top of page

Həzrət Bəhaullahın Məqamı

 

1892-ci il mayın 29-da, sübh saatlarında Həzrət Bəhaullah 75 yaşında ikən vəfat etdi və ruhu, nəhayət, bəlalarla dolu həyatdan azad oldu. Onun vəfatı barədə xəbər Osmanlı sultanına çatdırıldı və ona məlumat verildi ki, Həzrət Bəhaullah Bəhci İmarəti yaxınlığında, ömrünün son 13 ilini keçirdiyi yerdə dəfn olunacaqdır. O həmin gün, günəş batandan bir az keçmiş torpağa tapşırıldı.

 

Həzrət Bəhaullahın Məqamı dünya bəhailəri üçün Qiblə oldu.

 

Bu gün bu Məqam işıq dolu, gözəlliyi və sadəliyi ilə dərin təəssürat yaradan mərkəzi bir otaqdan ibarətdir. Otağın ortasında bir bağ vardır, ətrafında isə kiçik otaqlar yerləşmişdir. Mərkəzi otağın bir küncündə, bir hücrədə Həzrət Bəhaullahın mübarək cismi uyumaqdadır.

Bəhai Dininin Mühafizi kimi xidmət dövründə Şövqi Əfəndi – Həzrət Bəhaullahın nəticəsi – bu ən müqəddəs yerə yaraşan bir şəkildə gözəl bağlar salınmasını fikirləşmiş və həyata keçirmişdir. Mərkəzində Məqam və İmarət olmaqla, Şövqi Əfəndi geniş bir dairə içərisində, hər bir seqmenti müxtəlif forma və tərtibatda olan bağlar salmışdır. O, bu bağa beş qapı qoymuş, doqquz cığır çəkmiş, cığırları Qaliley dənizinin sahilindən gətirilmiş çaylaq daşları və sındırılmış dam örtüklərinin qırıqları ilə döşəmişdir.

 

Bu yerin mərkəzinə daxil olmaq əmin-amanlıq və dinclik dünyasına, qapanmadan mühafizə olunan divarsız müqəddəs bir yerə daxil olmaq deməkdir. Burada becərilən və dəqiq ölçülərlə salınmış bağlar tarixi binaların və əsrlərlə yaşı olan əncir ağacları və qədim zeytun meşəliyinin qalıqları ilə vəhdət təşkil edir.

Həzrət Bəhaullahın Məqamına giriş

Şövqi Əfəndinin vəfatından sonra, Həzrət Bəhaullahın Məqamının ətrafının gözəlləşdirilməsi barədə onun böyük planı davam etdirildi. Məqam və ətrafındakı bağlar, habelə Bəhci İmarəti 2008-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir.

Həzrət Bəhaullahın Məqamı ətrafındakı bağlar

bottom of page