah da öz varlığından bezər. Bu heyrət qasırğası neçə-neçə məna ağaclarını kökündən qoparmış, neçə-neçə şəxslərin nəfəsini kəsmişdir

Heyrət Vadisi

 

Yolçu tam ehtiyacsızlıq mərhələlərini keçdikdən sonra heyrət vadisinə yetişər. O, əzəmət dəryalarında üzər və hər an heyrəti artar. Gah varlılıq mücəssəməsini yoxsulluğun özü kimi və ehtiyacsızlıq cövhərini tam acizlik kimi görər, gah Cəlal sahibinin Camalına məftun olar, gah da öz varlığından bezər. Bu heyrət qasırğası neçə-neçə məna ağaclarını kökündən qoparmış, neçə-neçə şəxslərin nəfəsini kəsmişdir. Belə ki, bu vadi yolçunu dəyişikliyə məruz qoyar, lakin bu dəyişiklik həmin vadiyə qovuşan kəsə olduqça xoş gələr və onda hədsiz rəğbət doğurar. O hər an ecazkar bir aləm və yeni bir xilqət müşahidə edər, heyrəti üstünə heyrət gələr və Əhədiyyət Sultanının yeni xilqətinə məftun olar.

 

Bəli, ey qardaş, əgər hər hansı bir məxluq üzərində düşünsək, yüz min mükəmməl hikmət görərik və yüz min ecazkar bilik öyrənərik. Bu yaranmışlardan biri də yuxudur. Gör onda nə qədər sirlər yatır, necə hikmətlər saxlanır və necə aləmlər gizlənir. Diqqət edin: siz bir evdə yatırsınız və o evin qapıları bağlıdır. Birdən özünüzü uzaq bir şəhərdə görürsünüz. Ayaqlarınızın hərəkəti və bədəninizin əziyyəti olmadan o şəhərə daxil olursunuz, gözünüzə zəhmət vermədən görür, qulağınızı işlətmədən eşidir və dilinizi tərpətmədən danışırsınız. Bəzən bu gecə yuxuda gördüyünüzün on ildən sonra zaman aləmində aşkarda şahidi olursunuz - özü də eynən yuxuda gördüyünüz kimi.

 

İndi bu yuxuda bir neçə hikmət var ki, bu vadi əhlindən başqa heç kəs onları olduğu kimi dərk edə bilməz. Birincisi, o hansı aləmdir ki, gözün, qulağın, əlin və dilin iştirakı olmadan bütün bunlar orada baş verir. İkincisi, zahiri aləmdə yuxunun məzmununu bu gün görürsən, amma həmin hadisəni yuxu aləmində on il qabaq görmüsən. İndi bu iki aləmin fərqi və onda gizlənmiş sirlər barədə düşün ki, ilahi yardıma və kəşflərə nail olasan və müqəddəslik aləmini anlayasan.

 

Allah-taala məxluqatda bu əlamətləri qoyub ki, həqiqəti axtaranlar axirət sirlərini inkar etməsinlər və onlara vəd olunanlara başdansovdu yanaşmasınlar. Bəziləri ağıldan yapışır və ağıla sığmayan şeyləri inkar edirlər, halbuki zəif ağıllar heç vaxt qeyd olunan bu səviyyələri dərk etməzlər. Yalnız hər şeyi əhatə edən ilahi Ağıl bunları bilər.

 

Cılız ağıl Quranı neçə əhatə edə bilər?

Hörümçək Simurqu ovlaya bilərmi?!

 

Bütün bu aləmlər heyrət vadisində yolçuya nəsib olar və görünər. Yolçu da hər an öz axtarışlarını artırar və yorulmaz. Buna görədir ki, əvvəlinci və axırıncı Seyid fikir aləmlərinə dalarkən və heyrətini izhar edərkən, buyurub: «Ya Rəbb, mənim Sənə olan heyrətimi artır!»

 

Eləcə də insan xilqətinin kamilliyi barədə düşün ki, bütün bu aləmlər və bütün bu məqamlar onda cəmləşib və gizlənib.

 

Səndə ən böyük aləm cəmləşdiyi halda

Sən özünü kiçik bir vücudumu sayırsan?!

 

Deməli, cəhd edib heyvani səviyyəni yox etməliyik ki, insani məna aşkara çıxsın.

 

Eləcə də hikmət çeşməsindən içmiş və mərhəmət dəryasından dadmış Loğman öz oğlu Natana qiyamət və ölüm məqamlarını isbat etmək üçün məhz yuxunu dəlil gətirmiş və misal göstərmişdi. Burada onu qeyd edirik ki, tövhid məktəbindəki o gəncin təlim və təcrid məqamlarındakı, o mürşidin xatirəsi bu fani Bəndədən yadigar qalsın. O demişdi: «Ey oğul, əgər yuxulamamağa qadir olsan, deməli, ölməməyə də qadir ola bilirsən. Əgər yuxudan ayılmamağı bacarsan, öləndən sonra dirilməməyi də bacararsan».

 

Ey dost, əbədi sirlərin məkanı olan ürəyini ötəri istəklərin oylağına çevirmə, qiymətli ömrünün sərmayəsini fani dünyanın məşğuliyyətləri yolunda əldən vermə. Sən müqəddəs aləmdənsən, ürəyini yerə bağlama. Sən ünsiyyət məclisinin əhlisən, torpaq məskənini bəyənmə!

 

Xülasə, bu məqamlar barədə söhbətin sonu və bu Bəndənin də zəmanə əhlinin vurduğu ziyanlardan əhvalı yoxdur.

 

Bu söhbət yarımçıq və natamam qaldı

Halım yoxdur. Halsızam, məni bağışla!

 

Qələm nalə çəkir, mürəkkəb ağlayır, ürək Ceyhununda qan çağlayır. «Bizə Allahın yazdığından başqa bir şey nəsib olmaz». Və salam olsun doğru yolla gedənlərə!

bottom of page