top of page

Tövhid Vadisi

Bu məqamda o, Həsrət pərdələrini cırar, şəhvət aləmlərin-dən uçar və vəhdət səmasına ucalar. O, Allahın qulağı ilə eşidər, Rəbbani gözü ilə Səmədani xilqətin sirlərini görər, Yarın xəlvət otağına qədəm qoyar, Məhbubun xüsusi otağına məhrəm olar, həqiqətin əlini Mütləqin qoynundan çıxarar, qüdrətin sirlərini aşkar edər...

Tövhid Vadisi

 

Yolçu məhdudluğun sonuncu məqamı olan mərifət vadisini keçdikdən sonra tövhid məqamının əvvəlinə yetişər və Təcrid piyaləsindən içib Təklik məzhərlərini seyr edər. Bu məqamda o, Həsrət pərdələrini cırar, şəhvət aləmlərindən uçar və vəhdət səmasına ucalar. O, Allahın qulağı ilə eşidər, Rəbbani gözü ilə Səmədani xilqətin sirlərini görər, Yarın xəlvət otağına qədəm qoyar, Məhbubun xüsusi otağına məhrəm olar, həqiqətin əlini Mütləqin qoynundan çıxarar, qüdrətin sirlərini aşkar edər. O özündə vəsf, ad və san görməz, öz vəsfini Haqqın vəsfində görər və Haqqın adını öz adında müşahidə edər; bütün avazları şahdan bilər və bütün nəğmələri Ondan eşidər. «De: hamısı Allah tərəfindəndir» kürsüsündə əyləşər və «Qüdrət və qüvvət yalnız Allaha məxsusdur» taxtında dincələr. Bütün şeylərə tövhid nəzəri ilə baxar, İlahi Günəşin Mahiyyət məşriqindən bütün məxluqata eyni cür işıq saçdığını görər, Tövhid nurlarının cəmi mövcudatda var və aşkar olduğunu müşahidə edər.

 

Cənabınıza məlumdur ki, yolçunun yol boyunca yaradılış aləmində müşahidə etdiyi bütün müxtəlifliklər yolçunun öz baxışındandır. Bu mənanın tamamilə aydın olması üçün burada bir misal çəkmək istəyirik. Adi günəşə nəzər salın: o bütün məxluqata və mövcudata eyni cür işıq saçır və Zühur Sultanının əmrinə əsasən bütün şeylərə nur paylayır. Lakin o hər bir yerdə həmin yerin qabiliyyətinə uyğun şəkildə zahir olur və feyz bəxş edir. Belə ki, güzgüdə o, bütün kürəsi və şəkli ilə görünür və bu, güzgünün özünün paklığı sayəsində baş verir; büllurda o, od doğurur, digər əşyalarda isə onun nurunun təsiri görünür, onun kürəsi yox. Beləcə həmin təsiri ilə o, Yaradanın əmrinə əsasən hər bir şeyi öz qabiliyyətinə uyğun olaraq bəsləyir. Necə ki, görürsünüz.

 

Habelə, rənglər də yerinə uyğun surətdə zahir olur. Belə ki, sarı şüşədə şüalar sarı, ağ şüşədə ağ, qırmızıda isə qırmızı rəngdə görünür. Deməli, bu müxtəlifliklər yerlə əlaqədardır, şüalarla yox. Əgər müəyyən yerdə divar və tavan kimi maneələr olarsa, o yer təmamən günəşin işığından məhrum qalar və günəş ora nur saçmaz. Eləcə də bəzi zəif şəxslər mərifət torpağını nəfs və ehtiras divarı ilə, qəflət və korluq pərdəsi ilə örtdükləri üçün mənalar günəşinin işığından və Əbədi Məhbubun sirlərindən məhrum qalmışlar, Peyğəmbərlər Ağasının aşkar dininin hikmət cövhərlərindən uzaq düşmüşlər, Camal hərəminə və Cəlal Kəbəsinə çata bilməmişlər. Zəmanə əhlinin vəziyyəti belədir. Və əgər bir bülbül nəfs gilindən qalxıb qəlb gülünün budağına qonsa və Hicaz nəğmələri və xoş İraq ahəngləri ilə ilahi sirləri xatırlatsa, hansı ki, bircə kəlməsi bütün ölmüş bədənlərə yeni həyat verir və məxluqatın çürümüş sümüklərinə müqəddəs ruh bəxş edir, onda görərsən ki, minlərlə həsəd caynağı və ədavət dimdiyi onun qəsdinə durub və var qüvvəsi ilə onu həlak etməyə çalışır. Bəli, dozanqurdunun xoş ətirdən xoşu gəlməz və zökəm olmuşlara gözəl rayihənin xeyri olmaz. Buna görə də avamlara yol göstərmək üçün demişlər:

 

Beynindən və burnundan zökəmi çıxar ki

Burnuna Allahın rayihəsi gəlsin

 

Xülasə, yerlərdəki müxtəliflik aydın oldu və əsaslandırıldı. Amma bəzən yolçunun nəzəri yerlə məhdudlaşır, yəni o, şüşələri seyr edir və odur ki, sarı, qırmızı və ağ rəngləri görür. Buna görə də bəndələr arasında çəkişmələr baş verib və aləmi məhdud nəfslərin qara tozu bürüyüb. Bəziləri şüaların işığına diqqət yetirirlər, bəziləri də vəhdət şərabından içib günəşdən savayı heç nə görmürlər. Məhz bu üç müxtəlif məqamda durduqları üçün yolçuların anlayışı və sözləri müxtəlif olur. Buna görə də dünyada ixtilafların əlamətləri olmuş və olmaqdadır. Çünki bəziləri tövhid məqamında durmuşlar və o dünyadan söz açırlar, bəziləri nəfs aləmlərində dayanmışlar, bəziləri özlərinə qapılmışlar, bəziləri isə bütünlüklə pərdə arxasında qalmışlar. Odur ki, Camalın nurundan binəsib qalan zəmanənin cahilləri bir sıra sözlər söyləyirlər və hər bir dövrdə və hər bir əsrdə tövhid dəryasının sakinlərinin başına əslində özlərinin layiq olduqları müsibətləri gətirirlər. «Əgər Allah insanları günahlarına və haqsızlıqlarına görə cəzalandırarsa, yer üzündə heç bir canlını sağ qoymaz. Lakin o, müəyyən vaxta qədər onlara möhlət verir».

 

Ey mənim qardaşım! Lətif qəlb güzgüyə bənzər, onu məhəbbət və Allahdan savayı hər şeydən imtina cilası ilə paklaşdır ki, onda həqiqi günəş cilvə eləsin və əzəl sübhü açılsın. O zaman sən: «Mən nə yerimə, nə də göyümə sığmaram, lakin mömin bəndəmin qəlbinə sığaram» hədisinin mənasını açıq-aşkar görərsən və canını əlində tutub min bir həsrətlə təzə Yarının ayaqları altına atarsan. Elə ki, Əhədiyyət Sultanının Təzahürünün nurları sənin qəlbinin və ürəyinin taxtında əyləşdi, Onun nuru sənin bütün əzalarında və ərvahlarında özünü göstərər. O zaman bu məşhur hədisin sirri qaranlıq pərdəsinin arxasından baş qaldırar: «Bəndə daim duaları ilə mənə yaxınlaşar ki, mən onu sevim. Elə ki, onu sevdim, Mən onun eşidən qulağı olaram...» Çünki ev sahibi öz evində parlamışdır və evin bütün sütunları onun ilə işıqlanıb nura boyanmışdır. Nurun təsiri və əməli nur sahibindəndir, odur ki, hər şey Onun vasitəsilə hərəkət edir və Onun iradəsi ilə ayağa qalxır. Bu, həmin çeşmədir ki, Allaha yaxın kəslər ondan içərlər. Necə ki, buyurur: «O elə bir çeşmədir ki, ondan Allaha yaxın kəslər içərlər».

 

Amma məbada, bu sözlərdən Allahın insanda təcəssümü və haqq aləmlərinin məxluqat səviyyələrinə enməsi qoxusu gələ və cənabınızda şübhə yarana. Çünki O Müqəddəs mahiyyətinə görə qalxma və enmədən, giriş və çıxışdan uzaqdır. O, daim insani sifətlərdən pak olmuş və olacaqdır. Heç kəs Onu dərk etməyib, heç kim Onun Mahiyyətinə yol tapmayıb. Bütün ariflər Onun mərifət vadisində sərkərdan və bütün övliyalar Onun Mahiyyətini anlamaqda heyran qalmışlar. O hər bir müdrikin idrakından ucadır, hər bir arifin irfanından üstündür. Yollar bağlanmışdır və Onu axtaran qovulmuşdur. «Onun dəlili – Onun ayələridir və Onun varlığı – onun sübutudur». Buna görə də Cananın üzünün aşiqləri demişlər: «Ey mahiyyəti ilə Öz Mahiyyətinə dəlalət edən və məxluqatına oxşarlıqdan uzaq olan!» mütləq yoxluq əzəl meydanında necə at çapa bilər və ötəri kölgə əbədi günəşə necə çata bilər?! Həbib: «Əgər sən olmasaydın, səni tanımazdıq» – buyurub və Məhbub: «Sənə yetişə bilməzdik» – söyləyib.

 

Bəli, irfan səviyyələri barədə söylənilən bu sözlər o həqiqət Günəşinin güzgülərdə əks olunan nurlarının tanınmasına aiddir. Həmin nurun təzahürü qəlblərdə də var, lakin nəfsani pərdələrlə və dünyəvi istəklərlə örtülmüşdür. Sanki o, dəmir qapaq altında olan bir şamdır. Elə ki, qapaq qaldırılar, şamın nuru aşkar olar. Eləcə də yanlış xəyal pərdələrini qəlbinin üzündən götürsən, Əhədiyyət nurları parlayar. Deməli, məlum olur ki, nurlar üçün də giriş və çıxış yoxdur – o da qalsın ki, Varlığın Cövhəri və Məqsədin Sirri üçün! Ey mənim qardaşım, bu məqamlarda təhqiq ilə seyr et, təqlid ilə yox! Həqiqi yolçuya sözlərin nizəsi mane olmaz, işarələrin zəhmi onun yolunu kəsə bilməz.

 

Aşiqlə məşuq arasında pərdə nədir ki?!

Heç İskəndərin səddi də maneə ola bilməz

 

Sirlər çoxdur, yadlar saysız-hesabsız. Məhbubun sirrinə dəftərlər kifayət etməz və o, bu lövhələrlə bitməz. Baxmayaraq ki, o, bir sözdən çox, bir rəmzdən artıq deyil. «Elm bir nöqtədir, amma cahillər onu çoxaltmışlar».

 

Elə bu məqamdan da aləmlərin müxtəlifliyinə nəzər sal. İlahi aləmlər sonsuz olsa da, bəziləri onlar üçün dörd səviyyə göstərmişlər: zaman aləmi – onun əvvəli və axırı var; sonsuzluq aləmi – onun əvvəli var, amma axırı görünmür; əzəli aləm – onun əvvəli görünmür, amma axırı bilinir; əbədi aləm – onun nə əvvəli görünür, nə də axırı. Hərçənd bu məsələdə ixtilaflar çoxdur, əgər təfsilatı ilə deyilsə, yorğunluq gətirər. Belə ki, bəziləri əzəli aləmin əvvəlsiz və axırsız olduğunu söyləmiş, əbədi aləmin isə əlçatmaz və dərk olunmazqeyb aləmi olduğunu bildirmişlər. Bəziləri də Lahut, Cəbərut, Mələkut və Nasut aləmlərindən söz açmışlar. Eşq yolundakı səfərlərin isə dörd olduğunu göstərmişlər: məxluqatdan Haqqa, Haqdan məxluqata, məxluqatdan məxluqata, Haqdan Haqqa.

 

Əvvəlki ariflərin və müdriklərin digər çoxlu sözləri də var ki, bəndəniz burada ərz etmədi. Mən əvvəlki sözləri izhar etməyi çox da xoşlamıram, çünki başqalarının sözlərini xatırlatmaq qazanılmış biliklərə dəlalət edir, ilahi vergiyə yox. Və bura qədər deyilənlər də insanların adətinə və dostların tərzinə əməl etmək istəyindən irəli gəlmişdir. Bundan artıq həmin sözlər bu risaləyə sığışmaz. Onların sözlərini xatırlatmağı bəyənməməyim təkəbbürdən doğmur, əksinə, hikmətin zühuru və ilahi verginin təzahürü ilə əlaqədardır.

 

Əgər Xızr dəryada gəmini sındırırsa

Xızrın bu sındırmasında yüz düzəltmək var.

 

Yoxsa bu Bəndə Allahın sevdiklərindən birinin qarşısında özünü yox bilir və heç sanır – o da qalsın ki övliyalar hüzurunda! Pakdır mənim Ulu Rəbbim! Bundan əlavə, məqsəd – yolçuların məqamlarını xatırlatmaqdır, ariflərin sözlərini bəyan etmək deyil.

 

Nisbi və izafi aləmin əvvəli və axırına dair müxtəsər bir misal gətirməyimizə baxmayaraq, yenidən başqa bir misal veririk ki, həmin misalın libasında bütün mənalar aydın olsun. Məsələn, cənabınız özünə nəzər salsın: siz öz oğlunuza nisbətdə əvvəlsiniz, öz atanıza münasibətdə axırsınız; siz zahirdə ilahi xilqət aləmlərindəki Qüdrətin Təzahüründən danışırsınız, batində isə Allahın sizdə əmanət qoyduğu batini sirləri təcəssüm etdirirsiniz. Deməli, qeyd olunan mənada əvvəllik və axırlıq, zahirilik və batinilik sizə nisbətdə doğrudur. Elə isə sizə inayət olunan bu dörd məqamda dörd ilahi səviyyəni dərk edin ki, qəlb bülbülü görünən və görünməz varlıqlar gülünün bütün budaqlarında nida etsin: «Əvvəl də, axır da, zahir də, batin də odur».

 

Bütün bu sözlər nisbilik aləmlərinin səviyyələri barədə deyilir. Yoxsa bir addımla nisbilik və məhdudluq aləmindən keçib təcridin xoş büsatında məskən salan, Mütləqlik və Əmr aləmlərində çadır quran kəslər bütün bu bağlılıqları bir odla yandırmış və bütün bu sözləri bir qətrə ilə pozmuşlar. Onlar ruh dəryasında üzür, nurun müqəddəs havasında seyr edirlər. Daha bu məqamda sözlər varmı ki, əvvəl ya axır, yaxud bunlardan başqa şeylər bilinsin və dilə gətirilsin?! Bu məqamda əvvəl elə axırdır, axır elə əvvəldir.

 

Cananın eşqindən bir od yandır

Fikir və sözləri büsbütün onda yandır!

 

Ey mənim dostum! Özünə nəzər sal: əgər ata olmasaydın və oğul görməsəydin, bu sözləri də eşitməzdin. İndi isə hər şeyi unut ki, tövhid məktəbində eşq müəlliminin yanında dərs alasan, «bizdən «O»na qayıdasan, məcazi batinindən çıxıb öz həqiqi məqamına qovuşasan və bilik ağacının kölgəsində məskən salasan.

 

Ey əzizim, nəfsini yoxsul et ki, varlılığın uca səhnəsinə varid olasan; bədənini alçalt ki, şərəf şərbətindən içəsən və soruşduğun şerlərin bütün mənalarını anlayasan.

 

Beləliklə, məlum oldu ki, bu məqamlar yolçunun səfərindən asılıdır. O hər şəhərdə bir aləm görər, hər vadidə bir bulağa yetişər, hər səhrada bir nəğmə eşidər. Amma mənəvi havada uçan şahinin ürəyində ecazkar ruhani şahnazlar var və İraq quşunun başında xoş hicaz ahəngləri dolaşır ki, onlar gizli olmuş və gizli qalacaqdır:

 

Əgər desəm, ağıllar çaşar

Əgər yazsam, çoxlu qələmlər sınar

 

Və salam olsun o kəsə ki, bu yüksək səfəri başa vurar və hidayət nurları ilə haqqın ardınca gedər.

bottom of page