top of page

Həzrət Babın Məqamı

mənzərəli bağları və Terraslar

Həzrət Babın Məqamı

 

Həzrət Babın Məqamı Özünün məhbus olduğu və sədaqətli ardıcılları ilə ünsiyyətdən mərhum edildiyi o zülmət gecələrdə, düşmənlər Həzrət Baba hətta bir çırağı belə çox görmüşdülər. Lakin bu gün, hər il yüz minlərlə ziyarətçi Onun cismani qalıqlarını örtən işıqlı Məqama heyrətlə baxırlar. Nur dənizində qərq olunmuş kimi Həzrət Babın Məqamı hər gecə Müqəddəs Torpaqda Karmel Dağında yeganə müstəsna bir cəzbetmə nöqtəsi kimi dayanır. Binanın qeyri-adi yeri, Şərq və Qərb memarlığının ahəngdar qovuşması Aralıq Dənizi sahillərində onu tanınan və sevilən bir mayaka çevirmişdir.

 

1891-ci ilin yayında Həzrət Bəhaullah dağın çılpaq şimal ətəyinin yuxarı hissəsində sərv ağaclarının dövrə vurduğu yerdə dayanaraq, Oğlu Həzrət Əbdül-Bəhaya Həzrət Babın cənazəsini qəbul edəcək yaraşıqlı bir Məqamın tikiləcəyi yeri göstərdi. Həzrət Əbdül-Bəha orada torpaq almaq və sadə altı otaqlı bir Məqam tikmək kimi zəhmətli bir işə başladı. “O binanın hər bir daşını, ona aparan yolun hər bir daşını mən bitib-tükənməz göz yaşları və böyük əziyyətlər bahasına qaldırıb yerinə qoymuşam,” – Həzrət Əbdül-Bəhanın belə söylədiyini qeyd etmişlər. O öncədən demişdi ki, Məqam “ən nəfis bir formada, ən gözəl və büsatlı bir biçimdə tikilməlidir. Dağın ətəyindən başına qədər terraslar tikilməlidir. Dağın ətəyindən Məqama qədər doqquz terras, Məqamdan da dağın zirvəsinə qədər daha doqquz terras tikilməlidir. Bütün bu terraslarda rəngarəng çiçəklərlə bəzənmiş bağlar salınmalıdır.”

 

Həzrət Babın cənazəsi edamından sonra altmış il ərzində gizli saxlanıldı və gizli yollarla İrandan Müqəddəs Torpağa gətirildi və nəhayət 21 mart 1909-cu ildə uyumaq üçün dəfn edildi. Həzrət Əbdül-Bəhanın nəvəsi Şövqi Əfəndi yazırdı, “Hər şey tamamlanandan sonra, Şirazlı Şəhid Peyğəmbərin bu dünyadakı qalıqları, uzun çətinliklərdən sonra, nəhayət ki, öz əbədi məkanında uyumaq üçün Allahın müqəddəs dağının qoynunda təhlükəsiz bir şəkildə yerləşdirildi. Türbanını kənara atan Həzrət Əbdül-Bəha ayaqqabılarını çıxardı, əbasını atdı, hələ ki açıq olan sarkofaqın üzərinə əyildi, başında yanlardan dalğalanan gümüşü saçları, dəyişmiş və nurla parlayan çöhrəsi ilə O alnını taxta qutunun üzərinə qoydu və ucadan hönkürdü və elə bir sızıltı ilə ağladı ki, yanında olanların hamısı Onunla bərabər ağlaşdılar. O gecə Onu hisslər o qədər çulğamışdı ki, yata bilmədi.”

Həzrət Əbdül-Bəhanın süudundan sonra, Şövqi Əfəndi Bəhai Dininin Mühafizi olandan çox keçməmiş, əsas binaya daha üç otağın əlavə olunmasına şəxsən rəhbərlik etdi və onu doqquz otaqlı simmetrik kvadrata çevirdi. 1940-cı illərin əvvəllərində, görkəmli Kanada memarı Uilyam Suzerland Maksvel Məqamın günbəzinin tərtibatını verdi. İkinci Dünya Müharibəsinin təsirlərinə və regionu bürümüş iğtişaşlara baxmayaraq, tikinti 1953-cü ilin oktyabr ayında tamamlandı və bu, Şövqi Əfəndini onu “Allahın dağında taxta çıxmış, parlaq qızılı taclı, bərq vuran ağ işığa bürünmüş, zümrüdü yaşılla qurşaqlanmış, havadan, dənizdən, düzdən və təpədən hər gözü ovsunlayan Karmel Kraliçası” kimi təsvir etməyə ilhamlandırmışdı.

Həzrət Babın Məqamı

mənzərəli bağları və Terraslar

Ümumdünya Ədalət Evinin 1987-ci ildə terrasları Həzrət Əbdül-Bəhanın öncədən dediyi kimi tikilib başa çatdırılması barədə qərarı dünya bəhailərini hərəkətə gətirdi. Dünyanın hər yerindən ianələr axmağa başladı. Nə qədər az və ya çox olmasından asılı olmayaraq, hər bir məbləğ Bəhai icmasının üzvləri tərəfindən sədaqət və səxavət ruhunda, bu sevimli, müqəddəs yerin gözəlləşdirlməsində müəyyən bir töhfə vermək arzusu ilə könüllü olaraq bəxş edilmişdi. 1990-cı ildə on doqquz terrasın tikintisinə başlanıldı və 11 ildən sonra tamamlandı.

 

Bu terrasların açılışından bəri 10 il ərzində iki milyondan çox insan onları və ətraflarındakı bağları ziyarət etmişlər.2008-ci ildə Həzrət Babın Məqamı – Əkkada Həzrət Bəhaullahın Məqamı ilə birlikdə onların bəşərin ümumi irsinə “görkəmli ümumdünya dəyərlərə” malik olmaları səbəbilə UNESCO-nun Dünya İrsi siyahısına salınmışdır.

 

“Bağların və Terrasların gözəlliyi,” Ümumdünya Ədalət Evi yazırdı, “həm dünya xalqlarının ürəklərində, həm də planetin fiziki mühitində baş verməli olan transformasiyanın rəmzidir.”

 

Məhz bu transformasiya baxışı üçün Həzrət Bab və Onun on minlərlə ardıcılları öz həyatlarını fəda etdilər.

bottom of page