top of page

Həzrət Babın Yazılarından Seçmələr

 

Həzrət Babın Yazıları keyfiyyət və kəmiyyətcə, hər cəhətdən qeyri-adidir. Missiyasının təkcə birinci dörd ilində Onun qələmindən yarım milyon ayə - Quranın ölçüsündə 80 kitaba bərabər Yazı nazil oldu. Həzrət Bab çoxlu sayda məktublar, o cümlədən, İran şahı Məhəmməd şaha və ölkənin bütün aparıcı din xadimlərinə məktublar yazdı. Missiyasının erkən illərində Həzrət Bab əsasən Öz əli ilə yazırdı. Sonralar isə ayələr katibinə diktə edilirdi.

 

Aşağıda Həzrət Babın yazılarından kiçik sitatlar, o cümlədən ən çox sevilən dua və ayələr verilir:

 

Varmıdır Allahdan başqa çətinliklərdən qurtaran? Söylə: Sübhandır Allah, Odur Allah! Hamı Onun bəndələridir, və hamı Onun hökmünü yerinə yetirir! 

 

Özünü Allahdan başqa hər şeyə bağlılıqdan qurtar. Ondan başqa hər kəsdən ayrılaraq Allahda zəngin ol və bu duanı oxu: Söylə: Allah hər üstün olan şeydən üstün kifayətedicidir və yerdə və göydə və onların arasında olanlardan heç nə yox, ancaq sənin Rəbbin Allah kifayətedicidir. Həqiqətən, O Öz Zatında Bilici, Yardımçı və Qüdrətlidir.

 

Ya Rəbb! Sənə pənah gətirirəm və könlümü büsbütün sənin nişanələrinə verirəm. İlahi! İstər səfərdə, istərsə evdə, məşğuliyyətimdə, ya işimdə ikən- mən bütünlüklə Sənə təvəkkül edirəm. Sənin kifayətedici yardımını mənə bəxş eylə ki, hər şeyin asılılığından qurtarım, Sən Ey mərhəmətində bərabəri Olmayan Allah. Öz istədiyin kimi mənə ruzi nəsib eylə, İlahi və mənə qismət etdiklərinlə məni qane eylə.Mütləq hökm etmək ixtiyarı Səndədir.

 

Qəbul olunmalı dua son dərəcə ruhaniyyət və fərəhnaklıqla edilən duadır; Onun çox uzun olması Allah tərəfindən bəyənilməmişdir və bəyənilmir. Dua nə qədər inqita ilə və paklıqla edilərsə, O qədər də Allahın yanında qəbuldur.

 

Hər bir bəndəyə layiq olan budur ki, hər dəfə duadan sonra valideynlərinə rəhm etməsi və onların əfvi üçün Allaha yalvarsın.

 

Mən İlkin Nöqtəyəm ki, ondan bütün yaranmış şeylər törəmişdir. Mən Allahın Üzüyəm ki, parlaqlığı heç vaxt örtülməz, Allahın Nuruyam ki, şəfəqi heç zaman sönməz.

 

Allah Məni başqaları kimi gildən yaratmamışdır. Allah Mənə elə şey əta etmişdir ki, bu dünyanın qafilləri onu dərk edə bilməz, möminlər isə aça bilməz...

 

Bir ruhu hidayət etmək bütün dünyanın sərvətinə malik olmaqdan üstündür, zira o hidayət olunmuş ruh Tövhid Ağacının kölgəsində olduğu müddətdə, o və onu hidayət etmiş kəs Allahın inayətini alacaqlar, o zaman ki dünyəvi şeylərə malik olmaq ölümlə sona yetəcəkdir. Hidayətə aparan yol məhəbbət və şəfqət yoludur, güc və zor yolu deyildir. Allahın keçmişdə üsulu belə olmuş, gələcəkdə də belə olacaqdır!

 

Kainatın Rəbbi bütün insanları növbəti Zühuru və növbəti Kitabı qəbul etməyə dəvət edərək onlarla əhd bağlamayınca, heç vaxt, nə bir Peyğəmbər göndərmiş, nə də bir kitab nazil etmişdir; çünki Onun kərəm yağışı kəsilməz və sonsuzdur.

bottom of page