Azərbaycan Bəhai İcmasının Rəsmi Vebsaytı

Ağadadaş Qurbanov küçəsi, 6/44 (Nizami metrosunun yaxınlığında) Tel: +994-12-497-3041   AzerbaycanBahaiIcmasi@gmail.com

 

Bizə Abunə olun və Aylıq Bülletenlərimizi Alın

 

  • Facebook Social Icon
  • ss1
  • YouTube Social  Icon
  • Facebook Social Icon

Bakı Ruhani Məhfili- Bəhailərin Dini Rəhbərliyi

Qadın-kişi Bərabərliyində Şüurlu

Qadın-kişi bərabərliyinə doğru 

 

Azərbaycanda qadınların cəmiyyətdə və məişətdə yeri həmişə birmənalı qəbul edilməyib. O ana kimi həmişə ehtiram zirvəsində olub, lakin eyni zamanda adət və ənənələrin məhdudiyyətləri altında əziyyət çəkmişdir. Bu isə öz növbəsində məişətdə və cəmiyyətdə müəyyən zərərli meyllərin möhkəmləndirmiş, qadınların potensialının tam açılmasına mane olmuşdur. Müasir cəmiyyətimizdə qadınlara kişilərlə bərabər imkan yaradılmasında son dərəcə mühüm addımlar atılsa da, düşüncə səviyyəsində məhdudiyyətlər və bunun nəticəsi olan davranışlar hələ də qalmaqdadır. Bu gerçəklik etiraf olunmasa da, cəmiyyətin digər sahələrində də öz təsirini göstərməkdədir. Bu baxımdan, Bəhai icması, bu cəmiyyətin bir hissəsi olaraq, Həzrət Bəhaullahın İlahi Təlimi işığında qadınların inkişafı və onların potensialının daha da açılması istiqamətində göstərilən fəaliyyətləri dəstəkləyir və bu sahədəki diskurslara töhfələr vermək əzmini saxlayır.

 

Qadın-kişi bərabərliyi sadəcə cəmiyyətin xeyri üçün arzu olunan bir şərt deyildir, o insanın mahiyyəti haqqında fundamental bir həqiqətdir. Bəhai təlimlərində qadına və onun sosial statusuna baxış universal olub, sosial cəhətdən qadınla kişi arasında heç bir fərqin olmadığını təsdiq edir. İnsanın mahiyyəti onun ruhudur. Bəhailər inanırlar ki, ruhun cinsi yoxdur. Kişilərin və qadınların fiziki fərqləri vardır və bunlar da onların dünyanı necə qavramalarının bəzi cəhətlərinə təsir göstərir. Bununla belə, mahiyyət, keyfiyyət və potensialları baxımından, insanı insan edən cəhətlər nöqteyi-nəzərindən, qadın və kişilər arasında heç bir fərq yoxdur. Nə də ki, biri o birindən üstünlüyə malik olması barədə iddia edə bilər. “Qadınlar və kişilər Allahın nəzərində bərabər olmuşlar və həmişə də bərabər olacaqlar. Ona görə də bu vacibdir ki, ruhani həqiqət kimi artıq mövcud olan bərabərlik praktikada öz ifadəsini tapsın.

 

Qadın-kişi bərabərliyini irəli aparan, birlik və ədalət prinsiplərini dəstəkləyən sosial qurumların yaradılması və sosial praktikanın inkişaf etdirilməsi insanların düşüncəsində və cəmiyyətin strukturlarında dərin dəyişikliklər tələb edəcək. Bu hədəf istiqamətində işləyən fərdlər və qruplar, bu prinsipləri özlərinin fərdi və kollektiv həyatlarının müxtəlif cəhətlərinə tətbiq etməyə çalışdıqca baş qaldıran suallar və meydanoxuyucu məsələlər üzərində məşvərət etmək və düşünmək istəyə bilərlər. Dünyada və eləcə də Azərbaycanda təlim-tərbiyə, təhsil, ailə və digər bir sıra ictimai-sosial problemlər məhz qadınların inkişafında, onlara haqq etdikləri yerin verilməsində əldə ediləcək yeni baxışlardan və onların tətbiq edilməsi üçün ortaya qoyulacaq kollektiv iradədən asılı olacaqdır. Azərbaycan cəmiyyətində qadın-kişi bərabərliyi qanunvericilik müstəvisində, demək olar, həll olunmuş bir məsələdir, lakin onun həyatın hər bir sahəsində öz ifadəsini tapması uzun səylər tələb edir və bu məsələ barəsində icitmai diskurslar nə qədər tez başlasa, cəmiyyətimiz o qədər faydalana bilər. Belə bir diskursun başladılması üçün hər bir şərait, həm qanunvericilik bazası, həm ədəbiyyat, həm də tarixi zəmin vardır.

 

Tahirə Qürrətüleyn Şərqin İlk Azad Qadını

Həm maraqlı, həm də qürurvericidir ki, Azərbaycan şərqdə ictimai və mədəni sferalarda, musiqi və ədəbiyyatda bir çox yeniliklərə imza atmışdır. Yaxın şərqdə, müsəlman cəmiyyətlərində qadınların azadlığı məsələsi universal bir ideya kimi ilk dəfə məhz Azərbaycanda baş qaldırmışdır. Bu bilavasitə Həzrət Babın gətirdiyi yeni dini təlimdən qaynaqlanırdı, onu ilk dəfə ictimailəşdirən, öz həyatı və fəaliyyəti ilə gələcək nəsillərə cəsarət nümunəsi göstərən qadın, qəzvinli azərbaycanlı qızı Zərrintac Tahirə olmuşdur.

 

Daha çox Tahirə kimi tanınmış - şairə, yazıçı, insanlar və insanlığın yüksəlişi naminə əhəmiyyətli olduğuna inandığı iş üçün yaşayan və ölən görkəmli bir qadın - Qürrətül-Eyn tarix səlnaməsində bənzərsiz bir şəxsiyyətdir. O, cəsur, şücaətli, namuslu idi və doğru hesab etmədiyinə “yox” demək cəsarətinə və dürüstlüyünə malik idi. O, əsrlərlə yaranmış ziyanlı ənənələrə meydan oxudu və öz ölkəsinin qadınlarının azadlığı üçün əməli addımlar atdı, onlara şərəfə, azadlığa və firavanlığa çatmağın yeni yollarını göstərdi.

 

Həzrət Əbdül-Bəha Tahirə haqqında yazmışdır: “İsmətli və müqəddəs bir qadın, bənzərsiz gözəlliyin nişanəsi və əlaməti, İlahi eşqin yanan məşəli, Onun bəxşiş çırağı cənabi Tahirə idi.”

 

“Bütün beş qitə boyunca onun haqqında daha çox bilmək istəyən alovlu heyranlar çoxsaylı və müxtəlifdir. Nə qədər insanların davranışı onun ilhamverici nümunəsi ilə nəcibləşmişdir, o kəslər ki, onun bənzərsiz mədhiyyələrini əzbərləmişlər, yaxud şeirlərinə musiqi bəstələmişlər, o kəslər ki, onların gözləri qarşısında onun ramedilməz ruhunun görüntüsü sayrışır, ürəklərində zamanın tutqunlaşdıra bilməyəcəyi məhəbbət və heyranlıq həkk olunub, qəlblərində o cür cəsarətlə, eyni sədaqətlə onun özü üçün seçdiyi və Babi dinini qəbul etdiyi andan ölümünə qədər heç zaman dönmədiyi yolla getmək qətiyyəti yanır.” Bunlar Şövqi Əfəndinin rəşadətli Tahirə haqqında yazdıqlarından bir parşadır.

 

Türk şairir Süleyman Nazif isə Onun haqqında yazırdı: “Bu bənzərsiz qadın, mənim fikrimcə, dünyanın ən dəyanətli və ən iffətli qadınıdır. Bu bənzərsiz qadın doğulanda, valideynləri ona Zərrintac adı verdilər. O, doğrudan da, zərrintac (qızıl tac) idi. O gözəllik və lətafət haləsi, bilik üçün hüdudsuz istedad xəzinəsi ilə doğulmuşdu. O, istər fitri, istərsə də qazandığı uca keyfiyyət və məziyyələrini insanların nicatına həsr etdikdən sonra onlar onu “Qürrətül-Eyn” adına layiq gördülər. Zərrintac hər bir kədərli göz üçün sevinc işığına və ümid alovuna çevrildi. Belə gözəllik və cəsarətə əlavə olaraq, o elə iffətli və ismətli idi ki, hətta onun amansız qatı düşmənləri belə onun mühakimə bayrağı altında toplananların ona verdikləri “Tahirə” sifətini sual altına ala bilmirdilər, onu öldürmək niyyətində olanlar isə qəbul edilir və onun şanı və şərəfi qarşısında hörmətlə davranırdılar. Hər kəslə cürətlə ünsiyyət edən bu iffət rəmzi ehtiras çirkinliyindən ləkələnməmiş qaldı.”