Həzrət Babın Şirazdakı Evi-- 1844-cü il Mayın 22-də
Həzrət Bab bu evdə Öz missiyasını elan etdi
Həzrət Babın Şirazdakı Evinin girişi
Həzrət Babın Evinin girişi
Həzrət Babın Şirazdakı Evinin girişi
Həzrət Babın Evinin girişi
Həzrət Babın Molla Hüseyn ilə göruşdü otağı
Həzrət Bab - Bəhai Dininin müjdəçisi (1819-1850)
XIX əsrin ortalarında – dünya tarixinin ən keşməkeşli dövründə – cavan bir tacir elan etdi ki, bəşərin ruhani və sosial həyatını dəyişəcək bir müjdənin daşıyıcısıdır. O zaman Onun ölkəsi İran geniş yayılmış mənəvi-əxlaqi tənəzzül yaşayırdı. Onun müjdəsi minlərlə insanı cəlb edərək bütün təbəqələrdə böyük sevinc və ümid doğurdu. O, ərəb dilində mənası “Qapı” olan Bab ləqəbini götürdü. Həzrət Babın ruhani və mənəvi islahata, qadınların və yoxsulların vəziyyətinin yaxşılaşdırılmasına çağırışı, Onun ruhani canlanma üçün gətirdiyi təlim inqilabi bir təlim idi. Eyni zamanda, O, müstəqil bir dinin əsasını qoydu, öz həyatlarını dəyişməkdə və çox böyük qəhrəmanlıq əməlləri göstərməkdə ardıcıllarını ruhlandırdı. Həzrət Bab elan etdi ki, bəşəriyyət yeni eranın astanasında dayanmışdır. Onun cəmi altı il çəkən missiyasının məqsədi bütün dünya dinlərində vəd olunmuş sülh və birlik erasının başlandığını elan etmək idi. “Onun həyatı cəsarətin ən möhtəşən nümunələrindən biridir ki, bəşərin ona baxması üçün bir imtiyazı vardır.”
--XIX əsr Fransız yazıçısı A. L. M. Nikolasın Həzrət Baba məftunluğunun ifadəsi
Həzrət Babın Həyatı
1844-cü ilin bir bahar axşamında iki gənc kişi arasında insan nəsli üçün yeni eranın gəlişindən xəbər verən bir söhbət baş verdi. Bir İran taciri Şiraz şəhərində bir müsafirə elan etdi ki, O, bəşərin ruhani və sosial həyatını dəyişmək məqsədi daşıyan İlahi Vəhyin Daşıyıcısıdır. Tacirin adı Seyid Əli Məhəmməd idi, tarixdə O, Həzrət Bab kimi tanınır (Bab- ərəb dilində qapı deməkdir).
XIX əsrin ortaları dünya tarixinin ən keşməkeşli dövrlərindən biri idi. İki böyük inqilaba hazırlıq gedirdi: Qərbdə sənaye inqilabı demək olar ki, əsrlərlə, dəyişməmiş həyat modellərini, insanlar arasındakı münasibətləri və sosial şəraiti sınağa çəkirdi, Şərqdə isə cəhalət, mövhumat və qorxu içində saxlanılan kütlələri oyadan ruhani inqilab doğulmaqda idi. Bütün dünyada insanlarda yeni dövrü qarşılamaq üçün bir ayılma baş verməkdə idi. Həm xristianlar, həm də müsəlmanlar Vəd Olunmuşun gəlişinin yaxında olduğuna inanırdılar. Çoxları Onu axtarmağa hazırlaşır, onu tanıya bilmək üçün atəşlə dualar edirdilər.
Axtarılan Tapıldı
Molla Hüseyn adlı gənc bir din alimi həyatı dəyişdirəcək bir axtarışla məşğul idi. O, maqnit kimi, Şiraza cəzb olunurdu. Şiraz qızılgüllərinin ətri və nəğməkar bülbülləri ilə məşhur bir şəhər idi. 1844-cü ilin 22 may axşamı o, şəhərin qapısına yaxınlaşanda, onu yaşıl türbanlı nur saçan bir gənc qarşıladı. Bu yad insan Molla Hüseyni elə salamladı ki, sanki onlar bir ömür dost imişlər.
“Şirazın şəhər darvazasında məni qarşılayan Cavan məhəbbət və inayətini ifadə etməklə məni çaşdırdı,” Molla Hüseyn xatırlayırdı. “O məni sonsuz lütfkarlıqla yolun yorğunluğunu çıxarmaq üçün evinə dəvət etdi.” Bu iki şəxs bütün gecəni söhbət etməklə keçirdilər. Molla Hüseyn heyrətə gəlmişdi ki, Vəd Olunmuş Şəxsdə axtardığı bütün xüsusiyyətlər bu Cavanda aşkar görünürdü. Sübh çağı o ayrılıb gedərkən Ev Sahibi ona bu sözlərlə müraciət etdi: “Sən ey Mənə ilk iman gətirən şəxs! "Mən Bab"-am, Allahın Qapısıyam… Məni əvvəlcə on səkkiz nəfər öz axtarışlarının nəticəsi olaraq, Mənin adımı və kimliyimi onlara demədən qəbul edəcək və Mənim Vəhyimin həqiqətini etiraf edəcəklər.”
Həzrət Babın Şirazdakı Evi-- 1844-cü il Mayın 22-də
Həzrət Bab bu evdə Öz missiyasını elan etdi
Həzrət Babın bəyanından sonra bir neçə həftənin içərisində, öz sövq-təbii axtarışları ilə daha on yeddi nəfər Onun məqamını tanıdı, əvvəlki həyat tərzlərinin rahatlıq və dincliyini tərk edərək və bütün bağlılıqlardan ayrılaraq Onun təlimlərini yaymaq üçün yola çıxdılar. Həzrət Babın bu ilk on səkkiz ardıcılı “Əbədiyaşarın Hərfləri” kimi tanınırlar. Onlardan biri, şairə Tahirə keçmişdən ayrılmaqda əsas rol oynamalı, qadınlarla kişilər arasında bərabərlik çağırışını qaldırmalı idi. Bu qrupun son üzvü, adının mənası Müqəddəs olan Qüddus ləqəbi almış bir gənc idi ki, göstərdiyi sədaqət və cəsarət onu Əbədiyaşarın Hərfləri arasında ən mötəbər şəxs etdi. Molla Hüseyn o gecə Həzrət Babdan nazil olan sözlərdən sarsılmışdı. Həzrət Bab, hətta uşaq yaşlarında, elə bir fitri hikmət nümayiş etdirirdi ki, ailə üzvləri belə mat qalırdılar. “Onunla uşaq kimi davranılmamalıdır,” onun müəllimi demişdi, “…Onun, həqiqətən, mənim kimi müəllimlərə ehtiyacı yoxdur.”
İlahi bir Missiya
1819-cu ilin 20 Oktyabrında Şirazda doğulan Həzrət Bab dünyanın taleyində keçmişin peyğəmbərlik əsrləri ilə bu peyğəmbərliklərin həyata keçdiyi yeni dövr arasında rəmzi bir qapı idi. Onun əsas məqsədi insanları belə bir fakt üçün ayıltmaq idi ki, insanlığın tarixində yeni bir dövr başlamışdır, elə bir dövr ki, yeni qlobal bir nizamda bəşərin birliyinin gerçəkləşməsinin şahidi olacaqlar.
Bu əzəmətli gün ilahi ilhamlı bir Tərbiyəçinin təsiri ilə bərqərar olacaqdı. O Tərbiyəçiyə Həzrət Bab “Allahın zahir edəcəyi Kəs” kimi müraciət edirdi. Həzrət Bab bəyan edirdi ki, Onun Öz Missiyası Allahın bu Vəd olunmuş yeni Məzhərinin gəlişini müjdələmək idi. Dərin və incə bir dillə, Həzrət Bab izah etdi ki, yeni Məzhər hər bir ürəyin ümidi və hər bir dinin vəd etdiyi sülh və ədalət erasının gəlişini müjdələyəcəkdir. Həzrət Bab ardıcıllarına göstəriş verdi ki, ölkəyə yayılsınlar və insanları uzun zamandan bəri gözlənilən Günün gəlişi üçün hazırlasınlar. Həzrət Babın böyük və meydanoxuyucu iddiası cəmiyyətin hər bir təbəqəsindən olan insanlar arasında ümid və həyəcan doğurdu. Bir sıra müsəlman din xadimləri Həzrət Babın iddiasını qəbul etsələr də, onların böyük bir hissəsi Həzrət Babın artan nüfuzunda özlərinə təhdid və təhlükə gördülər və insanların güclənməsindən imtiyazlı və səlahiyyətli mövqelərinin sarsılacağından qorxuya düşdülər. Onlar Həzrət Babın təlimlərini küfr elan edib rədd etdilər. Onu və ardıcıllarını məhv etmək üçün şiddətli nifrətlə ayağa qalxdılar. Bütün ölkə boyu məscid və mədrəsələrdə, bazar və küçələrdə mübahisələr tüğyan edirdi. Şirazın hakimi Həzrət Babın həbsinə əmr verdi. Lakin Onun tutulduğu gecə vəba epidemiyası başladı və xeyli sayda insanı məhv etdi. Həzrət Bab tərəfindən oğlu möcüzəli bir şəkildə sağaldılan polis məmuru hakimə yalvardı ki, Onu azad etsin.
Bunun əvəzinə Həzrət Babı şəhərdən şəhərə, zindandan zindana sürgün etdilər.Lakin düşmənlərin qurduqları heç bir plan Onun nüfuzunun yayılmasının qarşısını ala bilmədi. Onu hara göndərirdilərsə, Onun mehribanlığı və şəxsiyyətinin cazibəsi şəhər hakimlərinin və şəhər sakinlərinin heyranlığını qazanırdı. Sərt zindan rəisləri və Ona nəzarət edən keşikçilər Onun ardıcılı oldular. Hər dəfə Onun təsirinin alovunu söndürdüklərinə inanan səlahiyyət sahibləri sadəcə Onun həyatverici çırağına yağ tökürdülər. Zaman keçdikcə, Həzrət Babın şan-şöhrəti o dərəcədə artdı ki, bəzi məşhur din xadimləri Onu edam etmək üçün hökumətə müraciət etdilər. Öz rəhbərlərindən ayrılmış babilər dövlətin onları məhv etmək üçün səfərbər edilmiş bütöv qüvvələrinə qarşı özlərini şücaətlə müdafiə edirdilər. Onun minlərlə ardıcılı - kişilər, qadınlar və uşaqlar – amansız və qəddar ölümə məhkum edildilər.
Həzrət Babın məhbus olduğu
Maku Qalasının
qalıqları
Həzrət Babın Edamı
1850-ci ildə, Mirzə Tağı Xan (Nəsrəddin Şahın Baş Vəziri) Həzrət Babın edam olunmasına fərman verdi.Edam günü, 9 İyulda, keşikçilər Onu aparmağa gələndə, Həzrət Bab onlara dedi ki, deyəcəklərini söyləyib qurtarmayınca, “yer üzündə heç bir qüvvə” Onu susdura bilməz. Təbrizdə minlərlə insan cəza dəstələrinin Həzrət Babı güllələyəcəyi kazarma meydanına baxan evlərin damına toplaşmışdı. Günortanın şiddətli istisində, O, gənc ardıcılı ilə birlikdə kazarmanın divarına bağlandı. 750 nəfər əsgərdən ibarət bir alay ardıcıl olaraq yaylım atəşi açdı. Barıtın tüstüsü çəkiləndə Həzrət Bab gözdən itmişdi. Ancaq Onun yoldaşı, sağ-salamat, asıldıqları divarın qarşısında dayanmışdı. Yalnız onların bağlandıqları ip kəsilmişdi. Hər tərəfi axtardıqdan sonra, Həzrət Babı Öz hücrəsində tapdılar, O, katibi ilə yarıda kəsilmiş söhbətini davam etdirirdi. “İndi siz öz məqsədinizi yerinə yetirə bilərsiniz”, Həzrət Bab Onu tutanlara dedi. Onu yenidən edam yerinə gətirdilər. Birinci alay atəş açmaqdan imtina etdiyi üçün başqa bir alay gətirildi və atəş əmri verildi. Bu dəfə Həzrət Babın və Onun gənc ardıcılının bədənləri deşik-deşik oldu. Şəhəri toz burulğanı bürüdü, gecə düşənə qədər günəşin qarşısını kəsdi.Həzrət Babın cənazəsi 1909-cu ildə, yarım əsrdən də çox bir müddətdə gizli saxlanılaraq, nəhayət, Müqəddəs Torpaqda Karmel Dağında dəfn edildi. Bu gün, Həzrət Bab mənzərəli terraslı bağlar və fəvvarələrlə əhatə olunmuş zərif qızılı günbəzli Məqbərədə dəfn olunaraq, şiddətli müxalifətə rəğmən müjdəsini verdiyi Əmrin qələbəsinin bir rəmzi kimi aşkar bir cəlal içərisində uyumaqdadır. Bütün dünya üzrə milyonlarla insan Həzrət Babı Bəhai Dininin Ilahi Vəhyə malik Müjdəçisi olaraq tanıyır və “Allahın parlaq Nurunu” aşkara çıxarmaq üçün ehtiramla Onun Yazılarına müraciət edirlər.