Ölüm – Yeni Həyatın Başlanğıcıdır
İnsanın yerdəki varlığının meyvəsini dadmış, yəni Şərəfli Haqqı – tərifi ucalsın Onun – tanımış kəslərə gəldikdə isə, onların sonrakı həyatı elədir ki, Biz onu təsvir etməyə qadir deyilik. Bunun biliyi yalnız bütün aləmlərin Rəbbi olan Allahın yanındadır.”
Ölüm insanı qorxutmamalıdır, əksinə ona yeni, daha dolğun həyatın başlanğıcı kimi baxılmalıdır. Həzrət Bəhaullah buyurur:
“Ey uca məqam oğlu! Ölümü sənin üçün bir şadlıq müjdəçisi qərar verdim, nə üçün hüznlənirsən? Nuru öz şəfəqlərini sənin üzərinə səpmək üçün yaratdım, nə üçün ondan pərdələnirsən?”
“Bil ki, bədəndən ayrıldıqdan sonra ruh elə bir görkəmdə Allahın hüzuruna yüksələr ki, qərinələr, əsrlər, dünyanın fəlakətləri və hadisələri onu dəyişdirə bilməz. Və Allahın səltənəti, hökmranlığı, qüdrəti və hakimiyyəti durduqca, o da qalar. Və onda Allahın əlamətləri və sifətləri, Allahın inayəti və lütfləri təzahür edər. Qələmin, bu məqamı, onun ülviyyət və ucalığını təsvir etməyə qüdrəti çatmır. Fəzlin əli onu elə bir məqama daxil edər ki, bunu heç bir sözlə anlatmaq və dünyada olan şeylərlə təsvir etmək mümkün deyil. Xoş o ruhun halına ki, insanların şübhələrindən pak bir halda bədəndən ayrılar. Belə bir ruh öz Rəbbinin İradəsi ilə hərəkət edib uca cənnətə daxil olar, yüksək behiştin huriləri onun ətrafına toplaşar, o, Allahın peyğəmbərləri və övliyaları ilə ünsiyyətdə olub onlarla söhbət edər və aləmlərin Rəbbi olan Allahın yolunda başına gələnləri onlara danışar...”
“Bu dünyada insana bəlli olmayan sirləri o, Mələkut aləmində aşkarlayacaqdır və ona orada həqiqətin sirri məlum olacaqdır; vaxtı ilə onunla ünsiyyəti olmuş adamlar haqqında o necə də çox biləcək və ya öyrənəcəkdir. Şübhəsiz, pak nəzər əldə etmiş və bəsirət əta edilmiş müqəddəs ruhlar Əbha ələkutunda bütün sirlərə vaqif olacaq və hər bir uca ruhun həqiqi məqamına şahid olacaq. Hətta onlar o dünyada Allahın Camalını aydın seyr edəcəklər. Onlar həmçinin Allahın bu səmavi toplantıda iştirak edən həm keçmiş, həm də indiki bütün dostlarını tapacaqlar.”