top of page

Bəhailər Nə Deyirlər

 

Dünyanın yaxşılaşması gözəl və pak əməllərlə, xoş və bəyənilmiş əxlaqla əldə oluna bilər.

-Həzrət Bəhaullah

De: Ehtiyatlı olun, ey Bəha əhli! Sözləri ilə əməlləri bir olmayanların yolu ilə getməyin

-Həzrət Bəhaullah

Ey varlıq oğlu! Əməllərinin hesabı çəkilməmiş, hər gün özünə hesabat ver... 

-Həzrət Bəhaullah

Söylə: Ey qardaşlar! Özünüzü sözlə deyil, əməl ilə bəzəyin.

-Həzrət Bəhaullah

Müqəddəs sözlər, pak və xeyirxah əməllər İlahi izzət səmasına yüksələr.

-Həzrət Bəhaullah   

                                                                                                          

Düzlük bütün insani fəzilətlərin təməlidir.         

-Həzrət Bəhaullah

Düzlük olmazsa, Allahın heç bir aləmində heç bir ruh üçün tərəqqi və yüksəliş mümkün olmaz.        

-Həzrət Bəhaullah

De: Ey insanlar, dillərinizi düzlüklə, qəlblərinizi isə dürüstlük naxışı ilə bəzəyin. 

-Həzrət Bəhaullah

Qoy gözünüz iffətli, əliniz etibarlı, diliniz düzgün, qəlbiniz isə nurlanmış olsun.

-Həzrət Bəhaullah

İlahi Çadırda sakin olanlar və əbədi şərəf taxtında oturanlar acından ölsələr də, başqasının, o nə qədər alçaq və ləyaqətsiz olsa da, malına əl uzatmazlar.

-Həzrət Bəhaullah

Şəfqətli və mehriban dil insanların qəlbini cəzb edər. O, ruha qida verər, sözlərə məna donu geyindirər. O, hikmət və anlayış günəşinin doğduğu üfüqə bənzər... 

-Həzrət Bəhaullah

Ey Allahın sevgili dostu! Bu müqəddəs Zühur Dövründə münaqişə və mübahisəyə heç vəchlə izn verilmir. Hər münaqişə təhrikçisi özünü Allahın mərhəmətindən məhrum etmiş olur.

-Həzrət Bəhaullah

Bu Gün bu Əmrə Allahın sevimliləri arasındakı ixtilaf və çəkişmə, münaqişə, yadlıq və soyuqluqdan başqa heç nə daha böyük ziyan vura bilməz.

-Həzrət Bəhaullah

Öz dostluğunuzu yalnız sözlərdə göstərməklə kifayətlənməyin; qoy sizin  ürəyiniz rast gəldiyiniz hər kəsə sevgi və lütf ilə alışıb yansın.

-Həzrət Bəhaullah

Savaş fikri gəldikdə, ondan daha güclü olan sülh fikri ilə ona qarşı çıxın. Nifrət fikrini daha güclü məhəbbət fikri ilə dağıdın.

-Həzrət Bəhaullah

Qeybət qəlbin yanan çırağını söndürər və ruhun həyatını məhv edər. 

-Həzrət Bəhaullah

Öz günahın olduğu halda, heç kimin günahı barədə nəfəs belə çəkmə.

-Həzrət Bəhaullah

Pis demə ki, pis eşitməyəsən, başqalarının eybini böyütmə ki, sənin də  eybin böyük görünməsin.

-Həzrət Bəhaullah

Ey Varlıq Oğlu! Necə oldu, öz qüsurlarını unudaraq Mənim bəndələrimin qüsurları ilə məşğul oldun?  Kim belə etsə, ona Mənim lənətim olsun.

-Həzrət Bəhaullah

Mövzu: Dua

Məmin namazımı elə atəşə çevir ki, Sənin Camalını görməkdən məni məhrum edən pərdələri yandırsın və nura çevir ki, Sənin Vüsal dənizinə gedən yolu mənə göstərsin.

-Həzrət Bəhaullah

 

Mövcudat dünyasında duadan daha şirin bir şey yoxdur. İnsan dua halətində yaşamalıdır. Ən xoş və mübarək halət dua etmək və yalvarış halətidir. Dua etmək Allahla söhbətdir. Allahla söhbət ən böyük şərəf və ən şirin halətdir. Dua ruhaniyyət, düşüncəlilik və ilahi hisslər yaradır, Mələkutun yeni cazibələrini törədir və ali şüurun dərk etmə qabiliyyətini gücləndirir.

-Həzrət Əbdül-Bəha

Allahın ayələrindən sənə yetişənləri, ey Mənim bəndəm, Ona yaxın kəslərin avazı ilə oxu, qoy nəğmələrinin şirinliyi sənin öz qəlbini alovlandırsın və bütün insanların ürəyini cəzb etsin. Bir kəs Allahın nazil etdiyi ayələri öz evində təklikdə belə oxusa, Qüdrətlinin gəzərgi mələkləri onun dodaqlarının söylədiyi sözlərin ətrini hər yana yayar və bununla da bütün mömin könüllər yerindən oynar. O, əvvəlcə onların təsirindən bixəbər ola bilər, lakin ona inayət edilmiş mərhəmətin gücü gec-tez onun ruhuna öz təsirini göstərər. İlahi Vəhyin sirləri qüdrət və hikmət Məşriqi olan Kəsin İradəsinin gücü ilə belə müəyyən olunmuşdur.

-Həzrət Bəhaullah

Ən nəhayət yalvarış və sızıltı ilə dua edərkən insan Allahdan və ya cəhənnəmdən qorxduğuna, yaxud da nemətə və ya cənnətə yetişəcəyinə ümid etdiyinə görə deyil, yalnız Allaha məhəbbət xatirinə dua edir. İnsan başqa bir insana vurularkən öz sevgilisinin adını çəkməməsi mümkün deyil. Allah sevgisinə yetişəndə Onun Adını çəkmək istəyindən özünü saxlamaq bundan daha çətindir... Ruhaniyyət əldə etmiş insan Allahı zikr etməkdən başqa heç bir şeydə şadlıq tapmaz.

-Həzrət Əbdül-Bəha

Əgər bir dost digərini sevirsə, onun bunu söyləmək istəyi təbii deyilmi? Dostunun onun sevgisindən xəbərdar olduğunu bilsə belə, o, yenə də bunu ona demək istəmirmi ? Bu bir həqiqətdir ki, Allah bütün ürəklərin arzusunu bilir; lakin dua etmək istəyi də təbiidir ki, bu, insanın Allaha olan məhəbbətindən doğur.

-Həzrət Əbdül-Bəha

Ey mənim Allahım! Ey mənim Allahım! Mənim arzu və əməllərimə baxma, Özünün yeri və göyü çulğalayan iradənə bax. Sənin İsmi-Əzəminə and olsun, ey ümmətlərin maliki! Sən nəyi istəmisənsə, mən də onu istəmişəm, Sən nəyi sevirsənsə, mən də onu sevirəm.

-Həzrət Bəhaullah

Ya Rəbb! Mənim bu namazımı dirilik kövsəri eylə, ta ki, mənim ruhum Sənin səltənətin boyunca qalsın və Sənin bütün aləmlərində Səni zikr eyləsin.

-Həzrət Bəhaullah

Sən mömin bəndələrinin zikrinin Sənin yaxınlıq Göyünə ucalmasından və qəlbi təmiz bəndələrinin könül quşlarının Sənin Qapının pilləsinə yaxınlaşmasından yüksəksən. Şəhadət verirəm ki, Sən bütün sifətlərdən pak və bütün adlardan ucasan. Səndən başqa Allah yoxdur. Sən Ən Uca və Ən Nurlusan.

-Həzrət Bəhaullah

Ey Nur Oğlu! Məndən başqasını unut və Mənim ruhumla ünsiyyətdə ol. Bu, Mənim Əmrimin cövhəridir, ona tərəf dön.

-Həzrət Bəhaullah

Allaha təvəkkül et. Öz iradəndən imtina et və Onun iradəsindən yapış, öz arzularından əl çək və Onun arzusuna bağlan.

-Həzrət Bəhaullah

Ruh təsir gücünə malikdir; duanın ruhani təsiri var. Ona görə də biz dua edirik, - “Ya Rəbb! Bu xəstəyə şəfa ver!” Ola bilsin ki, Allah cavab versin. Kimin dua etməsinin fərqi varmı? Yalvarış və sızıltı ilə dua edərkən Allah hər bir bəndənin duasına cavab verəcək, əgər bu zəruridirsə. Onun fəzli sonsuzdur, qeyri-məhduddur. O, bütün bəndələrinin dualarına cavab verir. Bitki öz-özlüyündə dua edir: “Ya Rəbb! Mənə yağış göndər!” Allah duaya cavab verir və bitki boy atır. Allah hər kəsə cavab verər.

-Həzrət Əbdül-Bəha

    Allahın ayələrini hər səhər və axşam oxuyun. Onları oxumayan, həqiqətən, Allahın Əhdinə vəfa etməmişdir və bu gün onlardan üz döndərən, həqiqətən, əzəldən əbədiyyətə qədər Allahdan üz döndərmişdir. Allahdan qorxun, ey Mənim bəndələrim, hər biriniz və hamınız!

-Həzrət Bəhaullah

    Gündəlik namazın sayı üçdür. Ən qısası bir ayədən ibarətdir və iyirmi dörd saatda bir dəfə, günorta vaxtı qılınmalıdır. Orta namaz gündə üç dəfə, səhər, günorta və axşam qılınmalıdır. Böyük namaz üç namazdan ən müfəssəlidir və iyirmi dörd saatda bir dəfə qılınmalıdır. Hər kəs meyli çəkdiyi vaxt onu qıla bilər.

-Həzrət Şövqi Əfəndi

    Mömin bu üç namazdan istənilən birini seçməkdə tamamilə azaddır, lakin onlardan hər hansı birini qılmaq vacibdir və onları müşayiət edən hər hansı səciyyəvi hərəkətlərə uyğun qılmalıdır.

-Həzrət Şövqi Əfəndi

    Həzrət Bəhaullah bu namazlara və Şəfa Duası, Əhməd Lövhü kimi bir neçə başqa dualara xüsusi güc və əhəmiyyət inayət etmişdir. Ona görə də onları belə qəbul etmək lazımdır. Möminlər onları sözsüz iman və inamla oxumalıdırlar ki, onların vasitəsilə Allahla daha yaxın ünsiyyətə girə bilsinlər və özlərini Onun qanun və hökmlərinə daha da tam uyğunlaşdırsınlar.

-Həzrət Şövqi Əfəndi

 

Mövzu: Həyat və Ölüm

 

Ruh və insan öləndən sonra onun yaşaması haqqında sual vermişdin. Bu həqiqəti bil ki, bədəndən ayrıldıqdan sonra ruh elə bir görkəmdə Allahın hüzuruna yüksəlir ki, nə qərinələr və əsrlərin dəyişiklikləri, nə də bu dünyanın fəlakətləri və hadisələri onu dəyişdirə bilər. Və Allahın Mələkutu, Onun səltənəti, hökmranlığı, qüdrəti və hakimiyyəti durduqca, o da qalar. Və onda Allahın əlamətləri və sifətləri təzahür edər və Onun inayət və lütfləri aşkar olar.

-Həzrət Bəhaullah

Bil ki, hər bir eşidən qulaq, əgər o pak və təmizdirsə, hər an hər tərəfdən bu müqəddəs sözləri bəyan edən səsi eşidir: “Həqiqətən, biz Allahdanıq və Ona da qayıdacağıq”. İnsanın cismani ölümünün və onun qayıtmasının sirləri açılmamışdır və hələ də gizli qalır. And olsun Allahın həqqaniyyətinə! Əgər onlar açılsaydı, bir çoxları  qorxu və qüssədən həlak olar, bəziləri isə elə sevinərdilər ki, Şərəfli Haqdan ölüm diləyər və hər an həsrətlə sonlarını yaxınlaşdırmağı istəyərdilər. Yəqinlik hasil edənlər üçün ölüm — dirilik suyu ilə dolu bir piyalə təqdim edir; o, sevinc saqisidir, fərəh bəxş edər və əbədi həyat əta edər.

 

İnsanın yerdəki varlığının meyvəsini dadmış, yəni Şərəfli Haqqı – tərifi ucalsın Onun – tanımış kəslərə gəldikdə isə, onların sonrakı həyatı elədir ki, Biz onu təsvir etməyə qadir deyilik. Bunun biliyi yalnız bütün aləmlərin Rəbbi olan Allahın yanındadır.

-Həzrət Bəhaullah

Allahın insanı yaratmaqda məqsədi onu öz Yaradanını tanımağa və Onun Hüzuruna yetişməyə qadir etmək olmuş və əbədən də belə olacaqdır. Bütün səmavi Kitablar və ilahi mənşəli mötəbər Yazılar bu ülvi mətləbə və ali məqsədə açıq və aydın şəkildə şəhadət verir. Bu hidayət Sübhünə yetişən və Onun müqəddəs dərgahına daxil olan kəs, Allahın yaxınlığına cəzb olunmuş və Onun Hüzuruna nail olmuşdur, bir Hüzur ki, əsl Behiştdir və ən uca cənnət  isə sadəcə onun rəmzidir. Onu tanıya bilməyən kəs özünü uzaqlıq səfalətinə məhkum etmiş olur, elə bir uzaqlıq ki, əsl yoxluqdan və cəhənnəm odundan başqa bir şey deyil. Onun taleyi belə olacaq,   baxmayaraq ki, zahirən o, yer üzündə yüksək kürsülərdə otura və uca taxtlarda əyləşə bilər.

-Həzrət Bəhaullah

İnsan öz bəşər həyatının başlanğıcında ana bətni dünyasında rüşeym halında idi. Orada o, bəşər mövcudluğu dünyası üçün qabiliyyət və istedad almışdır. Bu dünya üçün zəruri olan güc və qüvvət ona o məhdud şəraitdə bəxş edilmişdir. Bu dünyada ona gözlər lazım idi; o, onları əvvəlcədən o biri dünyada almışdı. Ona qulaqlar lazım idi; o, öz yeni mövcudluğuna hazırlaşmaq üçün onları orada əldə etmişdi. Bu dünyada lazım olan güc ona ana bətnində əta edilmişdi...

-Həzrət Əbdül-Bəha

Ona görə də o, bu dünyada özünü sonrakı həyat üçün hazırlamalıdır. Mələkut aləmində lazım olanlar bu dünyada əldə edilməlidir. Bu dünya üçün zəruri olan gücləri almaq üçün ana bətni dünyasında özünü hazırladığı kimi, mələkut aləmi üçün zəruri olan gücü bu dünyada əvvəlcədən əldə etməlidir.

-Həzrət Əbdül-Bəha

Bu Gün insanın əsas vəzifəsi Allahın onun üçün yağdırdığı mərhəmət selindən öz payını almaqdır. Qoy ona görə də heç kəs qabın böyüklüyünə və ya kiçikliyinə fikir verməsin. Bəzilərinin payı bir ovuc, bəzilərininki bir kasa, digərlərininki də hətta bir küp ola bilər.

-Həzrət Bəhaullah

Ruhun təbiəti barədə sual vermişdiniz. Bilin ki, ruh — Allahın əlamətidir və elə bir səmavi cövhərdir ki, bütün elm sahibləri onun mahiyyətini dərk etməkdə və bütün irfan əhli onun sirrini anlamaqda acizdir. Ruh — yaradıcısı olan Allahın ucalığından söz açan, Onun cəlalını etiraf edən, Onun həqiqətindən yapışan və Ona səcdə edən ilk şeydir. Əgər o,  Allaha sədaqətli olsa, onda Onun nurunu əks etdirəcək və sonda Ona qayıdacaq. Amma əgər o öz Yaradanına sədaqətli qalmasa, onda nəfs və ehtirasın qurbanı olacaq və son nəticədə, onların girdabında batacaq.

-Həzrət Bəhaullah

Siz o quşa bənzəyirsiniz ki, güclü qanadları ilə sonsuz sevinc və hədsiz bir arxayınlıq içərisində səmaların ənginliklərində uçur, sonra yem ümidi ilə yerdəki suya və palçığa meyl edir və tam acgözlüklə özünü suya və palçığa bulaşdırır. Sonra yenidən havaya qalxmaq istəyəndə, özünün aciz və gücsüz olduğunu görür, çünki suya və palçığa batmış qanadlar artıq uçmağa qadir deyil. Beləliklə, bir vaxtlar uca səmalarda uçan o quş indi fani torpaqda məskən salmağa məcburdur. İndi ey bəndələr, öz qanadlarınızı qəflət və güman palçığına, kin və ədavət torpağına bulaşdırmayın ki, müqəddəs irfan səmalarında uçmaqdan məhrum olmayasınız.

-Həzrət Bəhaullah

Dünyanı və onda yaşayan və hərəkət edən bütün məxluqatı yaratdıqdan sonra O, Muxtar və Hökmran İradəsindən doğan bir hərəkətlə məxluqat içərisindən Onu tanımaq və sevmək üçün insanı seçdi ki, bu da bütün xilqətin yaradılmasının səbəbi və ilkin məqsədi idi... Belə ki, O, hər bir şeyin batini mahiyyətində Öz adlarından birinin işığını təzahür etdirdi və Öz sifətlərindən birinin cəlalını əks etdirdi. İnsanı isə O, Özünün bütün adları və sifətlərinin məzhəri etdi, onu Özünün güzgüsünə çevirdi, yaradılmış bütün şeylərdən yalnız insanı bu böyük fəzl və daimi mərhəmət üçün seçdi.

-Həzrət Bəhaullah

 

Hidayət Səhərinin şəfəqləri və İnayət Günəşinin şüaları insanın mahiyyətində gizli və örtülüdür, necə ki, şölə, şüalar və işıq şamın və çırağın mahiyyətində gizlənmişdir və aləmi işıqlandıran günəşin parıltısı bəşəri əməllərin tozu və pası ilə tutqunlaşıb, qaralmış güzgülərdə və əşyalarda pünhan və görünməzdir. İndi bu şamı və çırağı yandıran lazımdır, bu güzgüləri və əşyaları cilalayan gərəkdir. Aydındır ki, şölələnən od olmasa, çıraq heç vaxt yanmaz, güzgü pasdan və tozdan təmizlənməsə, onda parlaq günəşin əksi və şəkli görünməz, işığı və nuru əks olunmaz. 

İlahi kərəm Günəşinin və səmavi hidayət Mənbəyinin insanın mahiyyətində qoyduğu güclər gizli və örtülüdür, necə ki, şölə və işıq şamın və çırağın mahiyyətində gizlənmişdir. Bu güclərin işığı dünyəvi arzularla tutula bilər, necə ki, aləmi işıqlandıran günəşin parıltısı toz və pasla tutqunlaşıb qaralmış güzgülərdə pünhan və görünməzdir. Nə bu şam, nə də bu çıraq kənardan kömək olmadan yana bilməz, nə də ki, bu güzgü nə vaxtsa onu örtmüş tozdan xilas ola bilər. Aydındır ki, şölələnən od olmasa, çıraq heç vaxt alışmaz, güzgü pasdan və tozdan təmizlənməyincə, onda parlaq günəşin nə əksi və şəkli görünər, nə də işığı və nuru inikas olunar.

-Həzrət Bəhaullah

Əzəli Varlığa doğru yol hamının üzünə bağlı olmuşdur və bağlı da qalacaqdır. Bir insan anlayışı Onun müqəddəs dərgahına heç vaxt yol tapa bilməz.  Amma Öz fəzlinin bir əlaməti və inayətinin sübutu olaraq O, ilahi əhədiyyət üfüqündən parlayan Günəşləri insanlar arasında zühur etdirmiş və bu müqəddəs Varlıqların tanınmasını Özünün tanınmasına bərabər tutmuşdur. Onları tanıyan Allahı tanımışdır, Onların çağırışına qulaq verən Allahın Səsinə qulaq vermişdir. Onların vəhyinin həqiqətini təsdiq edən Allahın Özünün həqiqətini təsdiq etmişdir. Və onlardan üz döndərən Allahdan üz döndərmişdir, Onlara inanmayan Allaha inanmamışdır. Onlar göylərlə yer arasında Allahın Yolu, əmr və xilqət səltənətlərində Allahın həqiqətinin Tərəzisidirlər. Onlar Allahın insanlar arasında Məzhərləri, Onun Həqiqətinin dəlilləri və cəlalının nişanələridir.

-Həzrət Bəhaullah

İnsan — ən böyük tilsimdir. Lakin lazımi təlim-tərbiyənin olmaması onu fitrətən malik olduqlarından məhrum edib. Allah onu bir kəlmə ilə xəlq etdi, digər kəlmə ilə təlim Mənbəyinə doğru istiqamətləndirdi, başqa bir kəlmə ilə də onun məqam və taleyini qorudu. Həzrət Mövcud buyurur: "İnsana qiymətli daşlara malik bir mədən kimi bax. Ancaq təlim-tərbiyə nəticəsində ondakı cəvahirat üzə çıxar və bəşəriyyət ondan fayda götürər". Əgər bir kəs Allahın Müqəddəs İradə səmasından nazil olan Kitablara bəsirət gözü ilə nəzər salıb fikirləşsə, asanlıqla dərk edər ki, onların məqsədi bütün insanlara vahid bir ruh kimi baxmaqdır ki, bütün qəlblərdə "Hökmranlıq Allaha məxsusdur!" möhürü həkk olunsun və İlahi inayət, fəzl və mərhəmət nuru bütün bəşəri bürüsün.

-Həzrət Bəhaullah

Xoş o ruhun halına ki, insanların şühbələrindən pak bir halda bədəndən çıxar. Belə bir ruh öz Yaradanının İradəsi ilə hərəkət edib uca Cənnətə daxil olar. Yüksək Behiştin sakinləri olan Hurilər onun ətrafına toplaşar,  Allahın Peyğəmbərləri və övliyaları onunla ünsiyyət etmək istər. O ruh onlarla sərbəst şəkildə söhbət edər və aləmlərin Rəbbi olan Allahın yolunda başına gələnləri onlara danışar.

-Həzrət Bəhaullah

Kafirlərin ruhuna gəldikdə isə, Canıma and olsun, onlar son anda nə itirdiklərini anlayar və ağlayıb yalvarar, Allahın qarşısında müti olarlar. Onların ruhları bədənlərindən çıxdıqdan sonra da bu hala düşərlər.

-Həzrət Bəhaullah

O, günahkarların günahı üzərindən əfv qələmi çəkməli və onlara həqarətlə baxmamalıdır, çünki heç kəsin aqibəti məlum deyil. Nə çox günahkarlar ölüm anında iman cövhərinə yetişib əbədiyyət şərabını içər və Səma Sakinlərinə qoşular. Və nə çox itaətkarlar və möminlər ruhları bədənlərindən çıxan zaman dəyişilər və cəhənnəmin dibinə vasil olar.

-Həzrət Bəhaullah

Bu dünyada insana bəlli olmayan sirləri o, Mələkut aləmində aşkarlayacaqdır və ona orada həqiqətin sirri məlum olacaqdır; vaxtı ilə onunla ünsiyyəti olmuş adamlar haqqında o necə də çox biləcək və ya öyrənəcəkdir. Şübhəsiz, pak nəzər əldə etmiş və bəsirət əta edilmiş müqəddəs ruhlar Əbha Mələkutunda bütün sirlərə vaqif olacaq və hər bir uca ruhun həqiqi məqamına şahid olacaq. Hətta onlar o dünyada Allahın Camalını aydın seyr edəcəklər. Onlar həmçinin Allahın bu səmavi toplantıda iştirak edən həm keçmiş, həm də indiki bütün dostlarını tapacaqlar. 

-Həzrət Bəhaullah

Bütün bu adamlar arasındakı fərq və təfavüt onlar bu fani dünyadan köçdükdən sonra, təbii ki, aşkar olacaqdır. Lakin bu fərq məkana deyil, ruha və qəlbə aiddir. Çünki İlahi Mələkut zaman və məkandan ucadır; bu başqa bir dünya, başqa bir kainatdır. Lakin Müqəddəs ruhlara zəmanət hədiyyəsi vəd edilmişdir. Yəqin bil ki, ilahi aləmlərdə Allahın dostları bir-birini tanıyacaq və bir-biri ilə ünsiyyət axtaracaqlar, ancaq ruhani ünsiyyət. Eynilə, bir kəsin başqasına bəslədiyi məhəbbət də Mələkut aləmində yaddan cıxmayacaqdır. Belə də, sən maddi dünyada yaşadığın həyatı da orada yaddan çıxarmayacaqsan. 

-Həzrət Bəhaullah

Və bir də soruşmuşdunuz ki, bədəndən ayrıldıqdan sonra ruhun vəziyyəti necə olur. Bu həqiqəti bil ki, əgər insanın ruhu Allahın yolu ilə getmişsə, o, mütləq, Ona qayıdacaq və Məhbubun cəlalına qovuşacaq. Allahın həqqaniyətinə and olsun! O elə bir məqama yetişəcək ki, onu qələm təsvir, dil isə tərif edə bilməz. Allahın Əmrinə sədaqətli qalan və Onun Yolunda dönmədən gedən ruh, süud etdikdən sonra, elə bir qüvvə kəsb edər ki, Qüdrətlinin yaratdığı bütün aləmlər ondan feyz alar.

-Həzrət Bəhaullah

Ey bəndələr, əgər yaşadığınız bu günlərdə və bu aləmdə Allahın müəyyən etdiyi və aşkara çıxardığı bəzi işlər sizin istəyinizcə deyilsə, pərişan olmayın, çünki bunun ardınca xoş və səmavi həzz verən  günlər gələr. Müqəddəs və ruhani aləmlər gözləriniz qarşısında açılar. Bu dünyada və ondan sonra da O, bütün bunlardan sizə bir qismət ayırıb, bir seinc payı və bir ruzi  təyin edib. Əlbəttə, siz onların hamısına çatacaq və nail olacaqsınız...

-Həzrət Bəhaullah

 

bottom of page