top of page

Həzrət Şövqi Əfəndinin Süudu (Yüksəlmək-Vəfat) 

 

4 noyabr 1957-ci ildə Şövqi Əfəndi Londonda olarkən, qrip tutmasından sonra qəflətən vəfat etdi. Bu zaman onun 60 yaşı vardı. Beş gün sonra onun dəfn karvanı şəhərdən keçərək o zaman Londonun Böyük Şimal Qəbiristanlığı adlanan yerə yol aldı və Şövqi Əfəndinin cənazəsi orada torpağa tapşırıldı.

 

Növbəti il Şövqi Əfəndinin məzarı üzərində, Hayfada, parlaq ailə üzvlərinin uyuduqları yer üçün onun özünün seçdiyi ağ mərmərdən sadə bir sütun ucaldıldı. Sütunun başında qlobus vardır, onun üzərində Şövqi Əfəndinin Afrikaya və onun insanlarının ruhaniyyətinə olan məhəbbətinin rəmzi olaraq o qitənin konturları verilmişdir. Qlobusun üzərində isə Şövqi Əfəndinin öz otağında qoyduğu, realizminə və gözəlliyinə heyran olduğu bir yapon heykəltaraşının əsərinin reproduksiyası olan böyük və bürüncü qartal heykəli oturmuşdur.

 

Bu gün bu yer bütün dünyadan gələn ziyarətçilər üçün dua və meditasiya yeridir.

 

Şövqi Əfəndinin Londonda, Yeni Cənub qapısı Qəbirstanlığında (New Southgare Cemetery) Məzarı. Sütunun üzərində Həzrət Əbdül-Bəhanın Vəsiyyətnaməsində Şövqi Əfəndini təsvir edən sözləri yazılmışdır: “Baxın! O Qoşa Müqəddəs Ağacdan çıxmış mübarək və müqəddəs budaqdır. Xoş o kəsin halına ki, onun bütün bəşəri əhatə edən kölgəsində sığınacaq axtarır.”

Bəhai İcması 1957-1963-cü İllərdə

Bəhai Dininin Mühafizinin gözlənilməz vəfatı ilə sarsılmasına və Həzrət Bəhaullahın müəyyən etdiyi ali beynəlxalq idarəedici orqanın hələ seçilməməsinə baxmayaraq, dünya bəhailəri diqqətəlayiq bir şəkildə birliklərini və vahid diqqətlərini saxlamağa müvəffəq oldular.

 

Şövqi Əfəndinin vəfatından Ümumdünya Ədalət Evinin 1963-cü ildə Bəhai dininin idarəçiliyini öz üzərinə götürməsinə qədər beş il yarım üçün icmanın yeganə bir məqsədi vardı - Bəhai icmasının genişlənməsi və möhkəmlənməsi üçün Əmrin Mühafizinin planını yayınmadan həyata keçirmək. Bu məsələdə onları Şövqi Əfəndinin özünün yetişdirdiyi təcrübəli və sədaqətli inananlardan ibarət bir qurum istiqamətləndirdi. Həzrət Bəhaullah Öz zamanında, bir neçə görkəmli bəhaini “Allah Əmrinin Əlləri” təyin etmişdi. Onların rolu rəsmi olaraq Həzrət Əbdül-Bəhanın Vəsiyyətnaməsində müəyyən olunmuşdu. Orada O, Dinin təbliği və mühafizəsi də daxil olmaqla onların məsuliyyətlərini vurğulamış və aydınlaşdırmışdı. Həzrət Əbdül-Bəha yazırdı ki, Dinin Mühafizi gələcəkdə Allahın Əmrinin Əllərini təyin etməlidir.

 

Həyatının son altı ilində Şövqi Əfəndi 32 nəfər bəhaini Əmrin Əli kimi təyin etdi. O vəfat edəndə, onlardan 27-si yaşayırdı. Vəfatından, cəmisi bir neçə həftə öncə yazdığı müraciətdə Şövqi Əfəndi Allahın Əmrinin Əllərinə “Həzrət Bəhaullahın körpə Ümumdünya Federasiyasının (Commonwealth) Baş Bələdçiləri” adlandırdı.

 

Şövqi Əfəndinin vəfatından sonra, bu “Baş Bələdçilər” qərara aldılar ki, onlar Dinə rəhbərliyi həyata keçirməli və mümkün qədər sürətlə, Bəhai dünyasını Ümumdünya Ədalət Evini seçmək istiqamətində aparmalıdırlar. Bu, Milli Ruhani Məhfillərin və bütün dünya bəhailərinin tam razılığı və sədaqəti ilə qarşılandı. Əmrin məsuliyyətini müvəqqəti olaraq üzərlərinə götürən Əmrin Əlləri elan etdilər ki, Ümumdünya Ədalət Evinin seçkisi 1963-cü ildə baş verəcək.

 

Əmrin Əlləri Şövqi Əfəndinin 1953-cü ildə başlatdığı onillik planın hədəflərinə nail olmaqda bəhai icmasına kömək etdilər. Onların rəhbərliyi altında Şövqi Əfəndi vəfat edərkən sayı 26 olan Milli Ruhani Məhfillərin sayı birinci dəfə Ümumdünya Ədalət Evi seçiləndə 56-ya qalxdı.

 

Həzrət Əbdül-Bəhanın Öz vəsiyyətnaməsində gələcək Mühafizlərin təyin olunması üçün qoyduğu aydın meyara ciddi əməl edərək, Şövqi Əfəndi vəfat etdiyi vaxta qədər özünə xələf təyin etmədi. Onun uşağı yox idi; nə də Həzrət Bəhaullahın bilavasitə sağ kişi törəməsi olan, zəruri ruhani keyfiyyətlər göstərən və ya Əmrə sədaqətli qalan bir nəfər vardı. Şövqi Əfəndinin vəfatından sonra, Allahın Əmrinin bütün Əlləri Şövqi Əfəndinin özünə bir xələf təyin edən yazılı bir Vəsiyyətnamə tapmadıqlarını təsdiq edən sənədlər imzaladılar.

 

Şövqi Əfəndinin vəfatından bəri Bəhai dinində parçalanma yaratmaq üçün bir neçə cəhd olmuşdu, lakin Bəhai icmasının möhkəmliyi və birliyi elədir ki, bu cür səylər həmişə uğursuzluğa düçar olur. 1960-cı ildə, 80 yaşında, Əmrin Əllərindən ən yaşlısı olan Çarlz Meyson Remi iddia etdi ki, o, Şövqi Əfəndinin “irsi xələfidir”, lakin onun əsassız iddiası maraq oyatmadı. Əvvəllər cəlb etdiyi az bir qisim insan da ona məhəl qoymadı və o 1974-cü ildə öldü.

 

Bəhai Dininin başqa bir Mühafizinin ola biləcəyi və ya ola bilməyəcəyi barədə təsdiq, belə bir təyinat üçün Həzrət Əbdül-Bəhanın Vəsiyyətnaməsində qoyulmuş meyara uyğun olaraq ancaq Ümumdünya Ədalət Evinin səlahiyyətində idi. 1963-cü ildə seçilməsinin arxasınca, Ümumdünya Ədalət Evi elan etdi ki, Şövqi Əfəndidən sonra ikinci Mühafizi təyin etmək üçün və ya bu təyinatın mümkünlüyünə imkan verən heç bir yol tapmadılar.

 

Allahın Əmrinin Əllərinin sayəsində, Bəhai dini Şövqi Əfəndinin vəfatından sonrakı böhranlı illərdə birliyini saxladı və hifz olundu. Ümumdünya Ədalət Evi bu “Baş Bələdçilər” haqqında yazdı: “Bütün din tarixində, özlərinin ilahi ilhamlı rəhbərliyindən qəflətən məhrum olma faktı qarşısında qalan bir dinin yüksək rütbəli şəxslərinin bu cür özünüintizam, mütləq sədaqət və tam özündən imtinalarını əks etdirən heç bir nümunə yoxdur.”

bottom of page