top of page

Müqəddəs Yazıların Səhər və Axşam Oxunması

Həzrət Bəhaullah bəhailərə hər günün başlanğıcında və sonunda Müqədəs Yazıları oxuyub onlar üzərində düşünməkdən ötrü bir qədər vaxt ayırmağı məsləhət görmüşdür. Bu məşğələlərdə məqsəd – zehnimizi yormadan onu təzələməkdir. Həzrət Bəhaullah buyurur ki, Müqəddəs Yazıları uzun-uzadı başdan- sovdu oxumaqdansa, kiçik parçanı sevinc və həvəslə oxumaq daha faydalıdır. Həzrət Bəhaullah buyurur:

 

“Sənə göndərilmiş ayələri, ey Mənim bəndəm, Allaha yaxın olanların oxuduqları kimi, xoş avazla oxu, ta ki, nəğmələrinin şirinliyi sənin öz qəlbini alovlandırsın və bütün insanların ürəyini cəzb etsin. Hər kim Allahın nazil etdiyi ayələri öz evində tənhalıqda oxusa, Qüdrətlinin hər yerdə mövcud olan mələkləri onun dodaqlarının söylədiyi sözlərin ətrini hər tərəfə yayacaq və hər möminin ürəyini həyəcanlandıracaqdır. Bəlkə də, o, əvvəlcə onların təsirindən bixəbər olacaq, lakin ona inayət edilmiş mərhəmətin gücü gec-tez onun ruhuna öz təsirini göstərəcəkdir. İlahi Vəhyin sirləri qüdrət və hikmət Məşriqi olan Kəsin İradəsinin gücü ilə belə hökm olunmuşdur”.

 

“Allahın ayələrini hər səhər və hər axşam oxuyun. Onları oxumayan, həqiqətən, Allahın Əhdinə vəfa etməmişdir və bu gün onlardan üz döndərən, həqiqətən, əzəldən əbədiyyətə qədər Allahdan üz döndərmişdir. Allahdan qorxun, ey Mənim bəndələrim, hər biriniz və hamınız!”

bottom of page