Ruhun Dərəcələrin
.......Bitki ruhu belədir. Bundan sonra həmçinin elementlərin qarışmasından və birləşməsindən törəyən heyvan ruhu gəlir. Lakin bu birləşmə daha mürəkkəbdir və Qüdrətli Rəbbin hökmü ilə burada kamil bir birləşmə meydana çıxmışdır və heyvan ruhu - başqa sözlə, hissiyyat qüvvəsi törəmişdir. Bu, şeylərin gerçəkliyini gördüklərindən və görünən, eşidilən, yeyilən, lamisə və qoxu üzvlərilə qavranan şeylərdən qəbul edir. Birləşmiş elementlərin dağılmasından və parçalanmasından sonra bu ruh da təbii olaraq yox olur. Bu, gördüyünüz bu lampaya bənzəyir: yağ, fitil və od bir araya gətiriləndə işıq meydana çıxır; amma yağ qurtaranda və fitil yanıb bitəndə işıq da sönür və yox olur.
İnsan ruhu isə güzgüdə parlayan günəşin kəramətinə bənzədilə bilər. İnsanın bədəni, hansı ki, elementlərdən təşkil olunub, mükəmməl bir formada birləşib və uzlaşıb; bu ən möhkəm bir quruluşdur, ən ali birləşmədir, ən kamil mövcudluqdur. Bu, heyvan ruhu vasitəsilə böyüyür və inkişaf edir. Bu kamil bədən güzgüyə, insan ruhu isə günəşə bənzədilə bilər. Bununla belə, əgər güzgü qırılarsa, günəşin kəraməti davam edir; və əgər güzgü məhv olarsa və mövcudluğu dayanarsa, günəşin əbədi olan kəramətinə heç bir ziyan dəyməyəcək. Bu ruh aşkara çıxarmaq qüdrətinə malikdir; o hər şeyi əhatə edir. Sizə məlum olan bütün bu ecazkar nailiyyətlər, bu elmi kəşflər, böyük müəssisələr və mühüm tarixi hadisələr məhz bu ruhun üzə çıxan qüdrətidir. Gizli və görünməz aləmdən ruhani qüvvə vasitəsilə bu, onları görünən aləmə gətirmişdir. Belə ki, insan yerdə olarkən, göylərdə kəşflər edir. Məlum şeylərdən – yəni o şeylər ki, məlumdur və gözəgörünəndir – o qeyri-məlum şeylər aşkara çıxarır. Məsələn, insan bu yarımkürədədir; amma Kolumb kimi, o öz ağlının gücü ilə başqa bir yarımkürəni kəşf edir, yəni Amerikanı, hansı ki, o vaxta qədər kəşf olunmamışdı. Onun bədəni ağırdır, lakin o ixtira etdiyi vasitələrlə uça bilir. Onun hərəkəti yavaşdır, lakin icad etdiyi vasitələrlə o Şərqə və Qərbə son dərəcə yüksək sürətlə hərəkət edir. Xülasə, bu qüvvə hər şeyi əhatə edir. Amma insan ruhunun iki cəhəti vardır: bunlardan biri ilahi, digəri isə şeytani cəhətlərdir – yəni o, ən yüksək kamilliyə və ya ən yüksək qeyri-kamilliyə qadirdir. Əgər insan məziyyətlər əldə edirsə, o, mövcud olan bütün varlıqların ən alisidir; və əgər o qüsurlar əldə edirsə, onda insan ən alçaq varlığa çevrilir.
Ruhun dördüncü dərəcəsi İlahi ruhdur; Bu iman ruhu və Allahın kəramətidir; bu Müqəddəs Ruhun nəfəsindən gəlir və ilahi qüvvənin köməyilə bu, əbədi həyat mənbəyi olur. Bu bir qüvvədir ki, yer əhli olan insanı səma əhli edir, qeyri-kamil insanı isə kamil insana çevirir. O, pak olmayan insanı pak bir varlığa, dilsiz-ağızsızı bəlağət sahibinə çevirir; cismani arzular əsiri olanları o, pak və müqəddəs edir; o, nadanı hikmət sahibi edir.
Beşinci ruh Müqəddəs Ruhdur. Bu Müqəddəs Ruh Allahla Onun yaratdıqları arasında vasitəçidir. Bu günəşə yönəlmiş güzgü kimidir. Necə ki, təmiz güzgü günəşdən işığı alır və kəraməti başqalarına ötürür, beləcə də Müqəddəs Ruh Həqiqət Günəşinin Müqəddəs İşığını vasitəçi kimi arınmış varlıqlara verir. Bu, bütün ilahi kamilliklərlə zinətlənmişdir. Hər dəfə o meydana çıxanda dünya yenilənir və yeni tsikl başlayır. İnsanlıq aləmi yeni libas geyinir. Bu yazla müqayisə edilə bilər; nə zaman ki, bahar gəlir, dünya bir haldan digər hala keçir. Yaz fəslinin gəlməsi ilə qara torpaq, tarla və çöllər yaşıllaşır və çiçəkləyir, bütün növ çiçəklər və xoş ətirli otlar böyüyür; ağaclar yeni həyat əldə edir, təzə meyvələr yetişir və yeni tsikl başlayır. Müqəddəs Ruhun zahir olması da buna bənzəyir. O zahir olanda insan aləmini yeniləyir və insan varlığına yeni bir ruh əta edir: o, mövcudluq aləmini gözəl geyimlə bəzəyir, cəhalətin zülmətini qovur və kamilliklərin işığının parlamasına səbəb olur. Məsih bu qüvvə ilə dövrü təzələdi; ilahi bahar fəsli özünün ən yüksək təravət və gözəlliyi ilə insanlıq aləmində taxtını qurdu və həyatverici nəsimlərin yaydığı ətirlər ziyalanmış insanları bürüdü.
Eynilə də, Həzrət Bəhaullahın gəlişi yeni bahar fəslinə bənzəyirdi ki, bu gəliş müqəddəs nəsimlərlə, əbədi həyat qoşunları və səmavi qüvvə ilə üzə çıxdı. O, İlahi Səltənətin Taxtını dünyanın mərkəzində qurdu və Müqəddəs Ruhun vasitəsilə ruhları diriltdi və yeni tsikl başladı”.