Sevgi və İrfan
.....“Öz dostluğunuzu yalnız sözlərdə göstərməklə kifayətlənməyin; qoy sizin ürəyiniz yolunuzda rast gəldiyiniz hər kəsə qarşı sevgi və lütf ilə alışıb yansın....Xəstələrə və iztirab çəkənlərə son dərəcə xeyirxah və mərhəmətli olun. Bu dərmanın özündən də təsirlidir...”
“Ey Allahın sevgili dostu! Bu müqəddəs Dövrdə münaqişə və mübahisəyə heç vəchlə izn verilmir. Hər zülmkar özünü Allahın mərhəmətindən məhrum etmiş olur. Fərdin şərəfi və aliliyi bundan ibarətdir ki, o, dünyanın insanları arasında ictimai xeyir mənbəyi olsun. Bundan da böyük bir səxavət təsəvvür etmək mümkündürmü ki, bir insan, öz daxilinə baxdıqda görə ki, Allahın saxlayıcı fəzli ilə öz qardaşları üçün o sülh və firavanlıq, xoşbəxtlik və fayda mənbəyi olub? Xeyr, tək olan haqq Allaha and olsun, bundan böyük xeyir-dua, bundan yüksək ləzzət ola bilməz. Özünüzü öz qayğılarınızla məşğul etməyin; qoy sizin fikirləriniz bəşəriyyətin vəziyyətini bərpa edən və insanların ürəklərini və qəlblərini pak edən şeylər üzərində cəmləşsin. O kəslər ki, Allah adamıdırlar, dünyanı yenidən canlandırmaqdan, onun həyatını nəcibləşdirməkdən və insanları ruhən dirçəltməkdən başqa heç bir məqsədləri yoxdur. Məhəbbət və mehribanlıq ruhu o qədər güclü olmalıdır ki, aralarındakı fərqlər nə olursa olsun, yad özünü dost kimi hiss etməlidir, düşmən isə həqiqi qardaş”.
“Sərvətin olanda səxavətli ol, olmayanda isə şükr elə. Başqalarına münasibətdə etibarlı ol, qoy alnın açıq, üzün ağ olsun. Kasıblar üçün xəzinə, varlılar üçün nəsihətçi ol. Köməyə çağırana cavab ver və öz vədinə sadiq ol. Mühakiməndə insaflı, nitqində ehtiyatlı ol. Heç kəslə ədalətsiz davranma, hamıya qarşı təvazökar ol. Zülmətdə çıraq ol, qəmginlərə sevinc gətir, susuzlara dərya ol, sənə pənah gətirənlərə havadarlıq et, məzlumlara kömək göstər, onların əlindən tut və arxa ol. Əməllərində bütöv və dürüst ol. Həqiqətin üzünə gözəllik, etibarın vücuduna bəzək, əxlaqın evinə dirək, aləmin bədəninə nəfəs, ədalət qoşunlarına bayraq və yaxşılıq üfüqünə nur ol. İnsan ürəyinin torpağına düşən şeh, elm dənizində üzən gəmi ol. Səxavət səmasının ulduzu, hikmətin başının tacı, nəsillərin alnının işığı, itaətkarlıq ağacının meyvəsi ol”.