top of page

Həzrət Bəhaullahın məhbus olduğu Əkka zindanı

Erkən Bəhai İcması

 

Həzrət Babın edamından dərhal sonrakı on il ərzində Həzrət Bəhaullah Bağdadda olanda babilərin arasında çox səmərəli bir liderliyi üzərinə götürdü, icmanı yenidən təşkil etdi və onlarda ruh yüksəkliyi yaratdı. Bundan əlavə, O, Bağdad sakinləri ilə, o cümlədən, dini liderlərlə ünsiyyət yaratdı.

 

Özünə yaxın olanlara Öz missiyasını Bağdaddan ayrılma ərəfəsində elan etsə də, Həzrət Bəhaullah məhz Ədirnədə olarkən açıq şəkildə bəyan etməyə başladı ki, O, Həzrət Babın vəd verdiyi Kəsdir. O, həmçinin, İrana nümayəndələr də göndərdi ki, Həzrət Babın oradakı ardıcıllarına Onun iddiası barədə məlumat versinlər. Çox az sayda adamdan başqa, babilərin hamısı Həzrət Bəhaullaha tərəf döndülər.

 

Onun göndərdiyi elçilər arasında Yəzddən Əhməd adlı sədaqətli bir ardıcılı vardı. 1865-ci ildə, Həzrət Bəhaullah Əhmədə bir Lövh göndərdi və orada Özünü keçmişin Müqəddəs Kitablarında xəbər verilən “Cənnət Bülbülü” və “Parlaq Camal” kimi təsvir etdi.

 

Bəhailərin İranda Təqibi

Yenicə yaranmış Bəhai icması İranda meydana çıxdıqca, tez-tez kəskin təqib və zülmə məruz qalırdı. Bu dövrdə öldürülən ən məşhur bəhailərdən biri Bədi kimi tanınan bir gənc idi. 1869-cu ildə, 17 yaşında ikən o, Əkkaya gələn və Həzrət Bəhaullahın hüzuruna müşərrəf olan ilk iranlı inananlardan biri idi. Həzrət Bəhaullah İran şahına ünvanladığı məktubu çatdırmağı Bədiyə etibar etmiş və göstəriş vermişdi ki, məktubu ünvanına çatdırmaq üçün tək İrana qayıtsın. Şah ovda olarkən məktubu cəsarətlə ona çatdıran Bədiyə işgəncə verdilər və qəddarcasına öldürdülər.

1879-cu ildə İsfahan şəhərində, iki qardaş–çox hörmət olunan və etibarlılıqları ilə tanınan yerli tacirlər həbs olundular və onlara xeyli miqdarda borcu olan və borcu qaytarmaqdan boyun qaçıran imamcümənin təhriki ilə başlarını kəsdilər. Həzrət Bəhaullah bu iki qardaşın ölümünü Özünün bir sıra Yazılarında kədərlə qeyd etdi və onları “Şəhidlərin Sultanı və Məhbubu”, “Qoşa Parlayan İşıqlar” adlandırdı.

Həzrət Bəhaullahın məhbus olduğu Əkka zindanı

Həzrət Bəhaullahın Əkkada həbs şərtləri yumşalmağa başlayanda, İrandan Müqəddəs Torpağa gələn ziyarətçilərin sayı artdı. Onlar evlərinə qayıdanda onların fəaliyyətlərinin artması İran hakimiyyətinin müxalifətini daha da kəskinləşdirdi. 1882 və 1883-cü illərdə Tehran Bəhai icmasının bir sıra üzvləri həbs olundular və ölümə məhkum edildilər. Başqa böyük şəhərlərdə də bəhailər həbs olunur və zindana salınırdılar. Hətta Bağdadda Həzrət Bəhaullahın bəzi ardıcılları Osmanlı hökuməti tərəfindən həbs olunmuş və Mosula sürgün edilmişdilər.

Bəhai Dinin Yayılmasının İlk Dövrü

Həyatının son illərində, Həzrət Bəhaullah bəzi ardıcıllarına göstəriş verdi və təşviq etdi ki, Misir, Qafqaz, Türkmənistan, Hindistan kimi ölkələrdə məskunlaşsınlar və yeni dini yaysınlar. Babi hərəkatına maraq ancaq şiə müsəlmanları ilə məhdudlaşırdısa, Həzrət Bəhaullahın risalətinin son dövründə dinin yəhudilərə, zərdüştilər və xristianlara çatdırılmasında əhəmiyyətli irəliləyiş oldu. Həzrət Bəhaullah bu irəliləyiş üçün təməli hələ Bağdadda olarkən Öz Yazılarında Bibliya mövzularına toxunmaqla qoymuşdu və beləcə böyük alim Mirzə Əbül-Fəzl Gülpeyqani kimi digər inananları yəhudi və Bibliya peyğəmbər-liklərinə diqqət verməyə ruhlandırmışdı.

Həzrət Bəhaullahın zindan hücrəsinin barmaqlıqları arasından dənizin görünüşü

Babi dövrünün məşhur tarixi salnamə müəllifi Nəbil`i-Əzəm Misirə, İraqa və İrana gedərək Həzrət Bəhaullahın zühurunu bəyan etdi. Nəbilin gətirdiyi xəbəri eşidən kimi, Həzrət Babın həyat yoldaşı Həzrət Bəhaullahın məqamını dərhal tanıdı. Nəbil Misirdə həbs olundu. Orada o, xristian zindan yoldaşı Fariz Əfəndi ilə dostlaşdı və o, Həzrət Bəhaullahın iddiasını qəbul edən, böyük ehtimalla, ilk xristian oldu.

 

1875-ci ildə, Həzrət Bəhaullah digər bilikli bir mübəlliği Camal Əfəndini Hindistana göndərdi. Orada o, Bombeydə, Kəlküttədə və Mədrəsdə Bəhai icması yaratmaqda kömək etdi. Onun təbliğ etdiyi insanlardan biri Seyid Mustafa Rumi idi ki, sonralar o, Birma Bəhai icmasını yaratdı. Sonrakı illərdə Camal Əfəndinin özü Bəhai Dinini Birmada, həmçinin, Cavada, Siamda, Sinqapurda, Kəşmirdə, Tibetdə, Çin Türküstanında və Əfqanıstanda təbliğ etmək üçün səfərlər etdi.

 

Həzrət Bəhaullahın Dini haqqında xəbər Onun həyatının son illərində Qərbdə də yayılmağa başladı. 1889-cu ilin martında görkəmli Kembric şərqşünası professor Edvard Braun yeni dinin yaranması haqqında İngiltərədə, Nyukəsldə (Newcastle) mühazirə etdi, sonra eyni məruzə ilə Londonda, Kral Asiya Cəmiyyətində də çıxış etdi.

 

Həzrət Bəhaullahın 1892-ci ildə süud etdiyi vaxtda Onun dini 15 ölkədə yayılmışdı.

bottom of page