top of page

"Əgər bir ailədə məhəbbət və razılıq təzahür edərsə, o ailə irəli gedəcək, nurlu və ruhani olacaq...." -Həzrət Əbdül-Bəha

 Uşaq və Ailə Tərbiyəsində Aktiv

Uşaqların Daxili imkanlarını İnkişaf etdirmək 

Bəhailər uşaqlara  cəmiyyətin sahib olduğu ən qiymətli xəzinə kimi baxırlar. Uşaqlar gələcək nəsillərin zəmanəti və ümididir. Lakin uşaqların bu ümidləri doğrultmalarından ötrü ruhani bəslənməyə ehtiyacları vardır. Müasir cəmiyyətdə uşaqlıq illərinin sevinci və məsumluğu çox asan bir şəkildə materializmin zərbələri altında dağılmaqdadır. Bu səbəbdən uşaqların ruhani və əxlaqi təlim-tərbiyəsi bu gün xüsusilə həyati əhəmiyyət daşımaqdadır. Həzrət Əbdül-Bəha ruhani tərbiyənin vacibliyi haqqında buyurur:

“Allahın sevimliləri və Mərhəmətlinin kənizləri bütün qəlbləri və könülləri ilə öz uşaqlarını hazırlamalı və onları məziyyət və kamillik məktəbində tərbiyə etməlidirlər. Bu məsələdə onlar etinasız olmamalı, bu işi özbaşına buraxmamalıdırlar.”

Ona görə də uşaqlarda yüksək dəyərlər aşılayan, ruhani qanunlar üzərində düşünməyi və analiz etməyi öyrədən, təqdirəlayiq vərdişlər yaratmaqda onlara kömək edən xüsusi hazırlanmış və uşağın yaşına uyğun ruhani təlim-tərbiyə proqramının olması vacibdir.

 

Bütün İnsanlar Ruhani Varlıq Kimi Yaradılıblar

Bəhai Dininin ən təməl inanclarından biri bütün insanların ruhani varlıq kimi yaradılmasıdır. Hər kəs Allahın dürüstlük, ədalət, comərdlik, şəfqət və nəzakət kimi bir çox ruhani xüsusiyyətini əks etdirmək  qabiliyyətinə malikdir. Bütün insanlar özlərinəməxsus qabiliyyət və məziyyətlərlə təchiz edilmiş Allahın yaratdığı xüsusi şəxslərdir. Bu səbəbdən uşaqlıq illərindən başlayaraq bütün bu potensialları ortaya çıxarmaq və ruhani xüsusiyyətləri inkişaf etdirmək insan cəmiyyəti qarşısında duran ən vacib məsələlərdən biridir. Həzrət Bəhaullah buyurur: 

 

“İnsana qiymətli gövhərlərlə dolu mədən kimi baxın, yalnız təlim-tərbiyə onun xəzinəsini açmağa və bəşərin ondan faydalanmasına imkan yarada bilər”.

Mənəvi Tərbiyə

Bütün insanların nəcib ruhani varlıq kimi yaradıldığını qəbul etmək ən təməl inanclardan biri olsa da daxillərindəki keyfiyyətlərin və məziyyətlərin ortaya çıxması üçün kifayət deyildir. Bir şamın işıqvermə qabiliyyətinə sahib olması onun ətrafını işıqlandırması üçün kifayət deyildir. Mumun işıq verəsi üçün onun yandırılması lazımdır. Eynilə uşaqlarda da ruhani qabiliyyətləri və məziyyətləri ortaya çıxarmaqdan ötrü ruhani və əxlaqi təlim-tərbiyəyə ehtiyac vardır.

 

Lakin bu təhsil “boş qabı doldurmaq” dünyagörüşü ilə edilsə nəticə verməyəcək. Bu proqramın əsaslandığı əsas prinsipi budur ki, hər bir uşaq cəvahirlərlə dolu bir “mədəndir”, o misilsiz bir şəxsiyyətdir. Doğulandan ona çoxlu ruhani keyfiyyətlər bəxş edilmişdir və müəllimin də vəzifəsi “boş qabı doldurmaq” deyil, onda olan qiymətli daş və cəvahirləri aşkara çıxarmaqdır ki, onlar bütün parlaqlığı ilə işıq saçsın. 

Uşaqların qabiliyyətlərini üzə çıxarmaq və onları inkişaf etdirmələrinə kömək etmək məqsədilə mühitin yaradılması daha əhəmiyyətlidir. Uşaqlara belə bir səmərəli təlim-tərbiyənin verilməsi uzun zamandan bəri Bəhai mədəniyyətinin bir hissəsi olmuşdur. Bəhai icmalarında həyata keçirilən uşaq-əxlaq dərsləri, məktəbdə verilən təhsili tamamlamaqla, uşaqların həssas ürəklərini və ağıllarını bəsləyən bir ruhani təhsil sisteminə çevrilmişdir.

 

Uşaq Siniflərin Məqsədi

Uşaqların ruhani-mənəvi təlim-tərbiyəsinin həyata keçirildiyi uşaq sinifləri - iştirak etmək istəyən hər bir uşağa açıqdır. Bununla belə bu dərslərdə iştirak etməkdən ötrü valideynlərin istək və razılığı vacibdir. Bəhai dini təlimlərindən ilham alınaraq hazırlanan bu təlim-tərbiyə proqramının məqsədi uşaqlarda Yaradana qarşı sevgi oyatmaq və Allahın insanın daxilinə qoyduğu qabiliyyət və keyfiyyətləri - ədalətlilik, xeyirxahlıq, şəfqət, sevgi, düzgünlük kimi məziyyətləri ortaya çıxarmalarında və cəmiyyətin rifahı naminə davranışlar əldə etmələrində onlara kömək etməkdir.

 

Ruhani Tərbiyənin Vacibliyi

Özünü necə aparmağı uşaqlar ilk öncə evdə öyrənirlər. Öz valideynləri, bacı və qardaşları ilə ünsiyyətdə onlar hər gün yeni şeylərlə tanış olur, onlardan nümunə götürürlər. Lakin onların evdə aldıqları tərbiyə ardıcıl olmur; valideynlər vaxtın çoxunu işdə olur və onların çiyinlərinə çoxlu qayğılar düşür. Uşaqlar həmçinin yaşadığımız cəmiyyətin təsirlərinə məruz qalırlar. Ətraf mühit öz dəyərlərini və davranış normalarını uşaqlara aşılayır.

Göründüyü kimi, xüsusi proqram olmadan uşaqlara sistematik mənəvi-ruhani tərbiyə vermək qeyri-mümkündür və uşaqlar çox vaxt evdə yalnız yaxşı davranış qaydalarına yiyələnmiş olurlar. Qayğıkeş bir valideyn kimi biz tərbiyənin ruhani tərbiyə kimi vacib bir cəhətini yaddan çıxara bilmərik. Çünki uşağın gələcək xoşbəxtliyi bundan asılıdır.Bəhailərin ən əhəmiyyətli sosial fəaliyyətlərdən biri uşaqlarla aparılan ruhani təlim-tərbiyə dərsləridir. Bu dərslər vasitəsilə uşaqlarda aşağıdakılara nail olunur:

  • Yaradanı tanımaq və Onu sevmək;

  • Gözəl xarakter və tərifəlayiq davranış üçün möhkəm təməl qoyulur; 

  • Ədalətlilik, xeyirxahlıq, səxavətlilik və düzlük və s. məziyyətlərin inkişafına kömək edilir;

  • Başqaları ilə əməkdaşlıq etmək qabiliyyəti yetişdirilir;

 

Bu proqram müntəzəm olaraq həftədə bir dəfə keçirilən 15 dərsdən ibarətdir. Hər bir dərs bir neçə cür fəaliyyətdən təşkil olunub və konkret bir ruhani keyfiyyətin inkişafına həsr olunub. Məsələn, birinci dərs Birlik haqqındadır. Uşaqlar dərsdə mahnı öyrənir və oxuyur, hər hansı bir keyfiyyət (birlik, ədalət, səxavət və s.) haqqında hekayəyə qulaq asırlar. Əməkdaşlıq və birliyi inkişaf etdirən oyunlar oynanılır və şəkillər rənglənir. Hər bir dərsin çox mühüm elementi Müqəddəs Yazılardan olan sitatların və duaların öyrənilməsidir.

 

Dərsləri xüsusi hazırlıq keçmiş müəllimlər aparırlar.

bottom of page