top of page

İnsanın İkili Mahiyyəti

Həzrət Əbdül-Bəha yazır:

 

"İnsanın ikili təbiəti vardır; ruhani və ya uca olan ilə maddi və ya daha aşağı olan. İnsan biriylə Allaha yaxınlaşır, digəriylə isə yalnız dünya üçün yaşayır. İnsanda bu iki xüsusiyyətin işarələri də mövcuddur." 

 

Hər bir insan Allahın sifətlərini əks etdirmə potensialına sahibdir. İnsanın Allahın bənzərində yaradılmasının məqsədi də budur.  Hər cür gözəl davranış, hər nəcib xüsusiyyət insanın ruhani təbiətinə aiddir və o insanın Allahın oxşarında və bənzərində yaradılmış ruhuna bağlıdır; bütün qüsurlu və günahkar davranışlar isə maddi təbiətindən, fiziki varlığından qaynaqlanır. Əgər bir insanın ruhani təbiəti onun maddi təbiətini üstələyirsə, o ruhani varlığa çevrilir, yox, əgər maddi təbiəti ruhani təbiətini əzirsə,  o, rəzalətə düçar olur. Həzrət Əbdül-Bəha yazır:

 

“İnsan maddiyatın ən ali dərəcəsində, ruhaniyyətin isə başlanğıcındadır, yəni, o, qeyri-kamilliyin sonu və kamilliyin başlanğıcıdır; o, qaranlığın son həddində, nurun isə əvvəlindədir. Məhz buna görə deyilib ki, insanın halı gecənin sonu, gündüzün başlanğıcıdır, o mənada ki, o, qeyri-kamilliyin bütün dərəcələrinin məcmusudur və kamillik dərəcələrinə də malikdir. Onun heyvan tərəfi, həmçinin mələk tərəfi də vardır və tərbiyəçinin də məqsədi ondan ibarətdir ki, onu elə tərbiyə eləsin ki, onların mələk tərəfi heyvan tərəfinə üstün gəlsin. Onda insandakı əsas kamillik olan ilahi qüvvə şeytani qüvvəni üstələyirsə, hansı ki, mütləq qeyri-kamillikdir, onda o, xilqət arasında ən ali varlıq olur; lakin əgər şeytani qüvvə ilahi qüvvədən üstün olursa, o, yaradılış arasında ən aşağı bir varlığa çevrilir. Məhz buna görə o, qeyri-kamilliyin sonu və kamilliyin başlanğıcıdır. Mövcudat dünyasında elə bir başqa növ yoxdur ki, insandakı qədər fərq, təzad, ziddiyyət və müxalifliyə malik olsun.  Eynilə də, bilik insana məxsus keyfiyyətdir, eləcə cahillik də; doğruluq da insanın keyfiyyətidir; beləcə yalançılıq da onun keyfiyyətidir; etibar və xəyanət, ədalət və ədalətsizlik və s. də insana məxsus keyfiyyətlərdir. Qısası, bütün kamilliklər və məziyyətlər və bütün qüsurlar da insanın keyfiyyətləridir”

Hamımız Allahın sevgisini duymaq və bu sevgini Onun yaratdıqlarının üzərinə salmaq qabiliyyətinə malikik. Həzrət Əbdül-Bəha belə yazmışdır: 

 

"Sevgi necə bir gücdür! Varlıq aləmində həqiqətən də sevginin gücündən daha böyük bir güc yoxdur. İnsan, ürəyi sevgi alovu alovlandığı vaxt hər şeyi fəda etməyə hazır olur, həyatını belə."

 

İnsanın ruhi və əqli kamilləşməsinin həddi yoxdur. İnsan özünün cəhdləri, cəmiyyətin köməkliyi və Allahın yardımı ilə sonsuz kamilləşmə və Allaha yaxınlaşmaq qabiliyyətinə malikdir. Kamilləşmə bu dünyada başlayıb, o biri dünyada sonsuzluğa kimi davam edir. Həzrət Əbdül-Bəha yazır:

“İlahi kəramətlər sonsuz olduğu kimi, insan kamillikləri də sonsuzdur. Əgər kamilliyin son həddinə çatmaq mümkün olsaydı, onda varlıqlardan biri Allahdan asılı olmamaq vəziyyətinə çatar və asılı olan bir şey mütləqlik məqamına çatardı. Lakin hər bir varlıq üçün bir nöqtə vardır ki, onu aşa bilməz, yəni bəndəlik məqamında olan, qeyri-məhdud kamilliklər qazanmaqda o, nə qədər tərəqqi etsə də, heç vaxt Allahlıq məqamına çata bilməz. Başqa varlıqlara münasibətdə də bu belədir. Bir mineral aləmində nə qədər tərəqqi etsə də, bitki gücü əldə edə bilməz. Beləcə çiçək də, bitkilər aləmində o, nə qədər inkişaf etsə belə, heç bir duyğu qabiliyyəti meydana çıxmayacaq. Belə ki, bu gümüş eşitmə və ya görmə qabiliyyətinə malik ola bilməz; O, ancaq öz səviyyəsində mükəmməlləşə bilər və yaxşı mineral ola bilər, lakin o, nə böyümə, nə duyğu, və  nə də həyat gücü əldə edə bilər; o, ancaq öz səviyyəsində tərəqqi edə bilər. ...mövcud olan hər bir varlıq tərəqqi etməyə qabildir. Necə ki, insan ruhu bu maddi formanı soyunduqdan sonra əbədi həyata malik olur, mövcud olan hər hansı varlıq da tərəqqi etməyə əlbəttə, qadirdir; ona görə də buna izn vardır ki, insan öldükdən sonra onun kamilləşməsi, bağışlanması, ona mərhəmət və şəfqət və xeyir-dua verilməsi üçün rica edilsin, çünki mövcudluq tərəqqi etməyə qadirdir. Məhz buna görə Həzrət Bəhaullahın dualarında ölənlərin bağışlanması və əfv edilməsi üçün dualar vardır. Bundan əlavə, necə ki, insanların bu dünyada Allaha ehtiyacları vardır, onların o biri dünyada da Ona ehtiyacları olacaqdır. Yaradılanlar həmişə möhtacdırlar, Allah isə mütləq mənada nə bu dünyada, nə də o birisində heç nədən asılı deyil.”

bottom of page