Yeni Müjdənin Azərbayana İlk Gəlişi
1830-cu illərdə Həzrət Babın Gəlişinin Mücdəsi Naxçıvana Gəldi
Həzrət Bab öz missiyasını elan etdiyi vaxt onun şagirdlərindən biri Molla Sadıq Vənəndli Ordubadın Vənənd kəndinin və ətraf kəndlərin adamlarını öz ətrafına toplayaraq bu təlimi onlara çatdırır. Qısa vaxt ərzində bütün Naxçıvan və Zəngəzur mahalında on min nəfərə qədər onun tərəfdarı yaranır. Rus hökuməti general Behbudovu beş min nəfərlik ordu ilə Molla Sadıq Vənəndliyə qarşı göndərir. O zaman artıq hakimiyyətdən salınmış Naxçıvan xanı və onun naibi Şeyxəli bəy də bu təlimin tərəfdarlarından idilər (bax: M. S. Ordubadi «Həyatım və mühitim», Azərnəşr, Bakı, 1996).
Təzyiqlərə baxmayaraq, yeni din inkişaf etməkdə davam edir. 1850-ci illərdən başlayaraq Bakıda, Balaxanıda, Bərdədə, Şəkidə və Qarabağda icmalar formalaşır. Babi, daha sonra isə Bəhai qrupları, həmçinin Tbilisidə, Batumidə və Ermənistanda da yaranmağa başlayır. Lakin Bakıda daha böyük sayda bəhailər vardı, hətta 1860-cı ildə icma dövlət tərəfindən tanınır. Onun fəaliyyətlərinin leqallaşmasında Mikayıl Müşfiqin atası Mirzə Əbdülqədir İsmayılzadə mühüm səyləri qoyur.
Rusiya dövrünün tarixi mənbələri və NKVD arxivləri göstərir ki, Mirzəağa Əliyev küçəsi 216-da (keçmiş Çadroviy) Bəhai icmasının ruhani mərkəzi yerləşirdi. Bu bina və onun ətrafında bütöv kvartal bəhailərə məxsus idi.