top of page

Mərifət Vadisi

Mərifət Vadisi

 

Əgər aşiq Xaliqin köməyi ilə eşq şahininin dimdiyindən salamat qurtararsa, Mərifət ölkəsinə varid olar və şəkdən yəqinliyə yetişər, nəfsani istəklərin azdırıcı zülmətindən Allahdan çəkinməyin doğru yol göstərən nuruna qayıdar, bəsirət gözü açılar, öz həbibi ilə dərdləşməyə başlar, həqiqət və ehtiyac qapısını açıb məcaz qapılarını bağlar. Bu məqamda o, qəzavü-qədərlə razılaşar, müharibəni sülh bilər, fənada bəqanın mənalarını anlar, zahiri və batini gözü ilə xilqət üfüqlərində və bəndələrin nəfslərində qiyamətin sirlərini görər, ruhani könlü ilə intəhasız ilahi məzhərlərdə əbədi hikməti seyr edər. O, dəryada qətrəni görər və qətrədə dəryanın sirlərini müşahidə edər.

 

Hər hansı bir zərrənin ürəyini yarsan

Onun içərisində bir günəş görərsən.

 

Bu vadidə yolçu haqqın xilqətində mütləq baxımdan ziddiyyət və əkslik görməz və hər an söyləyər: "Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Gözünü qaldırıb səmaya bax: heç orada bir qüsur görə bilərsənmi?!» 

 

O, zülmdə ədalət görər və ədalətdə mərhəmət müşahidə edər; cəhalətdə elmlərin gizləndiyini görər və elmlərdə yüz minlərlə hikməti açıq-aşkar dərk edər; bədən və ehtiraslar qəfəsini sındıraraq, bəqa əhlinin özü ilə ünsiyyət bağlayar; mənəvi pillələrlə ucalaraq, mənalar səmasına tələsər; "Biz Öz əlamətlərimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində göstərərik" asimanında məskən salar və "onlara bəlli olsun ki, bu haqdır" dəryasında seyrə çıxar; zülm görsə, səbr edər və qəzəb görsə, mehribanlıq göstərər.

 

Belə nəql edirlər ki, bir aşiq uzun illər məşuqunun hicranından can verirdi və fəraq odunda yanıb əriyirdi. Eşqin şiddətindən ürəyində dözüm qalmamışdı və cismi ruhundan bezar olmuşdu. O, hicranda yaşamağı riyakarlıq sanırdı və dünya onu yandırıb-yaxırdı. Nə qədər günləri onun hicranından rahatlıq tapmamışdı, neçə-neçə gecələri onun dərdindən yata bilməmişdi. Bədəninin zəifliyindən bir aha bənzəyirdi, ürəyinin dərdindən vaya oxşayırdı. Onun vüsal şərbətini dadmaq üçün min can qurban verirdi, lakin bu, ona nəsib olmurdu. Təbiblər ona əlac etməkdə aciz qaldılar, munislər onunla ünsiyyətdən qaçdılar. Bəli, eşq xəstəsinə təbib çarə bilməz, yalnız sevgilinin inayəti ona kömək edər.

 

Xülasə, axırda onun dilək ağacı məyusluq meyvəsi verdi və ümidinin alovu söndü. Nəhayət, bir gecə canından bezib evdən bazara yollandı. Qəflətən bir gözətçi onu təqib etməyə başladı. O, qabaqda yüyürür, gözətçi də arxasınca qaçırdı. Axırı bütün gözətçilər ora yığışdılar və hər tərəfdən o qərarsızın yolunu bağladılar ki, qaça bilməsin. O yazıq ürəkdən nalə çəkir, o yan bu yana qaçır və öz-özünə deyirdi: "Bu gözətçi yəqin mənim Əzrailimdir ki, belə tələsik məni axtarır, ya da bu ölkənin Şəddadıdır ki, bəndələrə kin bəsləyir". Eşq oxundan yaralanmış o şəxsin ayaqları qaçır, ürəyi isə nalə çəkirdi. Nəhayət, o, bir bağın hasarına çatdı və min əzab-əziyyətlə hasara dırmaşdı. Hasar olduqca hündür idi. O, canından keçib özünü bağa atdı. Gördü ki, məşuqu əlində çıraq tutub itmiş üzüyünü axtarır. Elə ki, o vurğun aşiq öz dilbər məşuqunu gördü, ah çəkib əllərini dua üçün göyə qaldırdı və dedi: "Ay Allah, bu gözətçiyə şərəf ver, dövlət bəxş elə və onu əbədi yaşat! Bu gözətçi Cəbrail imiş ki, bu əlilə yol göstərdi, yaxud İsrafil imiş ki, bu zəlilə həyat verdi".

 

Həqiqətən də, onun dedikləri doğru idi. Çünki bəlli oldu ki, gözətçinin onun tərəfindən qəbul edilməyən zülmündə nə qədər ədalət var imiş və bu zülmün pərdəsi arxasında nə qədər mərhəmət gizlənibmiş. O, bircə qəzəbi ilə eşq səhrasında susuzluqdan yanan kəsi məşuqun dəryasına qovuşdurdu, hicran zülmətini vüsal nuru ilə işıqlandırdı, uzaqda qalan bir kəsə yaxınlıq bağçasında yer verdi, xəstə bir kəsə qəlb təbibinin yolunu göstərdi.

 

Əgər o aşiq işin axırını görsəydi, əvvəldən gözətçiyə mərhəmətlə yanaşar və ona dua edərdi və o zülmdə bir ədalət görərdi. O isə işin axırından xəbərsiz olduğu üçün əvvəldə nalə çəkməyə başlamış və şikayət etmişdi. Amma irfan bağçasının müsafirləri axırı əvvəldə sezdikləri üçün müharibədə sülh, qəzəbdə mehribanlıq görürlər. Bu vadi əhlinin məqamı belədir. Həmin vadidən yuxarıdakı vadilərin əhli isə əvvəli və axırı bir görürlər, bəlkə də nə əvvəli görürlər, nə də axırı – əvvəlsiz və axırsız görürlər. Yaşıl bağçada sakin olan bəqa şəhərinin əhalisi isə əvvəlsiz və axırsız da görmürlər, əksinə, onlar əvvəllərdən qaçır, axırları rədd edirlər. Çünki onlar adlar aləmlərini arxada qoymuş, sifətlər aləmlərindən şimşək kimi ötüb keçmişlər. Necə ki, buyurur: "Ən kamil tövhid – Ona aid edilən bütün sifətləri rədd etməkdir". Onlar Zatın kölgəsində məskən salmışlar.

 

Xacə Abdullah - Allah-Taala onun əziz ruhunu daha da müqəddəsləşdirsin! - "İhdina-s-sirat əl-müstəqim" ayəsinin mənası barədə bu baxımdan incə bir izah və bitkin bir kəlam söyləmişdir. O da budur: "Bizə doğru yol göstər", yəni Öz Zatının məhəbbəti ilə şərəfləndir, qoy biz özümüzə və Səndən başqalarına diqqət yetirməkdən azad olub bütünlüklə Sənə bağlanaq: Səndən başqa bir şey bilməyək, Səndən başqa bir şey görməyək və Səndən başqa bir şey barədə düşünməyək.

 

Lakin onlar bu məqamdan da yüksəyə qalxırlar. Necə ki, buyurur: «Məhəbbət də sevənlə Sevilən arasında bir pərdədir». Bundan artıq söyləməyimə icazə yoxdur. Bu zaman mərifət sübhü açıldı və səfər və səyahət çıraqları söndü.

 

Musanın xəyalı bütün o nuruna və gücünə baxmayaraq

Ondan məhrum qaldı; sən də qanadsız uçma!

 

Əgər sən sirr və ehtiyat əhlisənsə, övliyaların hümmət qanadları ilə pərvaz elə ki, Yarın sirlərini görəsən və Məhbubun nurlarına yetişəsən. «Biz Allahdanıq və Ona doğru qayıdacağıq».

bottom of page